"Qısa müddətdə müharibəyə bazlamalıyıq"

img

26-02-2012 [04:20]


[b]Qüdrət Həsənquliyev: "Azərbaycandakı bütün siyasi qüvvələr iqtidardan tələb eləməlidir ki, torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlara başlasın" [/b] Bu il Xocalı soyqırımının 20-ci ili tamam olur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə həm ölkə daxilində, həm də beynəlxalq arenada Xocalı faciəsinin tanıdılması baxımından xeyli işlər görülüb. Müsahibə verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də görülən işləri təqdir edir. - Son vaxtlar Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı məsələyə xüsusi diqqət yetirir. Bu fəaliyyətin müsbət nəticələri göz önündədir. Bir neçə ölkənin parlamenti Xocalı faciəsini soyqırım kimi tanıyıblar, bəzi ölkələrin parlamentlərində müvafiq komitələr bu barədə qərar qəbul ediblər. Bundan əlavə, müxtəlif ölkələrin paytaxtlarında sərgilər, tədbirlər, konfranslar keçirilib. Bütün bunlar normal işlərdir, amma bundan daha artığını da eləmək olar. 20 illiyin də həm Azərbaycanda, həm də Türkiyədə anılması dünyanın diqqətini bir daha bu faciəyə yönəldir. - Amma bu faciənin 20 illiyi ərəfəsində bir qrup ziyalımız erməni ziyalıları ilə görüşdü, üç deputatımız isə Ermənistana səfər etdi. Bu məsələyə münasibətiniz necədir? - Cümə günü parlamentin Xocalı soyqırımına həsr olunmuş iclasında bu məsələyə kəskin etirazımı bildirdim. Bizim partiya da, mən özüm də zaman-zaman bildirmişəm ki, torpağımızı işğal etmiş dövlətlə hər hansı formada əməkdaşlığımız olmamalıdır. Bizə lazım idimi ki, Azərbaycanın üç millət vəkilini orada cinayətkar kimi təcridxanaya salsınlar? Əgər söhbət ondan gedirsə ki, guya gedib İrəvanda hansısa fikir söyləyiblər, həmin fikirləri beynəlxalq təşktilatların tribunalarından demək də olardı. Biz dünyaya başa salmalı, qəbul etdirməliyik ki, torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən dövlətlə bizi əməkdaşlığa sövq edə bilməzsiniz. Birinci növbədə rəsmilər səviyyəsində danışıqlar aparılmalıdır. Sülh sazişi imzalanandan sonra nə ermənilər, nə də biz burdan köçüb gedən deyilik, ondan sonra mədəni əlaqələr, iqtisadi və siyasi münasibətlər də qurulacaq. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan sonra hətta bir dövlətin də tərkibində olduq, əməkdaşlıq da elədik. O vaxt xalqlarımız da yaxın idi, gedib-gəlirdik və s. Amma bu gün belə bir əməkdaşlıq Ermənistanın arzusuna uyğun olaraq, beynəlxalq təşkilatlar tərəfindən addım-addım qəbul etdirilir. - Bu görüşlərin Xocalı soyqırımı ərəfəsində olması bir təsadüf idi, yoxsa kimlərinsə planıdır? - Bu, böyük dövlətlərin planlaşdırdığı bir işdir. Görürsünüz ki, münaqişəni bir tərəfdən uzadırlar, digər tərəfdən isə BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edir ki, Azərbaycan torpaqları işğal olnub və qeyd-şərtsiz azad olunmalı, köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Eyni zamanda həmin qərarı qəbul edən qurumun əsas üzvləri işğalçı dövlətə yardım edirlər, hətta Türkiyəyə Ermənistanla sərhədləri açması üçün təzyiq göstərirlər. Mən parlamentin iclasında da dedim ki, təzyiq edən dövlətlər gözəl başa düşürlər ki, Türkiyə ilə Ermənistanın sərhədlərinin bağlı qalması Ermənistan üçün heç bir ciddi iqtisadi məhrumiyyət yaratmır. Ona görə ki, hava əlaqəsi mövcuddur, hər gün təyyarələr uçur, Gürcüstan üzərindən ticarət dövriyyəsi var. Artıq bu dövriyyənin həcmi 300 milyona çatıb, iş adamları gedib gəlirlər. On minlərlə Ermənistan vətəndaşı Türkiyədə işləyib öz ailəsinə pul göndərir, türk şirkətləri Ermənistanda nümayəndəliklərini açıblar və s. Yəni, sərhəddin bağlı qalması həm beynəlxalq hüquqa hörmət əlamətidir, həm də Azərbaycana verilən mənəvi-siyasi dəstəkdir. Onlar hətta Azərbaycanı bu dəstəkdən də məhrum eləmək istəyirlər ki, ölkəmizi tam təkləsinlər, psixoloji baxımdan sındırsınlar, güzəştə getməyə, öz torpaqlarımızdan imtinaya məcbur etsinlər. Biz də bunu hiddətlə qarşılamalıyıq. Hətta bu istiqamətdə azacıq da olsa, geri çəkilməməliyik. Amma "Azadlıq" qəzetində bu yöndə olan təklifləri alqışlayan yazı dərc olunmuşdu. Mən bilirəm ki, bu yazıların çoxunu Əli Kərimli özü yazır. Mən çox kəskin etirazımı bildirdim ki, daxili mübarizədə xarici dəstək qazanmaq üçün Qarabağın taleyi ilə oynamaq, hər şeyi hakimiyyət uğrunda mübarizəyə qurban vermək olmaz. Müxlifətin də bir hissəsi bilir ki, beynəlxaq birlik müharibəni xoşlamır. Ona görə də bütün fəaliyyətləri boyu deyirlər ki, Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıyıq. Guya demokratik qüvvələr hakimiyyətə gəlsə, münaqişə dinc yolla həll olunacaq. Amma mən hesab edirəm ki, bunların hamısı qeyri-ciddi açıqlamalardır. Hakimiyyət də buna əsaslanaraq, məsələnin dinc yolla həllinin tərəfdarı kimi çıxış edir. Ona görə də hesab edirəm ki, biz peşəkar ordu qurmalı və qısa müddətdə müharibəyə başlamalıyıq. Çünki münaqişə uzandıqca xalqımız bu itki ilə barışır. - Ancaq bəziləri münaqişənin uzadılmasının bizə də müəyyən qədər xeyir verəcəyini iddia edirlər... - Bu münaqişəni uzatmaqla o torpaqları bizdən ayırırlar. Kimlərsə deyir ki, zaman bizim xeyrimizə işləyir, amma mən bu fikirlə qətiyyən razı deyiləm. Ona görə də düşünürəm ki, Azərbaycandakı bütün siyasi qüvvələr iqtidardan tələb eləməlidir ki, torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlara başlasın. Bu məsələdə mənim Türkiyədən də gözləntilərim böyükdür. Türkiyə böyük dövlətdir, ?ATO-nun üzvüdür. Hesab edirəm ki, Türkiyə bölgədə bu qədər qorxaq siyasət yürütməməlidir. Türkiyə kimi böyük dövlətin gözü qarşısında torpaqlarımız işğal olundu, amma bizə əhəmiyyətli dəstək verə bilmədi. Etdikləri yalnız Kəlbəcərin işğalından sonra sərhədlərin bağlanması oldu ki, onun da ciddi əhəmiyyəti yoxdur. Türkiyə ilə bizim aramızda hərbi əməkdaşlıq var. Hər dəfə biz müharibə bəyanatı verəndə, bir rus generalı da çıxıb deyir ki, biz Ermənistana dəstək verəcəyik. Belə olan təqdirdə bir türk generalı da bəyan eləməlidir ki, əgər Azərbaycan öz ərazisini azad etmək istəyərsə və bu müharibəyə üçüncü bir dövlət qatılarsa, Türkiyə seyrçi qalmayacaq. Birincisi, ortada saziş var. İkincisi, bu həm də BMT-nin qətnaməsinə uyğundur. Belə olanda ermənilər də ciddi düşünməli olacaq ki, Rusiya kənardadır, amma Türkiyə çox yaxındadır. Yəni, mənim qardaş ölkə kimi Türkiyədən umacaqlarım çoxdur. - Siz müharibə ilə bağlı parlamentdə təşəbbüs qaldıranda iqtidaryönlü deputatların mövqeyi necə oldu? Yenə də əvvəlki kimi gözləmə mövqeyindədirlər, yoxsa əhval-ruhiyyədə dəyişiklik var? - Onların arasında yekcins mövqe yoxdur. Adlarını çəkmək istəmirəm, oradakı bir qrup adam düşünür ki, münaqişənin bundan sonra uzanması, danışıqların daha 20 il davam etməsi absurddur. Eyni zamanda Azərbaycan öz torpaqlarının azad edilməsi istiqamətində diplomatik sahədə də çox çevik olmalıdır. Minsk Qrupunun vasitəçilik missiyası özünü doğrultmursa, deməli, ölkə çalışmalıdır ki, torpaqlarını işğaldan azad eləmək üçün başqa variantlar tapsın. Amma buna paralel olaraq, peşəkar ordu qurmalıyıq. O peşəkar orduyla da torpaqlarımızı azad edəndə az itki verəcəyik. Bundan başqa, bu gün erməni ordusunda elə proseslər gedib ki, psixoloji baxmından ciddi problemlər yaranıb. Artıq Yerevandan gələn gənc Qarabağda savaşıb ölmək istəmir. Bu psixoloji durumu da nəzərə almalıyıq. Onu da nəzərə almalıyıq ki, Ermənistan artıq demokratikləşmə yolunu tutur. Orda hökumət koalision əsasda qurulub, parlament bir neçə partiya tərəfindən ibarətdir. Gələcəkdə Ermənistan daha da demokratikləşdikdən, qanunun aliliyi təmin olunduqdan sonra ordudakı neqativ təzahürlər də aradan qalxacaq. Belə olanda demokratik dövlət imici ilə xaricdən daha ciddi dəstək alacaqlar və orduda daha güclü olacaqlar. Onda da bizim torpaqlarımızı azad etməyimiz daha çətinləşəcək. Bu faktorları da nəzərə almalıyıq. Paralel olaraq, Azərbaycanda demokratik islahatlar da genişləndirilməlidir. Həm də torpaqların azad olunması yolunda itkilərdən qorxmamalıyıq. - Amma bəzən o fikirlər də səslənir ki, xalq müharibə istəmir... - Dünyanın heç bir yerində insanlar könüllü vuruşmurlar. Məgər 41-45-ci illərdə Azərbaycanın ən ucqar kəndlərindən döyüşə könüllü gedirdilər? Hərbi komissarlıq çağırırdı, deyirdi ki, vətən qarşısında borcundur, getməlisən. Dövlət var, dövlətin strukturları var, bəzi hallarda vətəndaşı məcbur edir ki, vətəni qorumaq sənin konstitusion borcundur. Torpağını azad etmək istəyirsənsə, itkidən qorxmamalısan. Xalqı da buna hazırlamalıyıq. Bütün siyasi partiyaları da bu istiqamətdə fəaliyyət göstərməyə çağırıram. - Qüdrət bəy, son dövrlər İranla bağlı gərginlik yaranıb. Hazırda İran televiziyalarında təbliğat gedir ki, Azərbaycanda iranlı sürücülərə qarşı təzyiqlər var. Sizcə, bunu bəhanə edən İran rəsmiləri ?axçıvanla nəqliyyat əlaqəsinə problem yarada bilərmi? - Bu problem əvvəldən var idi. Bildiyiniz kimi, İran tərəfi Bakıda terror törətmək istəyirdi, onun qarşısı alındı. Bundan başqa, İran açıq-aşkar burada siyasiləşmiş dindarlara dəstək verir, onları müdafiə edir. "Səhər" telekanal vasitəsi ilə Azərbaycna qarşı sistemli təbliğat aparırlar. Yəni, bütün bunlar son vaxtlar İranın etdikləridir. Amma bundan öncə də mən dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, İrandakı fars-molla rejimi ?axçıvana gedən insanları incidir. Bəzən insanları 6 saat sərhəddə saxlayırlar, buna etirazını bildirənləri isə təhqir edirlər. İran təkcə bu gün deyil, neçə illərdir azərbaycanlılara zülm edir. Sadəcə olaraq, indi həmin zülm bir qədər də şiddətlənib. Amma Azərbaycanın İrana ciddi təsir imakanarı var, o da bizim oradakı 30 milyonluq soydaşlırımızdır. Təbrizdə böyük bir Milli Azadlıq Hərəkatı var. Bu gün Təbrizdə farsca danışmırlar, bildiyimə görə, gənclər farsca danışanları döyürlər, onlara xəyanətkar kimi baxırlar. Azərbaycan hökuməti çəkinmədən beynəlxalq birlik qarşısında onların hüquqlarını müdafiə eləməlidir. Onlar isə İran hökumətindən tələb eləməlidirlər ki, Ermənistanla əlaqələrinə yenidən baxsınlar. İndi neft-qaz kəməri, dəmir yolu çəkirlər, neftayırma zavodu tikmək istəyirlər. Biz çalışmalıyıq ki, ordakı azrbaycanlıların vasitəsi ilə İranın siyasətinə təsir edək. Digər tərəfdən, biz İslam ölkələri təşkilatı müstəvisində bütün İslam ölkələrinin qınağını İrana çevirməliyik. - İranın heç nədən çəkinməyən bir dövlət imici var. Bu mənada "Eurovision" ərəfəsində Azərbaycanda terror aktı törədilə bilərmi? - Hesab edirəm ki, Azərbaycanın güc strukturları ölkəyə kifayət qədər nəzarət edə bilirlər. Son hadisələr də bunu göstərdi. Əgər belə bir təxribat baş tutarsa, güman eləmirəm ki, İran bundan udmuş olar. Bu, İrana qarşı olan beynəlxalq hiddəti bir az da artırar və fars-molla rejimini çox böyük təhlükə ilə üz-üzə qoyar. Amma ümid edirəm ki, xüsusi xidmət orqanları da, əhali də Bakıda bir İran vətəndaşı görürsə, onun fəaliyyətinə nəzər yetirməli, təhlükəli nəsə bir şey hiss edərsə, dərhal xüsusi xidmət orqanlarına məlumat verilməlidir. Çox təəssüf ki, bizdə insanlar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq eləmək istəmirlər, bəzən buna pis baxırlar. İnsanlarımız ayıq olsalar, hüquq-mühafizə orqanları isə fəaliyyətlərini gücləndirsələr, heç bir terror hadisəsi baş verməz. Mən həmişə demişəm ki, dövlət öncə vətəndaşın təhlükəsizliyini tam təmin eləməlidir, sonra onun sosial-rifah halını yaxşılaşdırılması yönündə iş görə bilər. Hələ də anlaya bilmirəm ki, nəyə görə bizim hökumətimiz yolların çəkilməsinə, binalara üzlük daşı vurulmasına milyonlarla pul ayırır, amma təhlükəsizlik məsələlərini arxa plana keçirir. Hər binanın qarşısına təhlükəsizlik kameraları qurulmalıdır. Bir neçə il bundan əvvəl Londonda 4,5 milyon təhlükəsizlik kameraları quraşdırılmışdı. Bu da cinayətkarlığın qarşısını alır. Azərbaycanda da "Eurovision"a qədər bu istiqamətdə çox böyük işlər görmək lazımdır. - Hökumətdən söz düşmüşkən. Bir-iki həftə sonra hökumət Milli Məclis qarşısında hesabat verəcək. Siz hökumətin fəaliyyətini necə qiymətləndirirsiniz? - Mən hər zaman hökumətin fəaliyyətini qeyri-qənaətbəxş saymışam. Özümü bu gün də haqlı sayıram. Hesab edirəm ki, ölkəyə böyük neft pulları gəlir və böyük işlər də görülür. Amma düşünürəm ki, həmin vəsait hesabına daha faydalı işlər görmək olardı. Pensiyaları, maaşları artırmaq, batmış əmanətləri qaytarmaq, ipoteka kreditlərinin həcmini yüksəltmək mümkün idi. Mən hökumətin elan etdiyi rəqəmi deyirəm, orta aylıq əməkhaqqı 350 manatdır, deməli, vətəndaşlarımızın böyük əksəriyyəti aldığı əməkhaqqı ilə mənzil ala bilməz. Belə olduqda, hökumətin fəaliyyətini necə müsbət qiymətləndirə bilərəm? Ona görə də düşünürəm ki, hökumətin fəaliyyəti qeyri-qənaətbəxş sayılmalıdır. #601;kdir. Onlar h#601;y#305;#601;t b#601;y#601;kilm#601; olduqda, h

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA