ADP Sarksiyanın Xankəndinə səfərinə etiraz etdi

img

30-08-2010 [02:41]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Sentyabrın 7-də keçirilməsi nəzərdə tutulan BMT-in 64-cü sessiyasının gündəliyinə çıxarılacaq məsələlərə münasibət bildirən İdarə Heyəti üzvləri bu beynəlxalq kürsüdən Azərbaycanın yüksək səviyyədə təmsil olunması üçün ciddi səylər göstərməsinin vaxtı çatdığını bildirib və gündəliyə çıxarılacaq ?Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında? Qətnamə ilə yanaşı bu vaxta qədər Dağlıq Qarabağ probleminin həllinə dair BMT tərəfindən qəbul edilmiş qətnamələrin icra vəziyyəti ilə bağlı məsələnin müzakirə edilməsinə nail olmasının vacibliyini diqqətə çatdırıb. ATƏT-in Bakı ofisinin qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar təşkil etdiyi dəyirmi masada İctimai televiziya kanalında, regional telekanallarda, xüsusilə də dövlət televiziyasında seçkilərdə iştirak edəcək bütün namizədlərə bərabər əsaslarla şərait yaradılması ilə bağlı verdiyi tövsiyələri məqbul hesab edib və Azərbaycan hakimiyyətini bu seçkilərin demokratik və şəffaf keçirilməsi üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. İdarə heyəti üzvləri Fransanın ölkə ərazisində sığınacaq tapmış mühacirləri zor gücünə deportasiya etməsindən narahat olduğunu bildirib və bu hərəkətin beynəlxalq hüquqa zidd olmaqla bərabər şovinizmə zəmin yaratdığını diqqətə çatdırıb və dünya ölkələrini Fransa hökumətinin insanlığa zidd olan bu qərarına təpki göstərməyə çağırıb. Ermənistan prezidenti S.Sarksiyanın Dağlıq Qarabağa səfəri və bu səfər zamanı danışıqların ruhuna zidd bəyanatla çıxış etməsinə münasibət bildirən İdarə heyəti üzvləri bu cür bəyanatların ATƏT-in Minsk qrup çərçivəsində aparılan danışıqlara uyğun gəlmədiyini bildirib və hakimiyyəti Azərbaycanın yurisdiksiyasına daxil olan əraziyə qeyri qanuni səfər etməsinə görə S.Sarksiyanı arzu olunmaz şəxs elan etməyə və bu cür hərəkətlər davam etdirdiyi halda danışıqları dayandırmağa çağırıb. Rusiya prezidenti D.Medvedevin Azərbaycana gözlənilən səfərinə diqqət çəkən İdarə Heyəti üzvləri Ermənistanla hərbi razılaşmadan sonra onun Azərbaycana gəlişinin xalqımız üçün arzu olunmaz olduğunu bildirib və hakimiyyəti gözlənilən bu səfərdə o siyasi kursu götürməyə çağırıb ki, bu ölkə ilə bağlanacaq müqavilələrin şərtləri hərbi sahə istisna olmaqla iqtisadi sferalarda onun Ermənistanla əldə etdiyi razılaşmaları kompensasiya edə bilsin. İdarə heyəti üzvləri həmçinin Rusiyanın birtərəfli qaydada Ermənistanı silahlandıma siyasətindən nəticə çıxarmağa və Azərbaycanın hərbi qüdrətinin artırılması üçün alternativ yollar axtarmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA