"Parlament siyasətçilərin meydanıdır, biznesmenlərin yox"

img

05-09-2010 [06:06]


[b]Niyaməddin Orduxanlı: "İsa Qəmbər Əli Kərimli ilə əməkdaşlıq etməklə Müsavat Partiyasının imicinə ciddi zərbə vurdu" [/b] Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir. Təmsil olunduğu qurumun və özünün seçkidəki planlarından danışan N.Orduxanlı öncə hazırkı ictimai-siyasi durum və seçkiöncəsi vəziyyətlə bağlı fikirlərini bildirdi. - Parlament seçkiləri yaxınlaşdıqca siyasi fəallığın artması müşahidə edilir və bu da təbidir. Bu dəfə də seçki çox aktiv keçiriləcək. Artıq BAXCP-BQP-Ədalət partiyaları "İslahat" seçki blokunu elan ediblər. Bizim blok müxalifətin ən güclü blokudur. Bu blokun rəhbərləri olan partiya sədrləri uzun müddət ciddi postlarda təmsil olunublar. "İslahat" bloku bu seçkidə ana müxalifət kimi çıxacaq. Bizim əsas rəqibimiz YAP-dır. Hətta deyərdim ki, seçkinin favoriti YAP-dır. Biz narazı elektoratın səsini almaq uğrunda mübarizə aparacağıq və inanıram ki, buna nail olacağıq. 3 partiyanın yerlərdəki rayon şöbələrinin kifayət qədər sosial bazası var ki, istəyimizi reallaşdıraq. Nəzərdən qaçırmayın ki, son 2009-cu il bələdiyyə seçkilərində BAXCP ilə BQP ikinci və üçünçü yerləri tutan partiyalardır. Bu blokun rəsmən 600-dən yuxarı bələdiyyələrdə rəsmi təmsilçiləri var. Amma Müsavat Partiyası son bələdiyyə seçkilərində 11 yer tutmuşdu. AXCP isə namizəd tapıb seçkiyə nüməyəndə verə bilmədi. [b]- Bu dəfə neçə yer qazana biləcəksiniz? [/b] - Bizim əsas hədəfimiz ana müxalifət kimi qalib gəlib, ən azından 25 yer qazanaraq parlamentdə müxalifət fraksiyasını yaratmaqdır. Bilirsiniz ki, parlamentdə indiyə qədər müxalifət fraksiyası yoxdur. Qanuna görə fraksiya yaratmaq üçün ən azından 25 nəfər olmalıdır. Hətta Ermənistan parlamentində müxalifət fraksiyası var, amma bizdə yoxdur. [b]- Özünüz hansı dairədən namizəd olacaqsınız? [/b] - Yaşadığım rayonda 2 seçki dairəsi var. 44 saylı Sumqayıt-Abşeron - bu dairənin deputatı biznesmen Baba Tağıyev və 45 saylı Abşeron seçki dairəsi və dairənin də deputatı cənab spiker Oqtay Əsədovdur. Son 11 il ərzində Abşerondan 4 dəfə seçkidə iştirak etmişəm. 1999, 2004 və 2009-cu illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsindən bələdiyyə seçkilərində iştirak edib, müxalifətin namizədi kimi 3 dəfə qalib gəlmişəm. Bələdiyyə sədrinin müavini vəzəfəsinə qədər seçilmişəm. 1999-cu ildə Əbülfəz Elçibəyin partiyasının namizədi kimi Azərbaycanın ən gənc bələdiyyə üzvü olmuşam. Hətta Avropa Şurasının Monitorinq Qrupu Azərbaycanda müxalifət numayəndəsinin 21 yaşda qalib gələməsini xüsusu qeyd etmişdi. Böyük seçki təcrübəm var. Bu dairədə kifayət qədər tanınmış şəxsəm. Böyük ehtmalla bu iki dairənin birindən namizədliyimi verəcəm. Ən çox səs qazanmaq imkanım 45 saylı dairəyə düşür. Amma bu yaxınlarda seçici dislokasiyasında dəyişiklik edilib. 45 saylı dairənin 6 qəsəbə və kəndini 44 saylı dairənin ərazisinə veriblər. Ona görə də hələ qərarımı verməmişəm. Bu dairənin əsas seçici elektoratı ziyalılardır. Bu dəfə də böyük bir kamapaniya aparacam və həm blokun vahid namizədi olmağım əlavə imkanlarımın artması deməkdir. Mənim əsas rəqibim isə YAP-ın namizədi olacaq. [b]- Müsavatla AXCP-nin yaratdığı blokun namizədini rəqib saymırsınız? [/b] - Qətiyyən yox! Bu iki dairənin hər birindən verdikləri namizədlərin adlarını ilk dəfəydi ki, eşidirdim. Mənim 33 yaşım var və 15 ilə yaxındır ki, aktiv siyasətlə məşğulam. Əbülfəz Elçibəy partiyanın sədri olanda, mən partiyanın gənclər komitəsində şöbə müdiri idim. Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra mənim liderim Qüdrət Həsənquliyevdir. AXCP-nin birləşməsinə ilk dəstək verən şəxslərdənəm. Son 15 il ərzində bütün seçkilərdə iştirak etmişəm. 2003 və 2008-ci illərdə də prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili olmuşam. Onların təqdim etdiyi namizədlər isə nəinki respublika səviyyəsində, hətta rayon səviyyəsində belə tanınmırlar. Müsavat və AXCP-nin namizədləri həddindən artıq zəif namizədlərdi. Bu faktı artıq özlərinin mətbuat orqanlarında - "Yeni Müsavat" və "Azadlıq"da da etiraf edirlər. [b]- Ötən seçkidə alternativiniz Oqtay Əsədov idi. Bu dəfə Milli Məclisin sədrinə alternativ olmaq barədə düşünürsünüzmü? [/b] - Bu dəfə çalışacam ki, spikerlə eyni dairədən namizədliyimiz olmasın. Hər halda Oqtay Əsədov ölkənin 3-cü şəxsidir və istəməzdim ki, spikerlə alternativ olum. Cənab spikerin seçilmək imkanları genişdir. [b]- Seçkidə kiməsə güzəştə gedə bilərsinizmi? [/b] - Heç kimə güzəştə getməyəcəm. Mən bir dəfə bunu etmişəm. İnanmıram, elə bir namizəd olsun ki, ona hansısa güzəşt edim. [b]- Ümumiyyətlə, gözləntiləriniz nədən ibarətdir? [/b] - Bu seçkiyə böyük ümidlə qatılıram. Düşünürəm ki, abşeronlular həyatının 15 ilini siyasətə həsr etmiş, dövlətinə möhkəm bağlı olan, daim Azərbaycanın milli məsələsini müdafiə edən, bütün varlığı ilə bu xalqa bağlı olan və rayonun problemlerini kifayət qədər bilən və bu istiqamətdə daim çalışan partiya sədrinin müavini statusunda olan Niyaməddin Orduxanlıya səs verəcək, nəinki, hansısa biznesmenə. Çünki parlament adından da göründüyü kimi, siyasətçilərin meydanıdır, biznezsmenlərin yox. Çox inanıram ki, bu dəfə mandat qazana biləcəm. [b]- Müxalifətdən olan digər bloklardan Sizin blokun fərqi nə olacaq? [/b] - Bizim blok hansısa xarici dövlətin təsirində olmayan və öz xalqını təmsil edən blokdur. [b]- Belə çıxır ki, digər blokları xarici dövlətlər yaradıb? [/b] - Mən konkret Müsavatla-AXCP-nin yaratdığı bloku nəzərdə tuturam. Necə ola bilər ki, 5 il ərzində hər gün Əli Kərimli mətbuatda İsa Qəmbəri xəyanətkar adlandırsın və yaxud da əksinə, İsa Qəmbər Əli Kərimlini xəyanətkar adlandırsın, amma seçki vaxtı blok yaradıb birgə əməkdaşlıq etsinlər? Neçə olur ki, Əli Kərimli "Azadlıq" blokunu dağıdıb, Lalə Şövkətə xəyanət edərək İsa Qəmbərlə birləşir? Bunların hamısı xarici qüvvələrin təsiri ilə edilir. 2005-ci il seçkilərində iki partiya Əli Kərimlini müdafiə edib ki, İsa Qəmbər yox, Əli Kərimli haqlıdır. İndiyə qədər bunlar Əli Kərimli ilə birgə gəliblər. Ancaq Əli Kərimli onlarla bir yerdə gələn adamları qırağa qoyub özünün də xəyanətkar saydığı Müsavatla seçkiyə gedir. İsa Qəmbər Əli Kərimli ilə əməkdaşlıq etməklə Müsavat Partiyasının imicinə ciddi zərbə vurdu. Belə bir blokun hansı uğurundan danışmaq olar? Odur ki, onların yaratdığı blok bizim rəqibimiz deyil. Bunlar keçmişi təmsil edən blok olacaq. Artıq Əli Kərimli ilə İsa Qəmbəri siyasi arxivlik sayıram. 2000-ci ildə Etibar Məmmədov, 2005-ci ildə Əli Kərimli arxivə göndərildi, bu seçkidə isə xalqımız İsa Qəmbəri arxivə göndərəcək. Bizim blokun hədəfi isə ana müxalifət olaraq üzərimizə düşən missiyanı yerinə yetirməkdir. Biz ölkədə bütün sahələrdə islahatların aparılmasını istəyirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA