ADP idarə heyətinin toplantısı keçirilib

img

13-02-2012 [05:17]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantıda ilk növbədə ATƏT-in fəaliyyətdə olan sədri İrlandiyanın xarici işlər naziri İmon Gilmorun BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı ATƏT ərazisində olan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin uzunmüddətli həllində İrlandiya modelinin tətbiq edilməsi təşəbbüsü müzakirə olunub. Müzakirələrdə qeyd edilib ki, Şimali İrlandiya İrlandiya dövlətinin ərazisidir, İngiltərə isə özünün suverenliyini o ərazidə saxlayır və həmin ərazinin İrlandiyaya birləşməsinin əleyhinə çıxır. Bu konteksdən Qarabağ probleminə yanaşsaq onda belə çıxır ki, Qarabağ Ermənistan ərazisidir amma Azərbaycan onu nəzarəti altında saxlayır. Bu baxımdan ATƏT sədrinin bu təşəbbüsü qətiyyətlə pislənilib və onun bu mövqeyi Dağlıq Qarabağ problemini yaxından bilməməsi ilə əlaqələndirilib. Eyni zamanda bir daha qeyd edilib ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunduğundan beynəlxalq hüquq normalarına görə işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və işğalçı tərəf olan Ermənistanın isə işğalın nəticələrindən bəhrələnməsinə yol verilməməlidir. İdarə Heyətində Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun ötən həftə ABŞ-a səfəri zamanı bütün dünyada, o cümlədən təmsil etdiyi regionda demokratiyanın təhlükəsizlik kimi maraqlara qurban verilməməsi və demokratiyanın prinsipial olaraq dəstəklənməsi ilə bağlı ABŞ-a və beynəlxalq aləmə ünvanlanan çağırışını təqdir edilmiş və qlobal iqtisadi böhranın təsiri altında inqilabi proseslərdən qaçmaq uçun beynəlxalq ictimaiyyətin demokratik proseslərə yardımçı olmasının vacibliyi bir daha qeyd edilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səfəri də İdarə Heyətinin müzakirə etdiyi məsələlər sırasında yer alıb. İdarə Heyəti iki ölkə arasında hərbi əməkdaşlığa xidmət edən bu səfəri yüksək qiymətləndirib və Türkiyə-Azərbaycan strateji əməkdaşlığının yeni müstəviyə çıxarılmasının vacibliyini qeyd edib. İdarə Heyəti ötən həftə Fransa parlamentarilərinin Azərbaycana səfəri və bu səfər zamanı gec də olsa, ölkə başçısının və onun xanımının Fransa senatında ?erməni soyqırımı?nı inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanunun qəbul olunmasına etiraz əlaməti ilə bağlı açıq mövqe ortaya qoymasını təqdir etmiş və eyni zamanda Azərbaycan hökumətini davamlı olaraq bu istiqamətdə bütün vasitə və imkanlardan istifadə etməyə çağırıb. İdarə Heyətində orduda əsgərlər arasında son vaxtlar baş verən ölüm hadisələri də müzakirə olunmuş bu hadisələrdən dolayı narahatçılıq ifadə edilmiş və gənclərin əsgərliyə göndərilməsi və əsgərlikdə olduqları zaman onlar üzərində ciddi tibbi nəzarətin yaradılmasının vacibliyi qeyd edilib. İdarə Heyəti ADP sədrinin ümumi məsələlər üzrə müavini Zakir Hüseynovun son günlər yaşadığı ərazidə qarlı hava şəraiti ilə bağlı yaranmış sosial problemlər, o cümlədən elektrik enerjisinin verilməməsi ilə bağlı insanların etirazını təşkil etdiyinə görə naməlum şəxslər tərəfindən anonim zənglərlə təhdid edilməsini qətiyyətlə pisləyib və bu barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət edilməsi qərara alınıb. Sonda Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti hörmətli professor və dəyərli ziyalımız Rafiq Əliyevi 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: Hörmətli Rafiq müəllim! Sizi - xalqımızın dəyərli oğlunu anadan olmağınızın 70 illiyi münasibətilə təbrik edirik. Siz Azərbaycan elmini dünyada təmsil edən nadir şəxsiyyətlərdənsiniz. Eyni zamanda xalqımız Sizi müasir idarəetmə sistemləri üzrə milli elmi məktəbin yaranması və inkişafında, gənc nəslin təlim və tərbiyyəsində ciddi fəaliyyəti olan vətənpərvər bir alim kimi tanıyır. Hər bir xalqın ən çox ehtiyac duyduğu, kritik məqamlarda xalqının önündə olan, şəxsi maraqlarını milli maraqlara qurban verməyi bacaran əsil ziyalı haqqında danışılanda da ən çox Rafiq Əliyev şəxsiyyəti gözümüzün qarşısında canlanır. Siz həmçinin yüksək əxlaqınız, mədəniyyətiniz və fədakarlığınızla hamımıza bir örnəksiniz. Azərbaycan xalqının sonuncu yüzillikdə əxlaq və ləyaqət etalonu kimi qəbul etdiyi nadir şəxsiyyətlərdən biri olan mərhum kristalloqraf alimimiz Xudu Məmmədovla bir nəsildən olmağınızı məmmuniyyətlə xatırlayaraq, malik olduğunuz əsil vətəndaş və ziyalı mövqeyinizin həm də irsən gəldiyini qeyd etməyi vacib hesab edirik. Əziz Rafiq müəllim! Bir daha sizi, Azərbaycan Demokrat Partiyasının üzvləri və tərəfdarları adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və elmi, ictimai fəaliyyətinizdə böyük uğurlar arzu edirik. Hörmətlə, Sərdar Cəlaloğlu və ADP İdarə Heyətinin üzvləri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA