Tacikistanın Dövlət Komitəsinin sədri Azərbaycan səfirini qəbul edib - Müzakirə + FOTO

img

05-10-2017 [19:43]


Tacikistanın İnvestisiya və Mülkiyyətinin İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri Fayziddin Kaxxorzoda bu gün Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovu qəbul edib.

Bu barədə səfirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə iki ölkə başçıları arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx mədəni və elmi əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunub.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verən səfir A.Həsənov 25 il ərzində Azərbaycan Respublikasının müharibə və xaosdan iqtisadi inkişaf və tərəqqiyə qədər keçdiyi yoldan danışmış, ölkənin iqtisadi inkişafının 1993-cü ildə xalqın xahişi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı olduğunu qeyd etmiş, həmin uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən bugün də müvəffəqiyyətlə davam etdirildiyini diqqətə çatdırıb. 

Müstəqillik illəri dövründə, ölkə ərazisində tikilən 6 beynəlxalq aeroportun, çəkilən 11.000km magistral və şosse yolların, tikilən yüzlərlə hotel və mehmanxanaların ölkəyə böyük turist axının gəlməsinə səbəb olduğu qeyd edən səfir A.Həsənov bildirib ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğur və təcrübələrin, o cümlədən sənaye və kənd təsərrüfatında əldə edilmiş təcrübənin Tacikistan tərəfi ilə bölüşməyə hazırdırlar.

Söhbət zamanı komitə sədri Fayziddin Kaxxorzoda "Asan Xidmət" brendinin və Dövlət Əmlak Komitəsinin təcrübəsinə ölkəsində böyük marağın olduğunu bildirərək, DƏK-nin sədri cənab Kərəm Həsənovla görüşmək və əməkdaşlıq üçün mövcud olan məsələləri müzakirə etməyə hazır olduğunu vurğulayıb. 

Görüşdə həmçinin, Tacikistan ərazisində elan edilən tender layihələrində azərbaycanlı şirkətlərinin daha da yaxından iştirak edəcəklərinə inam ifadə olunmuşdur. Öz növbəsində səfir A.Həsənov bildirmişdir ki, DƏK-si Daşınmaz Əmlakın dövlət reyestri, Dövlət əmlakının kadastrı və ünvan reyestri üzrə dövlət siyasəti yaxşı nəticə vermişdir və bu sahədə Azərbaycan tərəfi bölüşdürməyə hazırdır.

"Asan Xidmət" haqqında səfir A.Həsənov geniş məlumat vermiş və bildirib ki, Asan Xidmətin üstün cəhəti əhaliyə korrupsiyasız, əngəlsiz xidmətin göstərilməsidir.

Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğuna baxmayaraq, Düşənbə-Bakı birbaşa hava reysinin bərpası məsələsinin bu günə kimi həll olunmamasının bu istiqamətdə işlərin həyata keçirilməsinə böyük maneəçilik törətdiyi səfir A.Həsənov tərəfindən həmsöhbətinin diqqətinə çatdırılmışdır.

Tacikistan tərəfi Azərbaycandan neft məhsullarının və xam neftin alınmasında maraqlı olduğunu, Aşağı Pənc əyalətində mövcud olan azad iqtisadi zonada Azərbaycan şirkətlərinin də yaxından iştirakına ümid etdiyini bildirmişdir.

Görüşdə Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdiyi vurğulanmış, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədi ilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunmuş, vergi və gömrük sahəsində asanlaşdırılmanın həyata keçirilməsi, həmçinin Azərbaycanda istehsal olunan geniş çeşidli məhsulların - həm sənaye, həm də ağır sənaye məhsullarının Tacikistan bazarına gətirilməsi məqsədəuyğun hesab edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA