CƏBRAYILLILAR...

img

17-08-2018 [13:44]


İSMAYIL İMANZADƏ

***

Halal kişilərin belindən gəlib,

Təmtəmiz qanlıdır Cəbrayıllılar...

Vücudunda tərtəmiz türk qanı dövr eləyən hər bir soydaşımız kimi, bizim Cəbrayıl camaatı da zaman-zaman dünyaya göz açdıqları ata ocaqlarına bağlı insanlar olub. 

Bizim qəlbimizdə Xudafərin körpülərindən, Diri, Tey, Tumasata, Ağoğlan, Ziyarat... dağlarından, Gəyən, Topcaq çöllərindən, ulu yaşayış məskənlərimizdən,- bir sözlə Cəbrayılın hər qarış torpağından başlayan Vətən, Qarabağın, Şirvanın, Milin-Muğanın, Naxçıvanın, Gəncənin, Qazaxın, Şəkinin, Lənkəranın... timsalında böyüyərək bütövləşib.

Bir çoxları kimi mənim də xeyirxah qələm dostum olan rəhmətlik Fərman Kərimzadə deyirdi ki, ata-anasını sevdiyinə görə adama "sağ ol” deməzlər. Yəni, övladın borcu valideyinlərinə sevgi-ehtiram hissi bəslələməklə ifadə olunmalıdır. Bu meyarla yanaşdıqda, son iyirmi beş ildən bəri yurd nisgiliylə yaşayan bizim Cəbrayıl camaatının nə vaxtsa təzədən doğma el-obaya qayıdaraq, öləndə də o ulu məkandakı torpağa qarışmaq istəkləri həmişə olduğu kimi indi də təzə-tərdir.

Ancaq ötən illər ərzində bu istəyə qovuşmadan qəriblikdə dünyalarını dəyişən minlərlə həmyerlimiz var ki, onların nigaran ruhları Cəbrayıla-bütövlükdə Qarabağa qayıdacağımız günlərə kimi bizi şəhidlərimizin qanları çilənən ulu yurd yerlərimizə səsləyəcəkdir.

Doğulub boya-başa çatdığım, uzun illərdən bəri yalnız yuxularımda vüsalına qovuşduğum Cəbrayılın işğal günü ərəfəsində illər öncəsi yurd savaşında şəhidliyin İmam Hüseyn zirvəsinə ucalan ərənlərimizə və sonrakı vaxtlarda ölkəmizin ayrı-ayrı bölgələrində dünyadan köçənlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğma ata elimizə qayıtmaq naminə ümidlərini öləziməyə qoymayan həmyetlilərimə isə: - İnşallah könül paytaxtımız Cəbrayılın tacı olan Xan Çinarın dövrəsində təzədən görüşənədək,-deyirəm. Allah amanında...

R. S. Elə bu istəklə də ata elimizə övlad sevgisiylə qələmə aldığım iki şeirimi diqqətinizə təqdim edirəm.

CƏBRAYILLILAR

Cocuq Mərcanlıdır bərəsi-bəndi,

Səslədim, Xan Çinar dil açdı, dindi.

Hacı Qaramandı, Xudafərindi -

Araz ünvanlıdır Cəbrayıllılar.

Qumlaq, Süleymanlı səsli-soraqlı,

Soltanlı dastandır, - min bir varaqlı.

Həm Quycaq, Dağtumas, Balyand, İsaxlı -

Həm Mirzəcanlıdır Cəbrayıllılar.

Qeyrətli oğuldu, vəfalı yardı,

Diridə çiçəkdi, Sirikdə qardı.

Hər biri ya Kazım, ya da Şikardı -

Şərəfli-şanlıdır Cəbrayıllılar.

Dədə Qurbaninin elindən gəlib,

Gəyənin yovşanlı çölündən gəlib.

Halal kişilərin belindən gəlib -

Təmtəmiz qanlıdır Cəbrayıllılar.

Aran təbəssümlü, dağ ürəklidir,

Allah adamıdır-saf diləklidir.

Elə əzəl gündən duz-çörəklidir -

Çox istiqanlıdır Cəbrayıllılar.

İsmayıl deyir, şirinimdi-acımdı,

Könül sarayımda sənət tacımdı.

Atamdı-anamdı, qardaş-bacımdı -

Böyük Mərcanlıdır Cəbrayıllılar -

29.06.2018

****

OKTAY HƏZİYEVƏ MƏKTUB

Salam, nə var-nə yox, başına dönüm,

Kaş bir də yanına düşəydi yönüm.

Bilmirəm heç necə danışıb-dinim,

Elə bil kəsiblər dilimi, Oktay!

Bir dünyam var idi, - aranlı-dağlı,

Gəzirəm hey onu əliçıraqlı...

Axşamım-sabahım zəfər soraqlı,

Haqqdan üzməmişəm əlimi, Oktay!

Sənin hər addımın təzədi-tərdi,

Varlığın bir ağır elə sipərdi.

Cocuq Mərcanlıda əkdin,- göyərdi,

Solan çiçəyimi-gülümü, Oktay!

Ayları, illəri uc-uca düydük,

Lələdə düşmənin qəddini əydik.

Kaş, bir də yazağzı gedib gəzəydik,

Gəyəndə yovşanlı çölümü, Oktay!

Tanrının hər sınağı bir aynadır,

Yurd nisgili səbrimizi qaynadır...

İyirmi beş ildir ki, yellər oynadır,

Sönən ocağımda külümü, Oktay!..

Nə bəndim-bərəm var, nə açıq qapım,

Yetər, qoy gurlasın tüfəngim, topum.

Qəddimi dikəldib təzədən tapım,

Bir vaxt itirdiyim elimi, Oktay!



Digər xəbərlər
SON XƏBƏRLƏR