"Heç kəsin bizim keçmizimizi ləkələməyə ixtiyarı yoxdur!"

img

06-02-2011 [05:15]


[b] Xuraman Vəfa: "Anar müəllim, Fikrət Qoca - hər biri ayrı-ayrılıqda yazıçılara dəstək olurlar. Mütləq deyil ki, kiminsə cibinə pul qoysunlar" [/b] Bir neçə gün öncə rəqqasə Oksana Rəsulova və teleaparıcı Zabir Əliyev "Kimsə sevəcək" adlı birgə layihələrinə təqdimat mərasimi keçirdilər. Onların şairə Xuraman Vəfanın sözlərinə gənc saz ifaçısı Əli Şahinin musiqisi üzərində qiraət etdikləri parçaya çəkdikləri klip qonaqlar tərəfindən maraqla qarşılandı. Təqdimatından sonra şairə Xuraman xanımla söhbətləşdik. - Xuraman xanım, son vaxtlar istər yeni, istərsə də yaşlı nəslin nümayəndələri olan şairlər onları gündəmə gətirəcək, maraq doğuran işlər təqdim etmirlər. Amma Siz həmkarlarınızdan fərqli olaraq daha fəalsınız. - Təşəkkür edirəm. Düzdür, bu klipin ərsəyə gətirilmə təşəbbüsü Zabirə məxsus idi. İndiyədək çox layihələrim olub. 10 kitab müəllifiyəm. Bundan əlavə, sözlərimə yazılmış mahnılardan ibarət albomum, Əminə Yusifqızının, daha sonra isə mənimlə müğənni Emin Nəsirlinin musiqi üzərində səsləndirdiyi şeirlərim disk şəklində işıq üzü görüb. "Kimsə sevəcək" klipi isə lap ürəyimcə oldu. Real həyatda rastlaşa biləcəyimiz situasiyaları əks etdirən və ibrətamiz xarakter daşıyan bu klip gəncləri şeirə, yaradıcılığa həvəsləndirə bilər. Əminəm ki, geniş tamaşaçı kütləsinin də ürəyincə olacaq. Tamaşaçı keyfiyyətli sənət işləri üçün acdır, çünki bu gün bayağı mahnılar oxumağa üstünlük verənlər çoxdur. Allaha şükür, mənim layihələrim, təqdimatlarım həmişə yüksək səviyyədə olub. - Qeyd etdiniz ki, müğənni Emin Nəsirli ilə birgə səsləndirdiyiniz şeirlərinizdən ibarət albomunuz çıxıb. Bu albomda şeirlərinizi peşəkar aktrisa kimi səsləndirmisiniz... - Dəyərləndirdiyinizə görə minnətdaram. Mən ədəbiyyat təmayüllü məktəbdə oxumuşam. O vaxtlar məktəbdə, rayonda keçirilən bayram tədbirlərində şeirlər, hekayələr deyirdim deyə, bu istiqamətdə müəyyən təcrübəm var. Bu bacarığımı haqqında danışdığımız "Məni məndən soruş" adlı albomumda göstərdim və bu təşəbbüsüm dinləyicilərin ürəyincə oldu. 1000 tirajla çıxan həmin albomun təqdimatı Opera və Balet Teatrında keçirilmişdi. Tirajın yarısını elə orada tamaşaçılara payladıq, qalanı isə qısa müddətdə satıldı. Bir çox oxucularım indiyədək məndən həmin albomu istəyirlər. Həmin albomu təkrarən 1000 tirajla da buraxmaq istəyirdim. Amma sonradan başqa, yəni yeni bir albom buraxmaq fikrinə gəldim. Çox güman ki, bu dəfə tərəf müqabilim Zabir Əliyev olacaq. - Hər bir layihənin həlli həm də maddiyyatla bağlıdır. İşlərinizin maliyyə tərəfini necə həll edirsiniz? - Mənim kənardan heç bir maliyyəyə ehtiyacım yoxdur. Yoldaşım iş adamıdır. Özüm də uzun müddət iş adamı olmuşam. Odur ki, sponsor axtarmıram. - Bu gün oxucuların şeirə tələbatı hansı səviyyədədir? - Heç vaxt oxucu qıtlığı çəkməmişəm. Yetərincə oxucularım var. Kitablarım sərbəst şəkildə satışa buraxılır. Məsələn, bu gün "Akademkitab" mağazasına 50 kitab göndərirəmsə, 3 gün sonra satılır. - Mümkünsə, sonuncu kitablarınız barədə məlumat verərdiniz. - Yeni kitablarımı ötən il keçirilən yubileyimdə təqdim etmişdim. "Acı həqiqət" adlı kitabımda 20 yanvar hadisələri, Qarabağ müharibəsi və vətənpərvərlik mövzusunda şeirlərim toplanıb. Azərbaycan və rus dillərindədir. ABŞ-da yaşayan diasporumuz isə həmin kitabı ingilis dilinə də çevirərək nəşr edib. "Öz dünyamı verin mənə" adlı sonuncu kitabım isə lirik axarlı məhəbbət şeirlərindən ibarətdir. Hazırda "Sevərək ayrıldıq" adlı daha bir kitabımı satışa hazırlayıram, eyniadlı povest və şeirlər toplusundan ibarət olacaq. - Yəqin ki, özünüzü daha çox şeirdə görürsünüz. - Fərqi yoxdur. Povest və poemalarım da var. Bu günlərdə isə bəstəkar Nailə Mirməmmədlinin təklifi ilə "Rəqsə könül verdim" adlı pyes də yazmışam. O, bu əsər əsasında tamaşaya musiqi yazacaq. - Gənc həmkarlarınızın yaradıcılıq fəaliyyətini izləyirsinizmi? - Bildiyiniz kimi, mən həm də "Vəfa" jurnalının təsisçisi və redaktoruyam. Bizim "Vəfa" məclisi adlı, 60-dan çox üzvü olan gənclərdən ibarət dərnəyimiz də var. Ayda bir dəfə rəyasət heyətilə keçirdiyimiz iclaslarda onların ən yaxşı şeirlərini seçərək jurnalımızın növbəti nömrəsində dərc edirik. Həmişə gənclərə dəstək verməyə çalışıram. Biz dünyadan köçəndən sonra yerimizi tutanlar olmalıdır. Heç kəs deməsin ki, ədəbiyyatda sözümü demişəm, daha yazmıram. Ədəbiyyatda sözünü axıra kimi deyən adam yoxdur, çünki söz sənəti daima yenilik, axtarış tələb edir. - İstedadlı hesab etdiyiniz gənc şairlərdən kimlərin adlarını çəkə bilərsiniz? - Dərnəyimizdə Ramin, Orxan, Leyla və digər uşaqlar var ki, əsərləri çox gözəldir. Kim istəsə, üzvümüz ola bilər. - Bir çox şeirlər qulaqlara mahnı mətni kimi çatır. Son dövrdə yazılan mahnıların sözləri heç də qənaətbəxş deyil... - Hər mahnı efirə qəbul olunmasa da, zəif şeirli mahnıların tez-tez səsləndirilməsini də açıq etiraf etmək lazımdır. Bu o demək deyil ki, yaxşı yazan qalmayıb. Gözəl şairlərimiz də, bəstəkarlarımız da var. O ki qaldı gənclərə, məncə, onların ünvanına tənqidi paxıllıqla, qərəzli şəkildə yox, yol, istiqamət göstərərək demək lazımdır. - Mahnı mətnlərinin bayağılığının səbəbini nədə görürsünüz? - Bu gün gənclər populyar olmaq, gündəmə çıxmaq üçün nəsə yeni söz deməyə çalışırlar. Bir qisim dinləyici də məhz bu tip şeirləri sevirlər. Buna görə də hər kəs asan yolla yadda qalmaq istəyir. Ağıllı insanı bir cür, dəli insanı başqa cür tanıyırlar. Amma ağıllı kimi tanınmaq daha gözəldir. - Sizcə, zövqlərə necə təsir etmək olar? - Bunun üçün təbliğat lazımdır. Ən güclü təbliğat efir olmalıdır. Bu gün də Azərbaycanın çox gözəl şairləri var. Amma onları təbliğ edən hansı vasitələr var? Efir hansı formada təşkil olunur, oraya kimlər, necə dəvət edilir, bilirsiniz. - Yeni nəslin nümayəndələri olan yazıçıların bir qismi özlərini tanıda biliblər, amma şairlər xeyli geridə qalıblar. - Deyirlər ki, tamaşaya qoymağa yeni əsər yoxdur. Niyə yoxdur? Çünki bir çox əsərlər sandıqda qalıb, çar edə bilmirlər. Sovet dövründə şairlərin kitabları 500 min-1 milyon tirajla dərc edilirdi. Bu günün yazarları isə kitablarını 2 min, 5 min tirajla çap edəndə bayram edirlər. 300 tirajla kitab buraxanlar da var. Bu, acınacaqlı haldır. Şair niyə şeirlərini qoltuğuna vurub, qapıları döyərək xahiş etməlidir ki, ona kitabının çapında kömək etsinlər?! Ədəbiyyatı yaşatmaq üçün dəstək olmalıdır. Sövet dövründəki dövlət tərəfindən maliyyləşmə gözəl ideologiya idi. Bu gün də buna ehtiyac var. Yazıçılar Birliyinə müəyyən vəsait ayrılmalıdır ki, bu işi həyata keçirsinlər. - Yazıçılar Birliyinin üzvü kimi hansı prioritetləri əldə etmisiniz? - Birlik tez-tez müxtəlif yazıçılarla görüşlər, yaradıcılıq gecələri təşkil edir. Sağ olsunlar, Anar müəllim, Fikrət Qoca - hər biri ayrı-ayrılıqda yazıçılara dəstək olurlar. Mütləq deyil ki, kiminsə cibinə pul qoysunlar. Müəyyən formada hər kəs Yazıçılar Birliyindən dəstək görür. - Amma gənc yazarlar onlara, ümumiyyətlə yaşlı nəslin bir çox nümayəndələrinə qarşı heç də müsbət mövqedə deyillər. - Heç kəsin bizim keçmişimizi ləkələməyə ixtiyarı yoxdur! Ədəbiyyatımızda öz sözünü demiş insanlar haqqında səsləndirilən tənqidi fikirlərlə razılaşmıram. - Yaşlılara "daş atanlar" özlərini ədəbiyyatın müxalifətçiləri elan ediblər. Bu məsələyə necə baxırsınız? - Məncə, ədəbiyyatda müxalifət olmamalıdır. Ədəbiyyat lirikliyi, həzinliyi, kövrəkliyi, səmimiyyəti sevir. Bu dövlət, hakimiyyət deyil ki, ona qarşı müxalifət olsun. - Vəziyyətdən çıxış yolunu nədə görürsünüz? - Məncə, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Dedikləriniz gənclərin mütaliəsinin az olması ilə də əlaqədardır. Çox mütaliə etsələr, bir yol taparlar. Gənclər daşladıqları insanların yaradıcılığına səyahət etsinlər və görsünlar ki, onlar Azərbaycana nə verib, özləri nə. Belə müqayisədən sonra öz vicdanı qarşısında cavab versinlər. Hər dövrün öz poeziyası var. Vaxtilə necə tələb edilib, elə yazıblar. Bu dövrdə isə vəziyyət başqadır - azadlıq, demokratiyadır - hər kəs istədiyini yaza bilər. Buna görə, kimisə daşlamaq doğru deyil. - 300-dən çox şeirinizə mahnı yazılıb. Bu Sizə nə dərcədə ilham verir? - Əlbəttə, hər şairə nəsib olmur ki, onun şeirlərinə tanınmış, populyar müğənnilər müraciət etsin. - Daha çox nisgilli şeirlər yazmanızın səbəbi nədir? - Düşdüyüm mühit məni tez təsirləndirir. Bunlar mənim yaşadığım hisslər, duyğularla bağlıdır. - Deyirlər, şair taleyi yaşamaq çətindir. - Şair qadının taleyi daha ağır olur. Kişilər istənilən halda başa düşülür. Amma şairə ailədə, cəmiyyətdə öz qadınlıq ləyaqətini qorumalıdır. Demək istəyirəm ki, şeir insanın qəlbinin hisslərini ələ verir. Elə etməlisən ki, oxucu ilə aranda olan pərdəni saxlaya biləsən. Hər şeyi çılpaqlığı ilə təqdim etmək olmaz. - Son vaxtlar virtual kitabxanalar yaradılır. İnternetlə aranız necədir? - Gərək əsər, kitab yazılsın ki, internetə qoyulsun. Maraqlananlar əsərlərimi internetdə tapa bilərlər. Əlçatmaz deyiləm. Poeziyam da, qəlbim də oxucularım üçündür. - Maraqlıdır ki, şairlər arasında intriqalar o qədər də yoxdur. - Mən münaqişə tərəfdarı deyiləm. Sözə daha çox üstünlük verirəm. Hər şeyi sözlə də demək olur. Söz var - saray tikər, söz də var - ev yıxar. Buna görə də istərdim ki, həmişə sözümüz təmiz, səmimi olsun. Elşad ÜMİD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA