ALP və ViP inteqrasiya məsələlərini müzakirə edib

img

14-03-2011 [06:22]


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsi ilə VİP-in Mərkəzi Aparatının birgə iclası keçirilib. Toplantıda ölkədə yaranmış ümumi vəziyyət, ötən həftənin son günlərində Bakıda keçirilmiş etiraz aksiyaları, müxalifətdaxili inteqrasiya prosesinin gücləndirilməsinə dair VİP və ALP-nin birgə təşəbbüsünün davamı və bu iki partiyanın ümumi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub. Toplantıda çıxış edən VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan ölkədəki mövcud durumu və xüsusilə ötən həftə baş vermiş hadisələri dəyərləndiriblər. Partiya sədrləri irəli sürdükləri məlum təşəbbüsün reallaşması istiqamətində həyata keçirdikləri fəaliyyət barəsində də ətraflı məlumat veriblər. Ə.Temirxan ATƏT-in fəaliyyətdə olan sədri, Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalislə martın 14-də keçirdiyi görüş haqqında da iştirakçıları məlumatlandırıb. Gündəlikdəki məsələlərlə bağlı mövqelərini bildirən VİP və ALP nümayəndələri martın 11-də gənclərin, martın 12-də isə Müsavat Partiyasının təşkil etdiyi etiraz aksiyasına dair pozitiv fikir bildiriblər. Çıxşçılar bu aksiyalarda cəmiyyətin müxtəlif kəsimlərinin, o cümlədən dindar camiənin iştirakını xüsusi vurğulayaraq, etiraz dalğasının genişləndirilməsinin vacibliyini önə çəkiblər. Toplantı iştirakçıları cəmiyyətdəki fəallığın artırılması üçün müxalifət qüvvələrinin bir arada olmasının və bu prosesin sürətləndirilməsinin labüdlüyünü qeyd ediblər. ALP İK və VİP MA mwxalifətdaxili inteqrasiya təşəbbüsü çərçivəsində müzakirələrin davam etdirilməsi məqsədilə Müsavat Partiyasına və AXCP-yə müraciət göndərilməsi haqda qərar qəbul edib. Eyni zamanda, hakimiyyətdən vətəndaşların sərbəst toplaşmaq azadlığını boğmaq cəhdlərinə son qoyulması tələb olunub. İclasda ALP ilə VİP-in birgə fəaliyyətinin gücləndirilməsi məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılıb. Aprel ayında bu iki partiyanın fəallarının və tərəfdarlarının iştirakı ilə birgə toplantının keçirilməsi təklifi müsbət qarşılanıb. Toplantıda Yaponiyada baş vermiş ağır təbii fəlakətdən təəssüf ifadə olunub və bu ölkəyə rəsmi surətdə başsağlığı göndərilməsi qərara alınıb. VİP-in qərargahında ?İnsan Naminə? siyasi partiyalar blokuna daxil olan VİP, ALP və Yaşılllar Partiyası sədrlərinin (Əli Əliyev, Əvəz Temirxan və Mais Gülalıyev) görüşü keçirilib. Görüşdə ölkədəki ümumi vəziyyət və qarşılıqlı əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA