Zahid Oruc: "Azərbaycanda elə qüvvələr var ki, hansısa toqquzmanın, qanlı qarzıdurmanın olmasını istəyir"

img

13-03-2011 [05:33]


Artıq iki gündür Bakı şəhərində ard-arda etiraz aksiyalarının keçirilməsi həm cəmiyyətdə, həm də müxalifətdə müəyyən aktivliyi göstərir. Buna paralel olaraq, hakimiyyət antikorrupsiya tədbirlərini daha da sürətləndirib. Müsahibə verən Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc isə hakimiyyətin apardığı son islahat tədbirlərinin nəticə verdiyini və cəmiyyətdəki narazılığın daha da azaldığını deyir: - Öncə onu deyim ki, gerçəkdən müxalifətin hər hansı bir aksiyasını ortada görmürük. Virtual məkanlardakı fəaliyyəti çıxmaq şərtiylə gerçək meydanlarda böyük xalq kütlələrini əhatə edən aksiyalar yoxdur. Müxalifət daxilindəki problemlər o qədər böyükdür ki, onları canıdildən müdafiə edənlər də bu problemləri həlledilməz sayırlar. Ötən parlament seçkiləri ərəfəsində iki partiyanın - AXCP ilə Müsavatın birləşəcəyi zənn edilirdi. Amma hətta seçki maraqları belə, bunları bir araya gətirə bilmədi. Bəlli oldu ki, bu iki partiya arasındakı ziddiyyətlər o qədər böyükdür ki, onların hər hansı bir formada vahid qüvvə kimi çıxış etməsi real deyil. Odur ki, özü problem içərisində olan bir qüvvənin cəmiyyətin problemlərini həll etmək imkanı ola bilməz. Ona görə də bu gün müxalifətin aktivliyindən yox, aksiya ilə bağlı müzakirələrdən söhbət gedir. - Ancaq təkcə müxalifətdə yox, cəmiyyətdə də müəyyən bir aktivliyin, ayaqlanmanın olduğu bildirilir... - Mən düşünmürəm ki, insanlar ayaqlanırlar. Hardasa hüquqpozma faktları mövcuddur və bu, qətiyyən inkar olunmur. Zənn edirəm ki, 2011-ci ildən başlayaraq hakimiyyət hətta ən narazı insanları düşündürən problemlərin həllini də öz platformasına çevirib. İndi hakimiyyət daha artıq dərəcədə uğurlar qazanmaq, ölkənin inkişaf tendensiyaları, quruculuq prosesləri ilə yanaşı, narahatlıq yaradan problemlərin həllinə başlayıb. Müstəvinin bu səviyyəyə keçməsi dünənə kimi hakimiyyətin əleyhinə ən azından söz müstəvisində kampaniya aparanların arqumentlərini əlindən alıb. Müxalifət qüvvələri bu prosesə hazır deyildilər. Onlar gözləmirdilər ki, hakimiyyət ölkə daxilindəki problemləri özünün başlıca hədəfinə çevirə bilər. Müxalifət ayrı-ayrı problemləri dilə gətirərək, guya xalqla eyni dildə danışdıqlarını göstərirdilər. Bu gün o da ortada yoxdur. Çoxlu insanlar tanıyıram ki, onlar bu hakimiyyətin əleyhinə idilər, hakim partiyanın mövqelərini kəskin şəkildə bölüşmürdülər və barışmazlıq nümayiş etdirirdilər. Amma 2011-ci il başlanan dövrdən hətta ən barışmaz insanlar da ölkə başçısının seçdiyi bu fərqli kursu büsbütün bölüşdüklərini göstərirlər. Deməli, İlham Əliyevin seçdiyi platforma ən narazı insanları da öz cazibə mərkəzinə daxil edib. - Zahid bəy, cəmiyyətdə aktivliyin olmadığını bildirirsiniz, amma artıq gənclər də kütləvi aksiyalara start verib... - Son dövrlər hansısa sosial şəbəkənin, internet məkanının bəzi ölkələrdə böyük sosial amilə çevrilməsi, ciddi bir qüvvə kimi çıxış eləməsi haqqında əsatirlər yaradılıb. Mənə elə gəlir ki, bunlar xeyli dərəcədə şişirdilib. Martın 11-də baş verən hadisə də şişirdilmiş və internet məkanında böyük bir etiraz kimi təqdim olunmuşdu. Amma həmin aksiya "28 May" metrostansiyanın qarşısına 28 nəfərin çıxması ilə nəticələndi. Onun da təxminən 6 nəfəri hakim partiyanın üzvü, 6-7-si taşaya gələnlər, qalanı jurnalistlər idi. Onlar da görəndə ki, internetdə təbliğ olunan kimi, bir şey yoxdur, özləri fəallıq göstərdilər ki, mənzərə canlansın. Ora gələn hüquq-mühafizə orqanlarının əməkdaşları da öz işlərini gördülər. Sonuncu gördüyüm o oldu ki, hörmətli Mirvari Qəhrəmanlı müsahibə verir. Mənə elə gəlir, onun niyyəti özünün sonuncu görünüşünün təqdimatı idi, nəinki hansısa etirazçının mövqeyini ifadə etmək. - Ancaq Sizin zəif saydığınız bu aktivliyin qarşısını almağa çoxsaylı polis cəlb edilmişdi. Elə buna görə də müxalifət iddia edir ki, hakimiyyət cəmiyyətin aktivliyindən ciddi narahatdır. - Bu mövqeni qəti şəkildə bölüşmürəm. Polisin həmin aksiyaya reaksiyası adekvatdır. Bu aksiyanı elan etməzdən öncə çox ciddi politoloji yanlışlıqlara yol verilmişdi. Məsələn, deyilirdi ki, hansısa apatik kütlələri hərəkətə gətirmək istəyirlər. Mən hələ həmin apatik kütlənin neçə faizinin internet imkanına malik olduğunu demirəm. Üstəlik, kimlərinsə xaricdə oturub internetlə Azərbaycandakı aksiyanı yönləndirməsi də qeyri-real məsələdir. Digər tərəfdən, görəsən, ölkədəki həmin qüvvə kimdir - hansı düşüncəyə, hansı intellektə sahibdir, hansı amallar onları birləşdirib? Ən acınacaqlısı odur ki, önə verdikləri şəxslərin hazırlığı, psixoloji durumu yüksək səviyyədə deyil. Bu mənada Bakıda meydana çıxan gənclik sadəcə olaraq kiçik bir qrup idi. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm, hakimiyyət gəncliyin müttəfiqidir, rəqibi deyil. Bu dövlətin rəhbəri bütün parametrlər üzrə Azərbaycan insanının düşüncələrini öz mövqeyində ifadə edir. Gənclərin aksiyası zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının çox olması ilə bağlı iddialara gəlincə, Azərbaycanda elə qüvvələr var ki, hansısa toqquşmanın, qanlı qarşıdurmanın olmasını istəyir. Bu mənada hüquq-mühafizə orqanı əməkdaşlarının çox görünməsi mümkündür. Bir daha qeyd edirəm ki, bu, heç bir halda hansısa qüvvələrin böyük gücünə narahatlıqdan irəli gələn mövqe deyil. Digər tərəfdən, beynəlxalq güclərin Azərbaycana qarşı mövqeyi bəllidir. Bu günlərdə 9 yaşlı bir uşaq erməni snayperinin gülləsinə tuş gəldi. Amma Azərbaycandakı diplomatik korpus nümayəndələrinin heç biri normal etiraz bildirmədi. Eyni zamanda Eynulla Fətullayevin azadlığına yönələn bu qədər enerjini Qarabağ probleminə yönəltsəydilər, o torpaqlar çoxdan azad olunmuşdu. Ona görə də hesab edirəm ki, burada hakimiyyətin çox ciddi narahat olmasından söhbət gedə bilməz. Hakimiyyət heç nədən narahat deyil. Müsavat Partiyası da dünən icazəsiz aksiya keçirdi və ortaya 50 adam çıxara bilmədi. Görəsən, bu qüvvələr nəyə görə meydana heç olmasa, 3-5 min adam çıxıra bilmirlər? - Çünki Müsavat mitinq üçün meydan istəyir, hakimiyyət vermir... - Hansı meydanı vermirlər? - Elə aksiyalar üçün məsləhət bilinən "Təbriz" kinoteatrının qarşısındakı meydanı... - Məndə olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın mitinqinə Bibiheybət meydanını məsləhət bilib. Orda zamanında Yeni Azərbaycan Partiyası böyük bir aksiya keçirdi. ?ədən oranı istəmirlər? ?əyə görə kütləvi axın olan yerlər, ictimai kommunikasiya xətlərinin çox keçdiyi, əhalinin istər-istəməz sıxlıq yaratdığı, böyük auditoriyanın olduğu məkanları istəyirlər? - Çünki kütləvi tədbirlər auditoriyaya hesablanır... - Axı onda bu auditoriya həmin qüvvələrin auditoriyası olmur. Bir daha vurğulayıram, Bibiheybət meydanında verilən bəyanatın "28 May"dakından fərqi nədədir? Əgər bayaq qeyd etdiyiniz kimi, auditoriya axtarırlarsa, aksiyalarına öz auditoriyalarını gətirsinlər. Yoldan ötənləri nəyə görə mitinqçi edirlər? Bilirsiniz, bunların hamısı bəhanədir. Müxalifət olan-qalan tərəfdarlarını da itirdiyi üçün aksiyalarına adam çıxara bilmirlər. Ona görə də bu cür addımlar atıb hakimiyyəti təqsirli göstərməyə çalışırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA