Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini niyə keçmək istəyiblər? - “Yurda qayıdış”

img

03-09-2018 [23:29]


Bir qrup şəxs Ağdam istiqamətində cəbhə xəttini keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə daxil olmağa cəhd göstərib.

Onların arasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, keçmiş baş nazir və deputat Pənah Hüseyn də olub.

Camal Əhmədovun təşəbbüsü ilə yaradılmış "Yurda qayıdış” qrupunun bur neçə üzvü Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə yollanıb. Lakin onların cəbhə xəttini keçməsinin qarşısı hərbi polis tərəfindən alınıb. Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.

Belə bir addımın atılması isə birmənalı qarşılanmayıb. Əksəriyyət bu kimi addımların geniş miqyas alacağı təqdirdə, böyük problem və təhlükələrə yol aça biləcəyini dilə gətirib.


BakuPost-un əməkdaşı kifayət qədər təhlükəli görünən bu hadisə ilə bağlı Akif Nağı və Pənah Hüseynin fikirlərini öyrənib.

Akif Nağı bildirib ki, bu, ilk belə addım deyil. Onun sözlərinə görə, 1999-cu ildə də belə bir yürüyüşə cəhd göstərilib, lakin əsgərlərlə üz-üzə qaldıqlarından, geri dönmək məcburiyyətində qalıblar. A. Nağı qeyd edib ki, insanların içində torpaqlarına nə yolla olur-olsun qayıtma hissi yaranıb və bu, müsbət ideyadır:"Həmin torpaqları beynəlxalq təşkilatlar bizim ərazimiz kimi tanıyır. Ona görə də mənim həmin torpağa qayıtmaq və orada yaşamaq haqqım var. Bu, ciddi ideyadır. Heç kim buna mane olmamalıdır, hakimiyyət dəstək olmasa da, maneçilik törətməməlidir. Cəbhə xəttini keçib, gedib öz kəndində yaşamaq istəyənlərin sayı kifayət qədərdir. Bu, çox böyük bir hərəkata çevrilə bilər. Amma hakimiyyət də bunu qəbul etmir, cəmiyyətdə də çox adam mahiyyətini dərk etmir. Birinci mərhələdə fikir kimi ortaya atılıb. Amma o fikirdən geri dönmək niyyətimiz yoxdur. Ola bilər ki, daha böyük təbliğat, kampaniya aparandan sonra bu istiqamətdə addımlar atılsın”.
Картинки по запросу akif nağı

"QHT sədri polis imkan versəydi, həqiqətənmi xətti keçəcəkdiniz” sualına "100 faiz” cavabını verib:"Mən keçəcəkdim. Əminəm ki, Camal Əhmədov da keçəcəkdi”.

Mövcud təhlükədən xəbərdar olduğunu xatırladan Akif Nağı bir ay əvvəl Azərbaycan vətəndaşının orada minaya düşərək öldüyünü deyib:"Təhlükə əlbəttə ki, var. Orada minalar var. Polis də bizə dedi ki, təxminən bir ay əvvəl Ağdam sakini gözləmədiyimiz yerdən xətti keçib və minaya düşüb həyatını itirib. Sadəcə atasının qəbrini ziyarət etmək istəyib, keçib və nəticəsi belə olub. Belə insanlar çoxdur. Biz bunları nəzərə alırıq. Həyatımız bitəcəksə, orada bitəcək. Minaya düşməsək, salamat gedə bilsək, öz kəndimizdə yaşamağa başlayacağıq. Biz ora keçmiş olsaq, artıq Azərbaycanın hakimiyyətini orada bərpa etmiş oluruq və hakimiyyət də arxamızca ora gələ bilər. Erməninin qanunla o ərazilərdə heç bir hüququ yoxdur. Biz getdikdən sonra ardımızca Azərbaycan polisi də, tikinti şirkətləri də gələ bilər”.

Pənah Hüseyn isə yürüşdə məqsədin sadəcə müəyyən ideyaları qabartmaq və təbliğ etmək olduğunu deyib:"Cəbhə xəttini keçməyə cəhd ifadəsi olduğundan daha ağır səslənir. "Yurda qayıdış” adlı bir təşəbbüs vardı. Bir neçə Qarabağ köçkünü öz dədə-baba yurduna getmək üçün son məntəqə müəyyən etmişdilər. Ağdamda Təzəkənd yaxınlığında idi. Biz də ora getmişdik. Hərbi polis mane oldu, sonra da polis gəldi çıxdı və bizi Tərtər Polis İdarəsinə apardılar.
Картинки по запросу pənah hüseyn

Bu, cəbhə xəttini keçməyə çağırış kimi səslənməməlidir. Bu, torpağın işğal altında qalmasına, insanlarımızın öz dədə-baba yurduna doğru qayıtmaq cəhdinə, Qarabağda işğal olunmuş ərazimizin azad olunmasına bir ictimai münasibətin ifadəsi kimi nəzərdə tutulan çağırış idi. Hesab edirəm bu, vacib çağırışdır və diqqətin torpaqlarımızın işğal altında qalmasına, Azərbaycan xalqının bu işğalla barışmamasına çəkilməsi ilə yanaşı, qaçqın və məcburi köçkünlərin dədə-baba yurdlarının qaytarılması tələbinin ifadəsi baxımından faydalı çağırış idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA