"Xəzər" büdrədi, "Neftçi" liderliyini qorudu

img

03-10-2010 [05:30]


Dünən Premyer Liqada növbəti prinsipial oyun baş tutdu. "Neftçi"nin ardınca "Bakı" Lənkərana səfər etdi və "Xəzər Lənkəran" əzəli rəqibi üzərində qazandığı uğuru artıq onlar üçün prinsipial rəqibə çevirilmiş "Bakı"yla matçda davam etdirə bilmədi. Oyun "Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçdi və təsadüfi deyil ki, 23-cü dəqiqədə Uinston Parks hesabı açdı. Lakin lənkəranlılar ikinci qolu rəqib qapısından keçirə bilmədi. "Bakı"nın oyunu qarşılaşmanın sonlarına qədər alınmadı. Ancaq 85-ci dəqiqədə paytaxt klubu istəyinə çatdı. Vaqif Cavadovun küncdən qaldırdığı topa Stefan Borbikoninin baş zərbəsi Kamran Ağayev üçün qarşısıalınmaz oldu. "Bakı"nın heyətində ikinci qoluna imza atan fransalı futbolçu ardıcıl üçüncü oyunda da "Xəzər Lənkəran"ın "Bakı"ya qalib gələməsinə imkan vermədi. "Xəzər Lənkəran" və "Bakı" arasında oyunla həmişə gərginliyi ilə yadda qalsa da, ötən mövsümün sonunda bu komandalar arasında "düşmənçiliy"in əsası qoyulub. Belə ki, Premyer Liqanın son turunda Lənkəranda "Xəzər Lənkəranı çempionluqdan edən "Bakı" Azərbaycan Kubokunun finalında da rəqibini üstələyib, titulsuz qoydu. Üstəlik "Bakı"nın finaldakı ilk qolu "Fair-Play" qaydaları çərçivəsində vurulmadığından, günlərlə futbol ictimaiyyətinin gündəmini zəbt etmişdi. Dünən "Xəzər Lənkəran" futbolçuları və azarkeşləri həmin qarşılaşmanın intiqamını almaq istəyirdi. Amma qisas bu dəfə də baş tutmadı və ümid Bakıdakı cavab oyununa qaldı. Bu oyunun nəticəsi hamıdan çox "Neftçi"yə sərf etdi. Çünki paytaxt klubu bir həftəlik fasilədən sonra iki gün əvvəl ələ keçirdiyi liderliyini qorumuş oldu Turun digər oyunu "Turan"la "Qarabağ" arasında baş tutub və Qurban Qurbanovun yetirmələri bu oyundan qalib ayrılıblar. Qolu 65-ci dəqiqədə Emin İmaməliyev vurub. Digər qarşılaşma isə "MOİK"lə "Gəncə" arasında baş tutub. Bu ounda isə "Gəncə"lilər ordu klubunu darmadağın ediblər - 0:5. Qolları Junivan Suares 13, 42, Samir Zərgərov 75, Ceyhun Sultanov, 80 (penaliti.), Armand Feutchne 90-cı dəqiqədə vurublar. Bu məğlubiyyətdən sonra azərkeşlər MOİK-in baş məşqçisinin istefasını tələb ediblər. Baş məşqçi Ramil Əliyev isə azərkeşlərin tələbinə məhəl qoymadan özü istefaya getdiyini açıqlayıb. O, 7 oyundur qol vura bilməyən komandadan ayrılmasını elə "Gəncə"ylə görüşdən sonra açıqlayıb: "Komandanın oyunundan narazı qaldım, çox zəif oynadıq. "Gəncə" ilə 180 dəqiqə oynasaydıq belə, bu cür oyunla onların qapısına bir qol belə vura bilməyəcəkdik. Mən baş məşqçi postundan istefa verirəm, MOİK klubuna uğurlar arzulayıram. "Gəncə" klubunu qələbə münasibəti ilə təbrik edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA