07-12-2011 [07:11]
[b]Qurban Məmmədov korrupsiya və rüşvətxorluğa görə sıralama apardı; birinci yerdə Dövlət Reyestr Xidməti, ikinci yerdə isə məhkəmələrdir [/b]
Dünyada korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşan ən nüfuzlu təşkilat "Transparency İnternational" dekabrın 1-də bu sahədəki vəziyyətə dair illik hesabatını yayıb. "Transparency İnternational"ın hesabatında Qafqazın ən korrupsiyalaşmış ölkəsi kimi Azərbaycan göstərilir. Belə anlaşılır ki, hökumətin ilin əvvəlində başladığı anti-korrupsiya tədbirlərinin heç bir müsbət nəticəsi olmayıb.
Tanınmış hüquqşünas Qurban Məmmədov isə deyib ki, sözügedən təşkilatın hesabatı ilə razılaşmır. Onun sözlərinə görə, əgər dəqiq araşdırma aparılsa, korrupsiyaya görə Azərbaycan ilk beşliyə düşər: "Azərbaycanda korrupsiya ona görə dərinləşir, genişlənir ki, ölkədə normal seçki mühiti yoxdur və hakimiyyət seçki ilə formalaşmır. İnsan bir vəzifədə uzun müddət qalanda şəxsi münasibətlər yaranır, cinayətkar qruplar peyda olur, həmin qruplar maxinasiya və korrupsiya əlaqələrinə girirlər. ?ə qədər ki, bizdə seçki olmayıb, seçki adı altında şou keçiriləcək, nəticədə formalaşan hakimiyyətdə hansısa cinayətkar qruplar təmsil olunacaq, orda korrupsiyanın yığışdırılmasından söhbət gedə bilməz.
Bildiyiniz kimi, hakimiyyətdəki bəzi qruplar cinayətkar şəbəkə yaradıblar. Ağına-bozuna baxmadan Azərbaycanı talan edirlər. Azərbaycan xalqı isə kölə vəziyyətindədir, öz haqqını tələb edə bilmir. Bundan da hakimiyyətdəkilər çox məharətlə istifadə edirlər. Beləliklə, ölkəmiz korrupsiya siyahılarında ön yerləri tutur. Ona görə də gərək xalqımız bir qədər fəal ola, seçkidə iştirak edə, cinayətkar əlaqələrin yaranmasına imkan verməyə, yaxud da yaranmış əlaqələri sındıra".
Hakimiyyətin anti-korrupsiya tədbirlərinin nəticəsiz olmasına gəlincə, Q.Məmmədov bildirdi ki, hakimiyyət nümayəndələrinin korrupsiyaya qurşanıb ona qarşı mübarizə aparmalarını deməsi utancvericidir: "Hakimiyyətin yüksək müstəvilərində korrupsiyaya qarşı mübarizədən danışırlar, amma sözün həqiqi mənasında mübarizə aparan yoxdur. Məsələn, mən dəfələrlə demişəm ki, Reyestr Xidmətində korrupsiya və rüşvətxorluq halları baş alıb gedir. Bildirmişəm ki, əgər kim buna son qoymaq istəyirsə, mənim iştirakımla bir komissiya yaratsın, insanlardan necə rüşvət alındığını üzə çıxarım, amma hər hansı cavab olmadı.
İlin əvvəlində korrupsiyaya qarşı mübarizə elan edildi, amma onun da ömrü üç ay oldu. Bu da onunla bağlı idi ki, Azərbaycan hakimiyyəti rüşvət üstündə qurulub. Rüşvət bu hakimiyyətin sementidir. Bu sement aradan qalxsa, hakimiyyət keyfiyyətsiz bina kimi çökər. Ona görə də korrupsiyaya qarşı mübarizə həqiqi niyyətlə aparılmamışdı. Sadəcə, ərəb inqilablarından qorxan hakimiyyət mənsubları hesab elədilər ki, birdən Azərbaycan xalqı da ərəblər kimi ayılar, insan kimi yaşamaq fikrinə düşər, öz haqlarını qoruyar, müstəqil məhkəmə istəyərlər. Amma hakimiyyət sonra gördü ki, bu xalqda təpər yoxdur, ona görə də korrupsiya siyasətini daha da artırmağa başladı".
Müsahibimiz Azərbaycanın əksər dövlət strukturlarının korrupsiyalaşdığını vurğulayıb. O, korrupsiya və rüşvət mexanizminin şəbəkə xarakteri daşıdığını da deyib və korrupsiyaya qurşanmış dövlət qurumlarını sıralayıb: "Korrupsiyaya uğramış dövlət orqanları arasında birinci sırada Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Əmlak Hüquqlarının qeydə alınmasının Dövlət Reyestr Xidməti və onun ərazi təşkilşatlarıdır. Xüsusiylə də Reyestr Xidmətinin Bakı ərazi təşkilatında - hansı ki, orda ?igar Quliyeva adlı qadın var, - pulu açıq-aşkar alırlar. Özü də pulu Heydər Əliyev Fondu adından alırlar. Bu gün ?ərimanov Rayon Məhkəməsində yüzlərlə icra olunmayan məhkəmə qətnaməsi var. Əmlak məsələləri ilə bağlı vətəndaşların heç bir hüququ təmin olunmur. Yəni, ?ərimanov Rayon Məhkəməsi yalnız Reyestr Xidmətinə işləyir. Reyestr Xidmətində isə pul almadan bir damla mürəkkəb işlədib, hansısa sənədə qol çəkmirlər".
Q.Məmmədov deyib ki, rüşvət və korrupsiyaya görə ikinci sırada məhkəmələrdir. Onun sözlərinə görə, məhkəmələr ədaləti təmin edən bir orqan yox, bazar kimi fəaliyyət göstərir: "Azərbaycan məhkəmələrində haqqı-ədaləti pulla satın olmaq mümkündür. Ona görə də belə bir orqana bazardan başqa ad vermək olmaz. Hətta vəziyyət o yerdədir ki, burda bazar qaydaları da işləmir. Eyni işə görə bir məhkəmə 10 min alırsa, başqa məhkəmə 20 min istəyir.
Azərbaycan məhkəmələri südsağan maşınlar kimidir, 4 sovuran qolu var. ?ecə ki, inəyi sağırlar, bu məhkəmələr də elə. Yəni, birinci instansiya rayon məhkəmələri, sonra Apellyasiya Məhkəməsi, daha sonra Ali Məhkəmədir. Dördüncü isə iş apellyasiyaya yenidən qayıdanda başlayır. Azərbaycanda işlərin 80 faizi ən azı iki dəfə Ali Məhkəmədən qayıdır. Sual olunur, bir məsələyə iki cür qərar necə verilir? Əgər belə bir qanunsuzluq varsa, deməli, hakimlərimiz yerində deyil. Belə çıxır ki, 80 faiz işə qanunsuz baxırlar. Məhkəmələrdə gedən proses isə, sadəcə, bir imitasiyadır. Halbuki iki-üç gün qabaq hakimlərə məruzə edilir, pul çatdırılır və veriləcək qərar da müəyyənləşdirilir. Aparılan prosesi isə sonu bəlli olan tamaşadan başqa bir şey olmur".
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda korrupsiyalaşmış orqanların sırasında üçüncü yeri vergi orqanları tutur: "Mən bir iş aparırdım. Bir çörək sexinin rəhbərinə böyük cərimə yazmışdılar ki, çörək yazmısan, amma çek vurmamısan. Məsələ məhkəməyə qədər getdi. Axırda məlum oldu ki, sən demə, vergi müfəttişi ona görə cərimə yazıb ki, istədiyi rüşvəti ona verməyiblər. Yəni, bu gün vergi orqanları reket dəstəsi kimi fəaliyyət göstərirlər, istədikləri məbləğdə rüşvət alırlar".
Həmsöhbətimiz bildirib ki, ən çox korrupsiyalaşmış dövlət strukturlarının sırasında dördüncü yeri gömrük orqanları tutur: "Bakı gömrüyündə Vüsal ?ovruzov adlı bir rəis, onun maliyyə şöbəsinin İbrahim adlı rəisi var. Bir nəfər vətəndaş Rusiyadan köhnə transfarmator gətirdiyi üçün ondan 31 min manat pul istəyirlər. Mən nümayəndə kimi ərizə yazıram. Sonradan vətəndaşı çağırıb deyirlər ki, şikayəti geri götür, 20 min ver. Bir az da dirəniş göstərəndən sonra 5 minə düşürlər. Yəni, həyasızlığın həddi-hüdudu yoxdur. Cavan bir oğlandı, bəlkə də savadı da yoxdur, amma arxasında kimsə dayanıb deyə, camaatdan həyasızcasına pul yığır".
Q.Məmmədov sadalananların arxasınca hüquq-mühafizə, prokurorluq, səhiyyə, təhsil nazirliklərinin, bələdiyyələrin, icra hakimiyyətlərinin, "JEK" və digər dövlət qurumlarının gəldiyini də nəzərə çatdırıb: "Azərbaycanda korrupsiya bataqlığında boğulmayan dövlət orqanı yoxdur. Çünki bu hakimiyyət cinayətkar yollarla hakimiyyətini saxlayıb, cinayət əməlləri, korrupsiya və rüşvət sistemi olmasa, bu hakimiyyət bir gün belə davam gətirə bilməz. Bir sözlə, rüşvət və korrupsiya bu hakimiyyətin mövcudluq vasitəsidir. Ona görə bu vasitənin aradan qalxması bu hakimiyyətin dönəmində mümkün deyil".