"Nazirlərin, icra başçılarının əmlakı siyahıya alınmalı, prezidentin stolunun üstünə qoyulmalıdır" - Tələb

img

05-10-2017 [11:29]


Bəzi məmurların müxtəlif xarici ölkələrdə dəyəri milyonlarla hesablanan daşınmaz əmlaka sahib olması ilə bağlı ölkə mətbuatında zaman-zaman müxtəlif infomasiyalar yer alıb. 

Əgər deyilənlər doğrudursa, həmin əmlakların dövlətin xeyrinə müsadirə edilməsi reallaşa bilərmi?

Moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu istiqamətdə ciddi addımlar atmağın zəruri olduğunu vurğuladı:

"Azərbaycanlı məmurların xaricdə çoxlu sayda əmlaklara malik olması yeni informasiya deyil. Bəzi məmurlar bunu özləri də etiraf edir. Məsələn, bir neçə il bundan öncə o zaman kənd təsərrüfatı naziri vəzifəsində çalışan İsmət Abbasovun xaricdə, Böyük Britaniyada evinin olduğu bildirilmiş, bununla bağlı şəkil də ortaya qoyulmuşdu. İ.Abbasov bunu danmadı. Bildirdi ki, onun orada övladı yaşayır və bu olmalıdır. Bu, onlara elə gəlir ki, olmalıdır. Əslində isə olmamalıdır. Çünki bu, xalqın sərvətidir. Bir çox nazirin, komitə sədrinin də bu cür əmlakları var. Ziya Məmmədov və digər nazirlər haqqında ölkə mətbuatında yazılanlar da hamıya bəllidir. 

Məndə olan məlumata görə, ölkə başçısı bu cür məmurlarla bağlı ciddi addımlar atıb. Müəyyən tapşırıqlar verilib. Yoxlamalar gedir. Bəzi məmurların əmlakının müsadirəsi gözlənilir. Bununla yanaşı qeyd etməliyəm ki, Azərbaycanda siyasətlə məşğul olan şəxslərin də xaricdə mülkləri var. Əgər həqiqəti deyiriksə, hərtərəfli deməliyik. Yoxsa xalq bizə inanmaz. 

Müxalifət liderlərinin də çoxunun övladı xaricdədir. Onların xaricdə villası da, əmlakı da var. Bəzilərinin isə hətta Pekində supermarketi var. 

İcra başçısı tanıyıram ki, Almaniyanın Kölnşəhərində ermənilərlə böyük xəstəxana açıb. Bu, dəyəri milyonlarla ölçülən layihədir. Bu da ortaya çıxmalıdır. Nazirlərin, icra başçılarının həm xaricdə, həm də daxildəki əmlakı siyahıya alınmalı, prezidentin stolunun üstünə qoyulmalıdır. Özünü "dədə müxalifəti”, "bacı müxalifəti” adlandıran, ermənilərin qaynatası olan müxalifət təmsilçilərinin də xaricdəki mülkləri müəyyən edilməlidir. Bu faktlarla bağlı cinayət işi qaldırılmalıdır. Prezidentin nəzarəti altında olan bir fond yaradılmalıdır. Həmin fonda daxil olan vəsait isə təhsilin, səhiyyənin inkişafına, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilməlidir. Bu, xalqın da rəğbətinə səbəb olar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA