Əli Əliyevlə Əvəz Temirxan isa Qəmbərlə Əli Əli Kərimliyə müraciət etdilər

img

18-03-2011 [01:56]


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə, AXCP sədri Əli Kərimliyə müraciət ediblər. MİA-ya daxil olan müraciətin tam mətnini təqdim edirik. Azərbaycan ağır hərbi, sosial-iqtisadi və siyasi problemlər burulğanındadır. Hakimiyyətin bütün qanadlarının dəfələrlə qəsb edilməsi, son parlament seçkilərinin nəticələrinin görünməmiş kobudluqla saxtalaşdırılması göstərir ki, bu iqtidar ölkəmizə öz mülkiyyəti kimi baxır və Azərbaycan xalqının iradəsi ilə hesablaşmaq niyyətində deyil. Bu vəziyyət tez bir zamanda dəyişməsə, xalqımizin və dövlətimiz daha ağır vəziyyətə düşəcək. Son aylar dünyada vüsət almış irimiqyaslı dəyişikliklər və inqilablar dalğasına beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsinin dəstəyi və ölkəmizdə yaranmış ictimai-siyasi canlanma hakimiyyətdən narazı bütün qüvvələrin bir araya gəlməsini sosial sifariş və həyati zərurətə çevirmişdir. Bu mənada 2010-cu il parlament seçkilərində rəsmən iştirak etmiş Demokrat, Klassik Xalq Cəbhəsi, Milli Istiqlal, Müsavat, Ümid, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının üzərinə xususi məsuliyyət düşür. İlkin olaraq yuxarıda qeyd olunan 8 partiyanın bir araya gəlməsini və hakimiyyətin avtoritar siyasətinə qarşı vahid mövqe müəyyənləşdirməsini zəruri hesab edirik. Bu təmaslar əsnasında demokratiyaya keçid uğrunda mübarizə əzmində olan digər siyasi partiyaların, ictimai qurumların, ziyalıların, deputatlığa namizədlərin və sabiq deputatlatın, həmçinin KİV nümayəndələrinin bu prosesdə iştirak formasının aranmasını məqsədəuyğun sayırıq. Bu təşəbbüs müxalifətin mövcud əməkdaşlıq formatlarının, o cümlədən İctimai Palatanın fəaliyyətinin məhdudlaşdırılmasına və ya ona alternativ yaradılmasına yönəlməyib. Əksinə, cəmiyyətdə mövcud vəziyyətin dəyişməsində maraqlı olan bütün qüvvələrin əməkdaşlığını təmin edəcək daha geniş formatın tapılması məqsədi daşıyır. Fikrimizcə, bu mərhələni uğurla keçməyimiz cəmiyyətdə ikiqütblü siyasi müstəvinin formalaşması və iqtidardan narazı bütün qüvvələrin toparlanması ilə nəticələnəcək. Bununla əlaqədar martın 27-dək yuxarida göstərilmiş 8 partiya rəhbərlərinin görüşünə və sadalanmiş problemlərin müzakirəsinə münasibət bildirməyinizdən məmnun olardıq. Yeri gəlmişkən, ADP, KXCP və Ümid partiyaları bu göruşdə iştirak etməyə razıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA