ADP hakimiyyəti amnistiya verməyə çağırdı

img

14-03-2011 [04:05]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İlk növbədə fəal gənclərin 11 mart aksiyası və Müsavat partiyasının 12 mart mitinqinə münasibət bildirən İdarə Heyəti üzvləri bu aksiyaların qarşısının polis zorakılığı ilə alınması cəhdlərini qətiyyətlə pisləyib və hakimiyyəti, vətəndaşların konstitusiya ilə onlara şamil edilən sərbəst toplaşma və fikirlərini azad ifadə etmə azadlığına hörmətlə yanaşmağa, aksiyalarla əlaqədar həbs olunanları dərhal azadlığa buraxmağa və aksiya zamanı dinc aksiya iştirakçılarına qarşı zorakılıq göstərən polis əməkdaşlarının cəzalandırılması üçün tədbirlər görməyə çağırıb. İdarə heyəti üzvləri sel fəlakətindən ziyan çəkmiş Saatlı rayon sakinlərinin onlara ayrılan dövlət yardımının ödənilməməsinə etiraz olaraq keçirdiyi aksiyasının polis zorakılığı ilə qarşısının alınmasını yol verilməz hesab edib və hakimiyyəti əhalini sosial fəlakətlə üz-üzə qoyan, ehtiyaclarının ödənilməsi üçün dövlət tərəfindən ayrılan kompensasiyanı mənimsəyən və ya ünvanına çatdırmaqda hərəkətsizlik göstərən məmurlar barədə ciddi tədbirlər görməyə çağırıb. İdarə heyəti üzvləri ABŞ-ın Milli Demokratiya institutu və Norveçin İnsan hüquqlar evi Azərbaycan ofisinin fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi bəyanatlardan narahat olduğunu bildirib və Azərbaycanda insan haqları və demokratiyanın qorunması və müdafiəsində töhfələr verən bu təşkilatlara qarşı kompaniyalara son qoyulmasını tələb edib. ABŞ Dövlət Departamentinin rəsmisi Robert Bleykin Tunis Və Misir İnqilablarından sonra bu inqilabi dəyişikliklərini mərkəzinin Səudiyyə Ərəbistanı və Azərbaycana keçə biləcəyi barədə səsləndirdiyi bəyanata münasibət bildirən partiya yetkililəri ADP də daxil olmaqla bir sıra müxalif partiyalar tərəfindən konstitusion islahatların keçirilməsi barədə səslənən bəyanatlar diqqətsiz qaldıqca, monopolist siyasət, korrupsiya və rüşvətxorluq faktları aradan qalxmadıqca və xalq etimadına layiq yeni parlament formalaşdırılmadıqca ölkədə inqilabi proseslərin qaçılmaz olduğunu bildirib, məhz verilən bu bəyanatın da arxasında xalqı inqilabi proseslərə sürükləyən həmin faktorların durduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri KXCP-in Yevlax rayon təşkilatının keçirmək istədiyi konfransın qarşısının alınması və partiya sədri M. Mirəlioğlu daxil olmaqla bir neçə funksionerin həbs altına alınması faktından narahat olduğunu bildirib və bu faktın siyasi partiyaların fəaliyyətinə qarşı yönəlmiş zorakılıq olması ilə yanaşı ölkədə siyasi münasibətlərin gərginləşməsinə gətirib çıxaran amil olduğunu diqqətə çatdırıb və hakimiyyəti siyasi plüralizm, demokratiya və insan haqlarının qorunması ilə bağlı üzərinə götürdüyü konstitusion və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. İdarə Heyəti üzvləri siyasi məhbus Eynulla Fətullayevin 1 saylı cəza çəkmə müəssisəsinə köçürülməsi zamanı ona işgəncələr verilməsi, ölümlə təhdid edilməsi faktı ilə əlaqədar ciddi narahat olduğunu bildirib və hakimiyyəti onun sağlamlığına qarşı yönəlmiş bu fiziki və psixoloji təzyiqləri durdurmağa və ölkəmizi beynəlxalq qınaqlarla üz-üzə qoyan siyasi məhbus məsələsinə son qoymaq üçün humanist addımlardan irəli gələn amnistiya elan etməyə və E.Fətullayev də daxil olmaqla bütün siyasi məhbusları azad etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA