BAXCP hakimiyyətdən tələbi var

img

31-01-2011 [03:09]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi və təşkilati məsələlər müzakirə olunub. İclasda çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın fəaliyyətinin yeni bir mərhələyə qədəm qoyduğunu və təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. BAXCP sədri iclasda iştirak edən İcra Aparatı təmsilçilərinə və partiyanın bir sıra rayon, şəhər təşkilatlarının rəhbərlərinə təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar verib. Qüdrət Həsənquliyev iclas iştirakçılarını Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının təmsil olunduğu "İslahat" deputat qrupunun Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı hazırladığın layihə barədə də məlumatlandırıb. Ölkə həyatının bütün sahələrində islahatların vacibliyini önə çəkən BAXCP sədri "İslahat" deputat qrupunun parlamentə təqdim edəcəyi layihənin əhəmiyyətindən danışıb. BAXCP sədrinin çıxışından sonra İdarə Heyətinin üzvləri ictimai-siyasi məsələlərlə bağlı müzakirələrə başlayıblar. Doğumunun 127-ci ildönümü qeyd olunan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan BAXCP İdarə Heyətinin üzvləri onun məzarının Vətəninə gətirilməsi ilə bağlı bir daha hökumətə çağırış ediblər: "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya haqqında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olduğu qeyd olunur. Belə olduğu təqdirdə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderinin məzarının hətta qardaş ölkənin ərazisində olsa da belə qalmasına yol vermək olmaz. Bu səbəbdən, Məhhəmməd Əmin Rəsulzadənin məzarı qardaş Türkiyə Cümhuriyyətindən banisi olduğu dövlətin - Azərbaycan Respublikasının ərazisinə gətirilməlidir". Azərbaycan hökumətini Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya köçürülməsilə bağlı konkret qərar qəbul etməyə çağıran BAXCP İdarə Heyəti belə bir addımın atılmasının tarixi önəm daşıdığını, xalqımıza və dövlətimizə yalnız başucalığı gətirəcəyini vurğulayıb. BAXCP İdarə Heyəti Azərbaycan hökumətini Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı da müvafiq addımlar atmağa çağırıb: "Hesab edirik ki, vaxtilə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılacağı barədə lövhələrin yerləşdirildiyi ərazilərdə - Rəsulzadənin yaratdığı Bakı Dövlət Universitetinin qarşısında və Neftçilər prospektindəki parkda (Kukla Teatrının qarşısında) Rəsulzadəyə heykəl qoyulmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA