"Seçkilərin 6 ay önə çəkilməsi “Qocalar evi”ndəkiləri pat vəziyyətinə salıb" - Partiya sədri

img

06-02-2018 [11:38]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezident İlham Əliyevin seçki gününü dəyişdirilməsi ilə bağlı son sərəncamına öznəməxsus yanaşması var.

Moderator.az-a açıqlamasında partiya sədri deyir ki, dünəndən istər politoloqların, istərsə də prezidentliyə potensial namizədlərin, yaxud həmin namizədlərin yaxın ətrafının məsələyə şərhləri ilə tanış olur:

"Məni ən çox təəccübləndirən, daha doğrusu, ironik gülüş doğuran iddia guya İlqar Məmmədovun seçkilərə buraxılmaması üçün vaxtın 6 ay qabağa çəkilməsidir. Gəlin insafən nəinki Bakıda, istənilən rayonda küçədən keçən 100 adamdan İlqar Məmmədovun şəkilin göstərib bu adamın kim olduğunu soruşaq, əgər həmin 100 adamdan 2 nəfəri onu tanısa, mən nəinki prezidentliyə namizədlikdən və ümumiyyətlə siyasi fəaliyyətdən imtina edərəm, onun özündən də üzr istəyərəm. Amma axı adamın bir vicdanı olar. Bu qədər hoqqabazlıq, bu qədər gözə kül üfürmə olmaz ki. İlqar Məmmədov bu hakimiyyət üçün hansı təhlükə yarada bilər və ya o nəinki İlham Əliyevə, heç bağça müdirinə də rəqib olacaq birisi deyil. Sadəcə Azərbaycanı istəməyən beynəlxalq dairələr İlqar Məmmədovu əllərində siyasi təzyiq aləti kimi tutaraq bulanıq suda balıq tutmaq həvəsinə düşüblər. Amma xam xəyaldır və bu dəfə İlham Əliyev çox peşəkarlıqla Azərbaycana qarşı çirkin planlar qurmağa hazırlaşan bütün xarici qüvvələri seytnot vəziyyətinə saldı. Eyni zamanda mən çox ümidliyəm ki, nəhayət bu seçkilərdən sonra Ermənistana haqq etdiyi qulaqburmasını verəcəyik. Təkcə mənim üçün deyil, bütün millətim üçün bir nömrəli məsələ prezident seçkiləri yox, Qarabağın işğaldan azad edilməsidir. Ona görə də prezidentin dünənki sərəncamından sonra məndə bu məsələnin həllinə bir nikbinlik yaranıb. Eyni zamanda kimsənin demədiyi bir vacib məqamı da oxucularınıza bildirmək istəyirəm. Prezident seçkiləri günü qanunla Nazirlər Kabinetinin fəaliyyətinə xitam verilir və inauqurasiyadan sonra hökumət yenidən formalaşdırılır. Prezidentin tövsiyyəsi və şifahi xəbərdarlığı ilə üzüsulu istefaya getməyənləri, kreslolardan dədəsinin malı kimi ikiəlli yapışanların bir çoxunu yeni hökumətin tərkibində görməyəcəyik. Yəni seçkilərin 6 ay önə çəkilməsi təkcə xaricdəki məkrli qüvvələri deyil, eyni zamanda "Qocalar evi”ndəkilərin bir çoxunu pat vəziyyətinə salıb. Bir sözlə, maraqlı hadisələr gözləyir bizi. Millətimiz və dövlətimiz üçün xeyirli olsun".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA