ADP hakimiyyətdən silsilə tələblər edir

img

02-02-2011 [03:19]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatı ilə bağlı bir sıra məsələlər əsas müzakirə obyekti olub. İlk növbədə ATƏT-in seçki missiyasının Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı hesabatına münasibət bildirən İdarə Heyəti ümumilikdə bu hesabatı obyektiv qiymətləndirib və hesabatda son parlament seçkilərinin qeyri-demokratik və şəffaflıqdan uzaq olmasına işarətlər verən bir sıra faktların - seçki qabağı əlverişli mühitin olmadığı, seçkidə iştirak edən tərəflərə bərabər əsaslarla şərait yaradılmadığı, etimada layiq seçki komissiyaların olmadığı, komissiya rəhbərlərinin yalnız iqtidar yönümlü insanlardan təşkil edildiyi, müxalif kəsimin informasiya vasitələrindən yararlana bilmədiyi, hakimiyyət nümayəndələrinin seçki kompaniyasında inzibati resurslardan öz xeyirlərinə istifadə etməsi, seçki günü total saxtakarlıqlara yol verildiyi, seçki bülletenlərinin topa-topa qutulara doldurulduğu, səslərin hesablanmasında şişirtmələrə yol verildiyi və digər ciddi pozuntularla müşahidə edilən faktların reallığı əks etdirdiyini diqqətə çəkən partiya yetkililəri hakimiyyəti qeyd edilən saxtakarlıq və qanun pozuntularını yaradanlara qarşı ciddi tədbir görməyə və xalq etimadına layiq yeni seçkilər keçirməyə çağırıb. İdarə heyəti üzvləri Tarif Şurasının suyun, dəmiryolu haqlarının, poçt göndərişlərinin, kanalizasiya qiymətlərinin bahalaşdırılması haqda çıxardığı qərardan ciddi narahat olduğunu bildirib və hakimiyyəti xalqı yeni sosial fəlakətlərlə üz-üzə qoyan, əhalinin az təminatlı hissəsinin iqtisadi imkanlarını daha da tükəndirən bu qərarı ləğv etməyə və dövlət tərəfindən tənzimlənən qiymətləri aşağı endirməyə çağırıb. İdarə Heyəti Human Rayts Votc təşkilatının 2010-cu ildə insan hüquq və azadlıqlarının qorunmasına dair açıqladığı illik hesabata münasibət bildirib. Hesabatın ölkəmizə aid bölməsində insan hüquq və azadlıqlarının pozulmasını əks etdirən faktların, o cümlədən azad fikrin və mətbuat azadlığının, jurnalistlərin və siyasi düşüncə sahiblərinin təqib və həbs edilməsi, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, siyasi məhbus məsələsinin hələ də həll edilməməsi, insanların dini baxışlarına və əqidələrinə görə təqib edilməsi, qanunun aliliyi prinsipinin qorunmaması kimi faktların reallıqları əks etdirdiyini bildirib və hakimiyyəti demokratiya və insan haqlarının pozulması ilə müşahidə olunan bu neqativlərin aradan qaldırılması üçün ciddi addımlar atmağa və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edən demokratik islahatlar keçirməyə çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar ölkədə kriminal mühitin genişlənməsindən, sui-qəsd və ağır cinayət əməllərinin artmasından, məişət zəminində ölümlə nəticələnən faciəli hadisələrin baş verməsindən ciddi narahat olduğunu bildirib və bu neqativlərin arxasında, yürüdülən yarıtmaz sosial-iqtisadi siyasətin, siyasi hakimiyyətin bir əldə cəmləşməsinin, ölkəni var-yoxdan çıxaran monopolizmin, dövləti içdən sarsıdan korrupsiya və rüşvətxorluğun, xalqın iqtisadi imkanları ilə uzlaşmayan ağır vergi siyasətinin, neftdən gələn gəlirlərin istehsal və elm tutumlu sahələrə deyil yalnız ayrı-ayrı oliqarxların sərvət mənbəyi olan qeyri istehsalat sahələrinə ayrılmasının, şiddətli polis təzyiqinin, amansız məmur özbaşınalığının və vəhşi kapitalizmin hər bir ailəyə vurduğu sarsıntıların durduğunu diqqətə çatdırıb və hakimiyyəti bu dərəbəyliklərə son qoymağa, ölkəni şəxsi iradə ilə deyil qanunlarla idarə etməyə çağırıb. İdarə Heyəti üzvləri Ermənistan prezidenti S.Sarksyanın ?Exo-Moskva? radiostansiyasına verdiyi müsahibəsində ermənilərin bir qarış torpağı belə Azərbaycana verməyəcəyi barədə səsləndirdiyi bəyanata münasibət bildirib və bu cür bəyanatların ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ probleminin çözülməsinə dair apardığı missiyaya və danışıqların ruhuna zidd olduğunu bildirib və hakimiyyəti Qarabağ probleminin siyasi həlli istiqamətində göstərdiyi səyləri dayandırmağa və məsələnin yalnız beynəlxalq hüquq normalarına uyğun gələn hüquqi həllinə üstünlük verməyə çağırıb. ABŞ Konqresinin demokratiyaya yardım adı ilə Cənubi Qafqaz ölkələrinə ayırdığı maliyyə yardımlarının daha böyük hissəsinin Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstan respublikalarına yönəldilməsi məsələsinə münasibət bildirən partiya yetkililəri Konqres nümayəndələrini ikili standartlardan çıxış etmək ənənəsinə son qoymağa və demokratiyanın bərqərar olmasında ölkə xalqlarının say tərkibindən tutmuş, onun bölgədə oynaya biləcəyi strateji rola qədər bütün məsəlləri diqqətlə izləməyə çağırıb. İdarə Heyəti üzvləri BBC radiostansiyasının Azərbaycan redaksiyasının bağlanması ilə bağlı yayılan məlumatlardan narahat olduğunu bildirib və belə bir addımın atılmasını vətəndaşların alternativ informasiyadan məhrum edilməsi kimi dəyərləndirib və Böyük Britaniya hökumətini azadlıq və demokratiya kimi dünyəvi dəyərlərin yayılmasına yardım edə bilən bu cür nüfuzlu radio yayımının qarşısını almağa yönələn addımlardan geri durmağa çağırıb. İdarə Heyəti üzvləri siyasi partiyaların dövlət tərəfindən maliyyələşmə məsələsinin yenidən müzakirə predmetinə çevrilməsini təqdir edib və məsələnin yalnız parlamentdə siyasi partiyaların iştirakı ilə ictimai müzakirələr keçirilməsindən sonra qəbul edilməsinin tərəfdarı olduğunu bildirib. İdarə Heyəti üzvləri ombudsman E.Süleymanovanın dövlətimizin müstəqillik əldə etməsinin 20 illiyi və digər əlamətdar hadisələrlə əlaqədar olaraq ölkədə geniş amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış etməsini təqdir edib və dövlət başçısını bu təşəbbüsü dəstəkləməyə və humanizmdən doğan amnistiya fərmanı verməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA