irəvanda Fərəc Quliyevdən Sarkisyana sərt cavab

img

24-02-2012 [11:24]


22 fevral 2012-ci il tarixində İrəvanda Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin iclasından öncə Ermənistan prezidenti Serj Sarkisyanla komitə üzvlərinin görüşü keçirilib. Görüşdə 12 Avropa dövlətindən nümayəndələri iştirak edib. Görüş zamanı Fərəc Quliyev prezident S.Sarkisyanın Qarabağ məsələsinə özünəməxsus münasibətinə, Azərbaycan dövləti və hakimiyyətini beynəlxalq normalara əməl etməmək iddialarına sərt cavab verib. Onun çıxışın mətnini olduğu kimi təqdim edirik: ?Cənab Prezident, əvvəla onu bildirim ki, sizin dediklərinizin əksinə olaraq, Azərbaycan Respublikası BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edildiyi və Ermənistan Silahlı Qüvvələrinin DQ da daxil olmaqla Azərbaycan ərazisindən tam çıxarıldığı halda, DQ-da yaşayan, etnik kökəncə erməni olan öz vətəndaşları ilə birbaşa danışıqlara və onların bütün hüquqlarını müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Həm də ATƏT-in Minsk qrupunun ilkin mandatına görə keçmiş DQMV-nin inzibati ərazisindən kənar ərazilər işğaldan azad edilməmiş DQ-nin status məsələsi müzakirə edilə bilməz. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır. Münaqişənin həlli Azərbaycan ərazilərinin qanunsuz işğalına son verilməsinə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına, məcburi köçkünlərin öz evlərinə qayıtmasına və azərbaycanlılarla ermənilərin Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda dinc şəraitdə yaşamasına əsaslanmalıdır. Azərbaycan ATƏT-in hərtərəfli, kooperativ və bölünməz təhlükəsizlik konsepsiyasını dəstəkləyir və hesab edir ki, bütün münaqişə tərəfləri beynəlxalq hüquqa hörmət etməli, siyasi məsələlərdə razılığın olmaması beynəlxalq hüquqa hörmətsizlik üçün bəhanə kimi istifadə edilməməlidir. İkinci, təklif edirəm ki, AB Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü ələ alsın, eyni zamanda Cənubi Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün aydın ?yol xəritəsi? versin, bunun üçün AB-nin himayəsi altında yeni beynəlxalq konfransın çağırılması təmin olunsun. Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Cənubi Qafqazda əməkdaşlığın real zəmini üçün münaqişələrin həlli məqsədi ilə yol xəritəsi və formatlar təklif olunsun. Münaqişə bölgəsində vəziyyətə və münaqişələrə beynəlxalq birliyin obyektiv qiymət verməsinə çalışılsın. Bu məsələyə də münasibətinizi bilmək istərdik?. Günün ikinci yarısında komitənin iclası işinə başlayıb. F. Quliyev müzakirə olunan məruzə layihəsi ilə bağlı aşağıdakı təklifi təqdim edib: ?Hörmətli parlamentarilər, mən müzakirə olunan sənədə yeni bir bəndin də əlavə olunmasını təklif edirəm. Sənəddə göstərilsin ki,? bölgədəki münaqişələr Cənubi Qafqazda real əməkdaşlıq imkanlarını əngəlləyir. Münaqişələrin həlli prosesində AB aktiv siyasət aparmalı, ilk növbədə ittifaqın Şərq Tərfdaşlığında iştirak edən ölkələrin əməkdaşlığına süni əngəlləri aradan qaldırmaq üçün təşəbbüsü üzərinə götürməlidir.? AB Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü üzərinə götürmədən, mövcud formatlarla vəziyyəti yaxşıya dəyişmək çətin olacaq. Çünki, həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. İkincisi, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis olunub. AB Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü ələ almalı, eyni zamanda Cənubi Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün aydın ?yol xəritəsi? verməlidir. Cənubi Qafqaz əhalisi də görünən gələcəkdə azad, demokratik və zəngin bölgədə sosial rifah içində yaşayacaqlarını görməlidir. Təklif edirəm ki, bunun üçün AB-nin himayəsi altında yeni beynəlxalq konfransın çağırılması təmin olunsun. Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən cənubi Qafqazda əməkdaşlığın real zəmini üçün münaqişələrin həlli məqsədi ilə yol xəritəsi və formatlar təklif olunsun. Münaqişə bölgəsində vəziyyətə və münaqişələrə beynəlxalq birliyin obyektiv qiymət verməsinə çalışılsın. AB müşahidəçi və əldə olunacaq razılaşmaların beynəlxalq təminatçıları kimi iştirak edə biləcəyinə prinsipcə razılığını bildirsin. AB və BMT arasında sıx əməkdaşlıq transmilli təhlükələrin qarşısını almaq üçün möhkəm birlik yaradar. Eyni zamanda , AB yeni format daxilində münaqişə tərəfləri ilə münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinin başladılmasına nail olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA