Ağakərim ibrahimov: "Mübarizin ayaq izlərini öpüb səngəri tərk etdim"

img

10-10-2010 [05:04]


O, adını əməlilə doğrultdu. İgidlik göstərib, sinəsini erməni gülləsinə tuş etməklə Vətənin qəhrəman övladlarından biri olduğunu sübuta yetirdi. İndi Azərbaycanda yeni doğulan oğlan uşaqlarına Mübariz adı daha çox qoyulur. Hamı yenicə dünyaya gəlmiş övladının Mübariz İbrahimov kimi qəhrəman olmasını istəyir. Qəhrəmanlar isə ölmürlər, onları böyüdən, ərsəyə çatdıran xalqın qəlbində əbədi yaşayırlar. Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov öz evində bizə müsahibə verərkən, oğlunun keçdiyi ömür yoluna nəzər saldı, acılı-şirinli xatirələrini çözələdi: - İyunun 19-u sübh çağı mənə zəng etdilər. Taksi tutub Tərtərə - Mübarizin xidmət etdiyi hərbi hissəyə getdim. Zabit və əsgərlərlə görüşdüm. Mübariz düşmən cəbhəsindən 70 metr uzaqlıqda yerləşən səngərdə keşik çəkirdi. Oğlumun keçdiyi yeri mənə göstərib dedilər ki, şəhid olub. Bir neçə dəqiqə özümə gələ bilmədim. Sonra "Allah qəbul eləsin! Oğlum şəhid olub, Vətən sağ olsun!", - dedim. Tabor komandiri bildirdi ki, onlar xəbər tutanda artıq gec olub. Mübariz düşmən tərəfə çox irəliləyibmiş, köməyə getmək müharibənin başlanmasına səbəb ola bilərdi. Telefonu üstündə olmadığı üçün onunla əlaqə yaratmaq mümkün olmayıb. O, öz istəyilə hərəkət edib. Mübarizin keçdiyi yerlərdəki ayaq izlərini öpüb səngəri tərk etdim. Mübarizin paltarı, telefonu, bizə yazdığı sonuncu məktubu hərbi prokurorluqda olduğundan, oraya gedib əşyalarını istədim. Vermədilər, dedilər ki, hələ yoxlanılacaq. Məktubun surətini çıxarıb evə qayıtdım. Həyətimizdə adam əlindən yer yox idi. Eşidən, bilən gəlmişdi. Hamı ağlayırdı. Dedim, ağlamağa gərək yoxdur. Oğlum arzusuna çatıb, şəhid olub. Ən əsası isə qisasını alıb. Yazdığı məktubu anasına göstərdən sonra o, bir az sakitləşdi. [b]Məktubun məzmunu belə idi:[/b] "Canım atam və anam! Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Bunu Allah üçün etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür! Vətən sağ olsun! Oğlunuz Mübariz". [b]- Yəqin ki, oğlunuzun meyiti hələ də düşmənin əlində olduğundan, təskinlik tapmaq çətindir... [/b] - O, şəhid olmazdan əvvəl qisasını aldı. Vətəni hər şeydən çox istədiyini şirin, cavan canından keçməklə sübut elədi və bununla da örnək oldu. Buna görə ağlamamağa çalışıram. Mübarizin ruhu da bunu məndən istəyir. Daim onu gözümün qarşısında görürəm. Mənə deyir ki, ata ağlama, mən örnək oldum, sən də atalara örnək ol! Vətən torpağı işğal altındadırsa, hələ şəhidlərimiz, canlarından keçənlərimiz olacaq. Düşmən qarşısında dik durmaq lazımdır. Müqəddəs kitabımız Quranda yazılıb ki, şəhidlər ölmür. Şükür edirəm ki, Allah oğlumu şəhid qəbul etdi və imkan verdi ki, düşməndən qisas alsın. Ona deyirdim, oxu, zabit ol. Sənin indi 30 əsgərin var, min olsa daha çox iş görə bilərsən. Amma qismət başqa imiş... [b]- Mübariz öz cəsur davranışları ilə bütün həmyaşıdlarına nümunə oldu. İndi Mübarizə bənzəmək istəyənlərin sayı sürətlə artır...[/b] - Mübariz şəhərlərdə - bahalı maşınlarda gəzən cavanların halına acıyırdı. Deyirdi ki, Vətən yolunda döyüşməyənlərə yazığım gəlir. Mübariz demirdi ki, Vətən mənə nə verib, deyirdi, mən Vətən üçün neyləmişəm?! Buna görə onu saxlaya bilmədim. İnanıram ki, Mübarizin qisası yerdə qalmayacaq. Bu yolda bir oğlumu da qurban verməyə hazıram. Buraya ali hərbi məktəbin kursantları da gəlmişdilər. Onlara dedim ki, hər biriniz Mübariz kimi qəhrəman ola bilərsiniz. Bunun üçün torpağı sevməlisiniz. O dərəcədə ki, öpüb bağrınıza basın, qoy, qanınıza keçsin. Hər şey torpaqdan başlayır, yaranışımız da, Vətən də. Torpağı sevənə ondan güc gəlir. Mübarizə də belə güc gəlib. Heç kəs Vətən borcunu unutmamalıdır. Mübariz düşünürdü ki, Vətən üçün əlindən gələni etməyə, hətta canından da keçməyə borcludur. Necə ki, keçdi. O, sanki mənə də yol qoyaraq dedi ki, sən də örnək ol, dişini sıx, şax dur, ağlama və mənim cəsədimi düşməndən istəmə. Düşmən hiss etməməlidir ki, mənim cəsədimin verilməməsi üçün üzülürsən. [b]- Mübarizin son döyüşü ilə bağlı yayılan fikirlər müxtəlifdir. Bu haqda Sizin dilinizdən eşitmək istərdik. [/b] - Biz seyid nəslindənik, ailəlikcə ibadət edirik. Mübariz axşam namazını qılandan sonra son məktubunu yazıb, telefonunu da söndürüb balışının altına qoyub. Çoxlu patron və silah götürərək 70 metrlik məsafədən düşmənin üstünə gedib. O, döyüşə kor-koranə getməyib, çünki peşəkar hərbçi idi. Axşam saat 11-də minalanmış ərazidən keçib. Sanki onu Allah aparıb. Minaya düşsəydi, arzusu ürəyində qalardı. 11.30-da atışma başlayıb. Oğlum 5 saata yaxın təkbaşına vuruşub. Postda duran 8 düşmən əsgərini səssiz zərərsizləşdirib. Dördünün boynunu sındırıb, dördünü bıçaqla vurub. Onun qayıtmaq imkanı da olub. Amma o, kazarmaya və silah anbarına da girərək oradakıların hamısını məhv edib. Düşmənin silahından istifadə edib. Elə şərait yaradıb ki, onlar özləri bir-birini vurub. Məndə olan məlumata görə, Mübariz 158 erməninin ölümünə bais olub. Başqa məlumata görə, o, 57 nəfəri öldürüb, 88 nəfəri yaralayıb. [b]- Eşitdiyimizə görə, ona Vətən deyirdiniz... [/b] - Üç oğlum vardı, Mübariz sonbeşiyim idi. O, səhərdən axşama kimi Vətəndən danışmağımı istəyirdi. Buna görə ona Vətən deyirdim. Bu sözü layla kimi qəbul edirdi. Sevinirəm ki, onu Vətənə fəda etdim. O, hətta bunun üçün məndən xeyir-dua da istəmişdi. Ona xeyir-duamı verəndə çox sevinmişdi. Gedib yoldaşlarına da sevinə-sevinə deyib ki, atam məni Vətənə qurban verdi. Mübariz öz qəhrəmanlığı ilə göstərdi ki, Qarabağ hansı bölgədə doğulmağından asılı olmayaraq, hər birimizin ağrısı olmalıdır. [b]- Övlad itkisi çox ağırdır. Belə itki vermiş valideyn kimi işğal altında olan torpaqlarımızın danışıq, yoxsa sülh yolu ilə qaytarılmasının tərəfdarısınız? [/b] - Qəhrəman şəhid atası olmaq çox məsuliyyətli yükdür. Mübariz bu yolu keçdi ki, ardıcılları da gəlsin. Məncə, məsələnin sülh yolu ilə həlli yalnız əsl birlik yaradacağımız halda mümkün ola bilər. Düşmən hiss etsə ki, birliyimizi pozacaq qüvvəsi yoxdur, öz-özünə islah olacaq. Əks halda, Mübarizin yolu ilə getməliyik. Artıq səbrimiz də tükənib. Düşmən nə vaxta kimi torpağımızda oturacaq? Canımızı qurban verməyi bacarırıqsa, heç kim qabağımızda dayana bilməz. Sevinirəm ki, yüzlərlə gənc mənə deyir ki, dua edin, Mübarizin yolu bizə də qismət olsun. Mübariz həmişə deyirdi ki, döyüşmək istəyən, qeyrətli, qorxmaz oğlanlarımız çoxdur... [b]- Heç şübhəsiz ki, Mübarizin bir qəhrəman kimi yetişməsində valideynlərin rolu hamıdan çoxdur... [/b] - Elədir. Bəlkə də mən oğluma xeyir-dua verib, səni Vətənə qurban verirəm deməsəydim, bu cür qəhrəmanlıq edə bilməzdi, minaya düşərdi. O, arxayın oldu, sevinə-sevinə getdi. Bu, onun alın yazısı idi. Bizə deyirdi, burada rahatlıq tapmıram, ürəyim Qarabağın dağlarındadır. O, gizir olmaq istədiyini bildirəndə mən də, anası da xeyir-duamızı verdik. Hər bir valideyn dərk etməlidir ki, şəhidlik ölmək deyil. Bunu Qurani-Kərim deyirsə, niyə inanmayaq? Mən də valideynlərə örnək olmaq istəyirəm ki, övladlarının şəhid olmasına rahat yanaşsınlar. Bu, onların cənnətə daxil olması deməkdir. Düşmənlə üzbəüz dayanan əsgərlərimiz bilsələr ki, şəhid olsalar, ata-anaları üzülməyəcəklər, əksinə, sevinib fəxr edəcəklər, qorxuları olmayacaq və qəhrəmanlıq edəcəklər. Mübariz mənə deyirdi ki, ata, var-dövlət kimi, övlada da çox bağlanmaq günahdır. Deyirdi, mən şəhid olanda atamın sevinməyini arzulayıram. Onun düşüncəsi həddən artıq yüksək idi. [b]- Oğlunuzun cəsədinin qaytarılacağına inanırsınız? [/b] - Ermənilər cəsədi əvvəlcə bir həftəyə qaytarmağa söz vermişdilər. Sonra hansı tərəfdənsə onlara təsir oldu, dediklərinə əməl etmədilər. Özləri 2 ildir meyitlərini istəmirlər. Amma bilirlər ki, bizim millətimiz üçün cəsəd qiymətlidir, buna görə də bundan istifadə edirlər. Mübariz bilirdi ki, belə olacaq. Buna görə, mənim üçün onun meyitinin olmaması az fərq edir. Onsuz da Mübarizin ruhu yanımdadır. Hətta mənə toxunur da. Qardaşlarını, əmilərini namaza oyadır. İstədiyi vaxt gəlir də, gedir də. Müharibə şəraitindəyik, hələ şəhidlərimiz olacaq. Ola bilər, ermənilər meyitlərdən bizi sındırmaq üçün istifadə etsinlər. Buna önəm verməyi valideynlərin beynindən çıxarmaq istəyirəm. [b]- Bəs, Mübarizin anası niyə gözə dəymir? [/b] - Anası evdən bayıra çıxmır. Mübarizin şəkilləri ilə danışır, onlarla yatır. Çoxları onun şəklini saxlayır. Mübariz artıq bütün xalqın oğludur. Yanımıza bir kişi də gəlmişdi. Dedi, İngiltərədən gəlinim zəng edib tapşırıb ki, Mübarizgilə get!

Digər xəbərlər
SON XƏBƏRLƏR