"Azərbaycandakı idarəetmə sistemi kökündən dəyizməlidir"

img

13-03-2011 [04:14]


[b] Mehman Əliyev: "Hazırda sosial-iqtisadi islahatlara start verilib. Bir qədər keçəndən sonra cəmiyyətin özündən impuls gələcək ki, siyasi islahatlar aparılsın" [/b] 2011-ci ilin həm dünya, həm Azərbaycan üçün yeni bir dönəm olduğu şübhəsizdir. Bu ilin əvvəlində Yaxın Şərqdə başlayan proseslər və bu proseslərin dünyaya təsiri müzakirə mövzusudur. Bu arada Azərbaycan hakimiyyətinin başladığı antikorrupsiya və islahat tədbirləri də ölkənin ictimai-siyasi həyatında müəyyən dəyişikliklərə səbəb olub. Amma ölkədəki son proseslər birmənalı qarşılanmır. Hakimiyyət aparılan islahatların yüksək səviyyədə olduğunu bildirir, müxalifət isə bunun əksini söyləyir. Bu səbəbdən də ortaq və obyektiv mövqeyi ilə tanınan "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətləşdik. Mehman bəy öncə hakimiyyətin apardığı islahatlardan danışdı: - Beynəlxalq institutlarla Azərbaycan hökuməti arasında antikorrupsiya tədbirlərinin həyata keçirilməsi və islahatların aparılması ilə bağlı qərarlar var, müvafiq sazişlər də imzalanıb. Bu proses ona gətirib çıxarmalıdır ki, cəmiyyətdə münasibətlər daha şəffaf, düzgün və qanuna müvafiq olsun. Bunun üçün öncə azad sahibkarlığın inkişafına, inhisarçılığın aradan götürülməsinə və ən vacibi, qeyri-neft sektorunda inkişafa nail olmaq lazımdır. Yəni bu, əsas məqsədlərdir. Artıq ilin əvvəlindən bu prosesə start verilib. Hələlik bu istiqamətdə ilkin addımlar atılır. Düşünürəm ki, proses getdikcə sürətlənməklə yanaşı, həm də daha əhatəli olacaq. - Artıq müəyyən kadr islahatları da aparılıb, daha doğrusu, yerdəyişmələr olub, bir neçə kiçik rütbəli məmurlar isə vəzifələrindən kənarlaşdırılıblar. Bunlar yetərlidirmi, yoxsa daha ciddi addımlar atılmılıdır? - Kadr islahatları apararkən kimisə kiminləsə əvəzləmək məsələni həll eləmir. Əsas məsələ odur ki, Azərbaycandakı idarəetmə sistemi kökündən dəyişməlidir. Yeni yaranan idarəetmə sistemində də yeni kadrların olması məqsədəuyğundur ki, normal bir sistem formalaşdırmaq mümkün olsun. Sözsüz, insan amili vacibdir, amma hesab edirəm ki, elə bir sistem, elə bir münasibətlər yaradılmalı, elə qaydalar tətbiq edilməlidir ki, hər hansı bir şəxs vəzifəsindən, səlahiyyətindən sui-istifadə edə bilməsin. Əgər belə bir sistemi qurmaq mümkün olsa, digər problemlər də öz həllini tapacaq. - Mehman bəy, cəmiyyətdə o fikirlər də səslənir ki, adı böyük korrupsiya və rüşvətxorluqda hallanan nazirlər yenə vəzifələrində qalırsa, hər hansı bir islahatdan söhbət gedə bilməz. Sizcə, antikorrupsiya mübarizəsi çərçivəsində hansısa nazir və digər yüksək vəzifəli şəxs də cəzalandırıla bilərmi? - Bu gün Azərbaycanda istənilən nazirin fəaliyyəti yoxlanılsa, korrupsiya və digər neqativ hallarla bağlı faktlar aşkarlanar. Yəni bu günə kimi Azərbaycanda idarəetmə sistemi elə qurulmuşdu ki, bütün strukturlarda istər-istəməz problemər olub. Əgər hakimiyyətdə təmsil olunanların fəaliyyəti təftiş olunsa və cəzalandırmaq lazım gəlsə, onda Azərbaycanda cəzasız adam qalmaz, hamısı başdan-ayağa cəzaya məruz qalar. Burada söhbət ondan getmir. Bunun üçün qeyd etdiyim islahatlar aparılmalıdır. Hansı nazir yeni qaydalarla işləmək istəyirsə, bacarırsa, işləyə bilər, yox, əgər köhnə qaydalara öyrəşibsə, çıxıb getməlidir. - Necə düşünürsünüz, hakimiyyətin dediyiniz islahatlara tam şəkildə getməyə siyasi iradəsi varmı? - Əgər beynəlxalq qurumların təzyiqləri olmasaydı, ümumilikdə regional və daxili vəziyyət tələb eləməsəydi, əlbəttə ki, hakimiyyət bu islahata getməzdi. Çünki sistem elə qurulmuşdu və vəzifəyə gələn adamlar bilirdilər ki, nəyə görə gəlirlər. İnanmıram, kimsə vəzifəyə gələndə düşünsün ki, xalqa xidmət eləmək üçün vəzifəyə gəlir. Təəssüflər olsun ki, Azərbaycanda hər hansı bir posta, vəzifəyə gəlir mənbəyi kimi baxırlar. Bizdə bu cür baxışlar problemi var idi. Bu səbəbdən də biz, məsələni bu cür qoymalıyıq. - Əvvəlki dönəmlərdə də beynəlxalq təşkilatlar hakimiyyətə müəyyən təzyiqlər edirdi. Bu təzyiqlər həm seçkilər zamanı, həm də digər dövrlərdə olurdu, amma ciddi şəkil almırdı. Bu dəfə necə, təzyiqlər daha ciddidirmi? - Açığı, mən seçki ərəfəsində beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə təzyiqini görməmişəm. ?ə referendumda, nə 2008, nə də 2010-cu il seçkilərində heç bir təzyiq, yaxud hansısa planlar olmayıb. Əksinə, İlham Əliyev hakimiyyətinin şəffaf olduğu, gücləndirildiyi, ayrı-ayrı məmurların təsirlərinin azaldığı bildirildi. İndi isə antikorrupsiya islahatları aparan şəxs kimi İlham Əliyevin özü görünür. Belə vəziyyət də onu göstərir ki, hakim komanda bu əmrlərə, qərarlara tabe olmağa məcburdur. - Hakimiyyətin aktikorrupsiya tədbirlərinə ərəb ölkələrindəki inqilablarla eyni vaxtda start verildi. Bəzi ekspertlər isə iddia edirlər ki, ciddi islahatlar aparılmayacağı təqdirdə Azərbaycanda da inqilab olacaq. Siz nə düşünürsünüz, islahatlarla inqilabın qarşısını almaq mümkündürmü? - Öncə onu deyim ki, o yanlış fikirdir ki, bizdə başlayan proseslər birbaşa Yaxın Şərqdə baş verən proseslərlə bağlıdır. İş ondadır ki, mən dediyim beynəlxalq qurumlarla sazişlər ötən ilin payızında imzalanıb. Yəni bu istiqamətdə proseslərə başlamaq, islahatlar aparmaqla bağlı beynəlxalq qurumların tələbi hələ bu proseslərdən qabaq baş verib. Sadəcə olaraq, Azərbaycanda bu proseslərə start verilməsi Yaxın Şərqdəki hadisələrlə üst-üstə düşüb. Amma Brayza demişkən, Azərbaycan həmin ölkələr üçün islahatlar ölkəsi kimi nümunə ola bilər. Yəni Amerika tərəfi Azərbaycandan bunu gözləyir. Düşünürəm ki, Azərbaycan tərəfi bununla razılaşıb və həmin islahatları həyata keçirmək üçün öhdəlik götürüb. O ki qaldı islahatların nəticəsinə, hesab edirəm ki, nəticələr ölkə və cəmiyyət üçün kifayət qədər müsbət olacaq. İnqilablar məsələsinə gəlincə, inqilab iki cür olur - indiki islahatlar yolu ilə inqilab, bir də zor yolu ilə inqilab. Hansı ki zor yolu ilə inqilab ərəb ölkələrində baş verdi və mənfi nəticələri hamıya bəllidir. Mən hələlik görürəm ki, bizdə islahat yoludur. Hesab edirəm ki, əgər hamıda ağıl olsa, bu keçid dövrünü uğurla başa vura bilərik. - Yeri gəlmişkən, ərəb ölkələrindəki proseslərə Sizin də yanaşmanızı öyrənmək istərdik... - Orda uzun illərdən bəri toplaşan problem özünü sərt şəkildə göstərdi. Obama çıxışında da söylədi ki, "biz dəfələrlə Hüsnü Mübarəkə demişik ki, islahatlara başlamaq lazımdır. Təəssüflər olsun ki, Misir hökuməti bu məsləhəti eşitmədi, eyniylə o biri ölkələrdəki hakimiyyətlər də". Bax, burada bu problem oldu. Həmin problem daxili problem idi, cəmiyyəti ciddi şəkildə narahat edirdi, cəmiyyətdə çox böyük gərginlik var idi. Orada beynəlxaq qaydalara və normalara uyğunlaşmamaq problemi oldu. Bu iki məsələ - daxili və xarici ziddiyyətlər toqquşduğu üçün belə bir vəziyyət ortaya çıxdı. Azərbaycanda isə deyəsən, həmin o islahatlar prosesi başlayıb. Bu islahatlar nəticəsində həm ölkə daxilindəki gərginlik azalır, həm də beynəlxalq qurumların tələbləri yerinə yetirilir. Bununla da Yaxın Şərqdə baş verən proseslərə səbəb olan ziddiyyət aradan qalxır. Görək proses hara qədər davam edəcək. - Ancaq Azərbaycan müxalifəti Sizdən xeyli dərəcədə fərqli düşünür. Bildirirlər ki, hakimiyyətin apardığı islahat tədbirləri imitasiya xarakterlidir. Sizcə, bu fikirlər müxalifətin həmişəki kimi hakimiyyətin bütün addımlarını tənqid etməsi ilə bağlıdır, yoxsa haqlıdırlar? - Əlbəttə, bu gün kifayət qədər adam var ki, bu islahatların imitasiya xarakterli olmasını istəyir. Ancaq yenə də deyirəm, bu, təkcə hakim komandanın özünün apardığı islahatlar deyil, beynəlxalq qurumlarla razılaşdırılmış islahatlardır. Onlar da bu prosesə nəzarət edirlər. Sözsüz ki, prosesin nəticəsinə də ciddi nəzarət edəcəklər. Hesab edirəm ki, bu mənada hakimiyyətin hər hansı imitasiya etməyə imkanı olmayacaq. İkinci tərəfdən, yaxşı olardı ki, Azərbaycan müxalifəti iqtidarın başladığı prosesə nəzarət eləsin, iştirak eləsin, təsir eləsin ki, daha yaxşı olsun, daha müsbət nəticələrə nail olunsun. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin, medianın bu prosesdə iştirakı çox vacibdir ki, proses daha uğurlu, daha keyfiyyətli keçsin. - Amma islahatı aparan hakimiyyətdir və müxalifəti yaxına buraxmır... - Əlbəttə, buraxmayacaq. Çünki hakimiyyət maraqlı deyil ki, prosesdə başqa bir qüvə iştirak eləsin. Amma biz baxmamalıyıq ki, kimsə bu işdə maraqlıdır, yaxud maraqlı deyil. Sadəcə olaraq, prosesləri təhlil eləmək, müzakirələr aparmaq, işləmək, təklif vermək lazımdır. Hələki mən bunu görmürəm. Bu yaxınlarda Vüqar Bayramov Sosial İqtisadi Araşdırmalar Mərkəzi adından təkliflər paketinin prezentasiyasını keçirdi və hökumətə göndərdi. Yaxış olardı ki, müxalifət nümayəndələri yığışıb belə bir təkliflər paketi hazırlasınlar və ictimaiyyətə çatdırsınlar, bizə də təqdim eləsinlər, bizdə bu barədə yazaq, təbliğ edək. Yəni hamımızın iştikarı ilə prosesin uğurlu keçməsinə çalışaq. Bu mənada müxalifətin aktiv olması vacibdir. - Müxalifət nümayəndələri hazırkı parlamenti buraxaraq, yeni parlament seçkilərinin keçirilməsini də təklif edir. ?ecə düşünürsünüz, hakimiyyət hazırda başladığı islahat tədbirlərindən, siyasi islahatlara keçid edib bu istiqamətdə hər hansı addım ata bilərmi? - Nəyisə buraxmaq, yenidən hansısa seçki keçirməklə bağlı çağırışlar ola bilər. Hesab edirəm ki, hazırda yaranmış İctimai Palatanın həmin o parlamentə alternativ olması mümkündür. O mənada ki, İctimai Palata öz ideyalarını, qərarlarını təklif edə bilər. Deyək ki, parlamentdə qaldırılan məsələlər, müzakirə olunan qanun layihələri İctimai Palatada da müzakirəyə çıxarılar və müəyyən qərarlar verilə bilər. Onların da alternativ təkliflər vermək və ekspertizalar keçirmək imkanı var. Hesab edirəm ki, bu mənada prosesin təsiri daha güclü olar. Parlament seçkiləri vaxtından tez olsa, kimlərsə hazırlıqlı olmalıdır. Yox, əgər bu tərkib qalacaqsa, təsir eləmək lazımdır ki, parlament daha keyfiyyətli işləsin. Yəni parlamenti ölkəyə lazım olan qanunları və qərarları qəbul etməyə vadar eləmək, lazım olsa, dəstək vermək lazımdır. Bir sözlə, başlanan prosesi "tormoz"lamaq yox, daha keyfiyyətli şəkildə davam etməsi üçün səy göstərmək lazımdır. Bu zaman siyasi islahatlar da, digər müsbət addımlar da atıla bilər. - Mehman bəy, cəmiyyət islahat prosesinin təsirini nə zaman ciddi şəkildə hiss etməyə başlayacaq? - Açığı, islahatlar başlayandan, yəni İlham Əliyev ?azirlər Kabinetinin iclasında antikorrupsiya mübarizəsini elan edəndən sonra müəyyən təsirlər var. Artıq görürük ki, başqa cəmiyyətdə yaşayırıq. Bundan əvvəlki vəziyyəti, durğunluğu, sönüklüyü götürsək, müəyyən təsiri hiss eləmək olur. Ölkədə müəyyən dinamiklik yaranıb, hamı hərəkətə gəlib. Hakimiyyətdə də, müxalifətdə də, cəmiyyətdə də başqa bir diskussiya gedir. Biz heç vaxt fikirləşməzdik ki, hakimiyyət öz-özünə antikorrupsiya kampaniyası aparmağa başlayacaq. Bunlar artıq görünən və hiss olunan dəyişikliklərdir. İslahatlar nə qədər dərin getsə, cəmiyyətdə bir qədər qarşılıqlı proseslər gedəcək. İnsanlar daha çox azadlıqlar istəyəcəklər, proseslərdə daha çox iştirak etməyə çalışacaqlar. Hazırda sosial-iqtisadi islahatlara start verilib. Bir qədər keçəndən sonra cəmiyyətin özündən impuls gələcək ki, siyasi islahatlar aparılsın. Təsadüfi deyil ki, bu günlərdə üç millət vəkili - Fazil Qəzənfəroğlu, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev bildirmişdilər ki, siyasi islahatlar olmasa, sosial-iqtisadi islahatlarla daha ciddi nailiyyətlər əldə etmək mümkün olmayacaq. Yəni artıq hökumətə yaxın partiya rəhbərləri də deyir ki, ölkədə siyasi plüralizm yaranmalı və bütün siyasi qüvvələr bu prosesdə fəal iştiraka cəlb olunmalıdır. Hesab edirəm ki, həm sosial iqtisadi islahatlar, həm də onun rəvac verdiyi siyasi islahatların nəticəsində yaxın bir-iki ərzində yeni başlayan prosesin nəticələrini görəcəyik. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA