ADP Soçi görüzünü nəticəsiz hesab edib

img

07-03-2011 [04:04]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiyanın cari həyatına dair bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə heyəti üzvləri ilk növbədə Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə baş tutan növbəti görüşünün nəticələrinə münasibət bildirib və bu görüşün sıradan bir görüş olmaqla sırf protokol xarakter daşıdığını və münaqişənin həllindən daha çox Rusiyanın bölgədəki rolunun gücləndirilməsinə xidmət etdiyini bir daha diqqətə çatdırıb. Beynəlxalq Şəffaflıq Təşkilatının və Gəlirlərə Nəzarət İnstitutunun dünyada olan 44 neft şirkətinin ictimaiyyətə nə qədər açıq olması ilə bağlı apardığı sorğuda Azərbaycan Dövlət Neft Şirkətinin antikorrupsiya proqramları barədə heç bir məlumat təqdim etməməsi və bu baxımdan şəffaflığın sıfır həddinə görə Rusiyanın Qazprom şirkəti ilə eyni sırada yer alması barədə açıqladığı hesabata münasibət bildirən partiya yetkililkəri bu faktın dövlət neft şirkətinin fəaliyyətində şəffaflığın olmaması və bu sahədə korrupsiya faktlarının mövcud olması ilə əlaqəli olmasından doğduğunu bildirib və hakimiyyəti nəinki dövlət neft şirkətində, həmçinin Azərbaycanda neftin çıxarılması və nəqli ilə məşğul olan digər neft şirkətlərinin ölkədəki fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiya faktlarının aşkarlanması istiqamətində intensiv tədbirlər görməyə, xalq və beynəlxalq qurumlar qarşısında hesabatlı olmağa çağırıb. İdarə Heyəti üzvləri AXCP fəalı Cabbar Savalanın, fəal bloqçular Bəxtiyar Hacıyevin və Dəyanət Kərimovun, habelə Nemət Pənahlının və digər şəxslərin siyasi motivlər üzrə həbs edilməsindən və həbs edilən şəxslərə işgəncə verilməsi faktları ilə əlaqədar ciddi narahat olduğunu bildirib və siyasi məhbus məsələsinin yenidən gündəmə gəlməməsi və ölkəmizin beynəlxalq imicinə növbəti zərbələr dəyəcəyindən hakimiyyəti bu cür həbslərə son qoymağa və insanları siyasi və dini görüşlərinə görə represiyaya məruz qoyma tendensiyasına son qoymağa çağırıb. İdarə Heyəti üzvləri regionların iqtisadi inkişafına dair təşkil edilmiş rəsmi konfransda guya regionların durmadan iqtisadi inkişaf tempinin artması barədə səslənən fikirlərin reallıqdan uzaq olduğunu, əyalətlərdə tikintisinə milyonların sərf edildiyi bu qeyri istehsal sahələrindən dövlət büdcəsinə heç bir gəlir daxil olmadığını, əksinə rayonlarda hələ də əhalinin qaz, içməli su, abad yollar və digər sosial ehtiyaclarla təmin edilmədiyini bildirib və hakimiyyəti ölkənin milli sərvətindən əldə edilən gəlirləri xalqımızın sosial-iqtisadi tələblərinin ödənilməsinə yönəltməyi tələb edib. Liviyada baş verən son qanlı olaylara diqqət çəkən İdarə Heyəti üzvləri öz vətəndaşlarının haqlı mübarizəsini qan gölündə boğan və onlara hərbi güc tətbiq etməkdən çəkinməyən M.Qəddafinin bu hərəkətlərini hərbi cinayət olduğunu bildirib və beynəlxalq aləmi bu cür diktatorlara üsyanlar başlamamışdan və bu qədər insan itkiləri baş verməmişdən əvvəl preventiv beynəlxalq mexanizmləri işə salmağa çağırıb. İdarə Heyəti həmçinin son parlament seçkilərinin saxtalaşdırılmasına etiraz edən qüvvələrin təmsil olunduğu İctimai Palataya partiyadan olan keçmiş namizədlərin üzv olması məsələsini də müzakirə edib və bunun məqsədəuyğunluğu haqqında qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA