Ailem.az-ın müsahibi müğənni Günel Ələkbərovadır.
- Günel xanım, çoxdandır efirlərdə görünmürsünüz, deyəsən başınız analıq qayğılarına qarışıb…
- Analıq hissi o qədər gözəl bir hissdir ki... Deyərdim, bu, Allahın insana bəxş elədiyi ən gözəl duyğudur. Bu hissi sözlə ifadə etmək olmur. Sizin də dediyiniz kimi, uzun zamandır efirlərdə görünmürəm, tədbirlərin heç birində iştirak etmirəm. Qızımla məşğul oluram. Artıq 3 yaş 3 aylıqdır. Dayəsi də yoxdur, yalnız özüm baxıram. Bəzən isə hansısa iş olanda yalnız anama etibar edərək verirəm ki saxlasın. Amma bu da çox qısa bir zaman üçün olur. Uşağımı özüm saxlayıram.
- Övladınıza ana südü də verirdiniz?
- Bəli bir müddət ana südü ilə qidalandı, daha sonra uşaqlar üçün olan əlavə qidalarla qidalandı.
- Bəs yeməkləri necə, özünüz bişirirsiniz, yoxsa kiminsə köməyindən istifadə edirsiniz?
- Yox, mən o qədər də imkanlı deyiləm ki, qulluqçum olsun. Hər şeyi özüm edirəm, ev işlərini də, yeməyi də. Deyə bilmərəm ki, peşəkar aşbazam, amma necə deyərlər, çulumu sudan çıxarıram. Hazırladığım xörəklər dadsız alınmır. Əgər reseptini də bilməsəm, anamdan, yaxınlarımdan öyrənirəm, bişirəndə də dadlı alınır. Həm də indi internetdə də hər bir xörəyin bişirilmə qaydası var. Oradan da xoşuma gələn reseptləri götürərək asanlıqla bişirirəm. Yenə də deyim ki, peşəkar şəkildə yemək hazırlayıram və yemək bişirməyi sevirəm, bu, yalan olar. Mətbəxi sevmirəm. Daha çox hazıra-nazir olmağı xoşlayıram. Amma son zamanlar həyat məcbur edir ki, hər şeyi özüm edim.
- Mətbuatda çox zaman sizin hansısa əməliyyatlar, bədəninizdə plastik yolla müəyyən dəyişikliklər etdirməyiniz barədə yazırlar. O yazılanların hansı doğrudur?
- Hərənin öz bədəni var və hansısa dəyişikliyi etmək onun öz işidir. Hər kəs də öz əməlinə görə, həm bu dünyada, həm də o biri dünyada cavab verəcək. Mən burada günah bir şey görmürəm və plastik əməliyyata da pis baxmıram. Əgər bir insanın nəyəsə ehtiyacı varsa, bir insan nədənsə kompleks keçirirsə və bu narahatlıqları aradan qaldırmaq imkanı varsa, maddi vəsaiti yetirsə, niyə də etməsin? Amma mənim bədənimdə bir dənə də olsun əməliyyat yoxdur.
- Yəni deyirsiniz ki, siz heç vaxt plastik əməliyyat etdirməmisiniz?
- Etdirmişəm, amma bədənimdə yox. Mən sadəcə burnumda əməliyyat elətdirmişəm. Daha sonra da dodaq kiçiltmə əməliyyatı olub. Amma onu da deyim ki, gələcəkdə ehtiyac olarsa, bu cür əməliyyatları elətdirəcəm. Niyə də yox?!
- Dəblə nə qədər ayaqlaşırsınız?
- Əvvəllər geyimə çox pul xərcləyirdim. Nağd pulla 5-6 paltar birdən alırdım. Amma indiki ağlımla, əsla bunu etmərəm. Çünki ana olandan sonra bəzi şeyləri fərqli düşünməyə başladım. Həm də buna heç maddi imkan da yoxdur.
- Hazırda sənətlə bağlı hansısa işlər görürsünüz?
- Hazırda yeni mahnılar üzərində işləyirəm. Amma bəziləri kimi demirəm ki, bir həftədən sonra bir mahnı çıxardacam, partlayış olacaq, aləm dəyəcək bir-birinə. Sonra da heç nə olmur. Elə şeylərlə mənim aram yoxdur, reallıq nədir onu deyirəm. Bəzən də elə özüm əvvəlcədən demirəm, çünki bu, mənə düşmür. Çalışıram nəyisə həyata keçirim, ondan sonra məlumat verim ki, Allahın işini bilmək olmaz, nəsə tərs gedər insanların içində pərt olaram.
- Nəzərdən çox qorxursunuz deyəsən…
- Bəli, mənim belə inanclarım var. Kimsə tək səbir gətirdisə, qayıdıb bir-iki saniyə də olsa, yerimdə otururam. Qarşımdan pişik keçərsə, yolumu dəyişirəm. O cümlədən də nəzərə çox inanıram.
- Bəs cadudan qorxursunuz?
- Bilirsiz, cadudan təmizlənməyin yolları var. Ondan azad ola bilirsən...
- Məsələn, siz cadudan necə təmizlənirsiniz, bəlkə bu sirri bizə də açasınız?
- Mən caduya da, fala da inanıram. Nəinki biz müğənnillər, ümumiyyətlə, çox insanlar falçıya müraciət edir. Yalandan da deyirlər ki, getmirik. Amma falçıya gedəndə də növbədən içəri girə bilmirsən. Mən tanıdığım çox məşhurlar var ki, bütün günü yatıb qalırlar falçıda. Amma bunu gizlədirlər, danışanda deyirlər ki, nə fal, nə cadu?! Mən şəxsən falçıya gedirəm. Bu, mənə maraqlı gəlir. Məsələn, filan işim necə olacaq? Təbii, bilirəm, bütün olanlar Allahın əlindədir və bəndə nə karədir ki, onu dəyişsin. Sadəcə kiçik maneələri aradan qaldırmaq olur. Allah bizi mərdimazarlardan uzaq eləsin.
- Falçıya gedərək həyatınızda nəyi dəyişdirmək istəyirsiniz?
- Yox, mən heç bir şeyi dəyişdirmək üçün getmirəm. Həm də gedib kiməsə pislik üçün nəsə edim, elə şeyləri sevmirəm və heç vaxt eləmərəm.
- Düşünürsünüz ki, kimlərsə sizə cadu eləyir?
- Bəli, həqiqətən də bu belədir. Mənə o qədər cadu edirlər ki...
- Bəs cadu eləyənlər kimlərdir sizcə, sənətçilər, yoxsa…?
- Xeyr, sənətçilər deyil. Mən bəyəm bir nömrəli müğənniyəm, ya elə oxuyuram ki, bütün konsert salonları dolub-daşır? Yaxud mən elə pullar qazanmıram ki, sənətçi gedib paxıllıqdan ayağımın altını qazsın. Yox… Mən bilirəm də vaxtı ikən o qədər adamlar olub ki, onlara çörək vermişəm, indi mənə bədxah olublar.
- Sizin inandığınız öz falçınız var, yoxsa ayrı-ayrı falçıların xidmətindən istifadə edirsiniz?
- Öz inandığım biri var, ona müraciət edirəm. Hansısa işlərimlə bağlı mənə xəbər verir. Düzdür, dediyi 100 faiz eyni olmur, amma haradasa təsəlli tapıram. Bunun üçün stabil məbləğ ödəyirəm. Bəzən xoşuma gələn bir şey olanda bir az artıq ödəyirəm. Falçılarla bağlı bir xatirəmi də paylaşım. Bir dəfə qızlarla qoşulduq getdik bir falçı kişinin yanına, hamımıza ruzi duası yazdı. Hamı pullandı, amma mən, əksinə, müflis oldum. Sadəcə olaraq kartla, ən çox da kofe ilə falıma baxdırıram. Kim mənə nəsə edirsə, onların qarşısını alıram.
- Sizə sponsorluq təklifi çox olur?
- Daha mənə sponsorluq təklifləri gəlmir (gülür).
- Bildiyimiz qədərilə rəsmən evli deyilsiniz…
- Bu, artıq mənim öz şəxsi həyatımdır. Bunun heç kimə aidiyyəti yoxdur, mən rəsmi evliyəm, yaxud qeyri-rəsmi. Əsas odur, övladım halallıqla, dini kəbinlə dünyaya gəlib. Bəzən deyirlər, mən uşağıma həm ana olmuşam, həm ata. Bu, belə deyil. Nə ana atanı, nə də ata ananı əvəz edə bilməz. Allahıma çox şükürlər olsun ki, mənim övladımın atası da, anası da yanındadır və qayğı ilə əhatə olub.
- Qızınız ögey bacı-qardaşları ilə görüşür? Ümumiyyətlə, onlarla əlaqəniz varmı?
- Bayaq da dedim, bunlar mənim şəxsi həyatımdır. Onsuz da gizli bir şey yoxdur, amma bu barədə danışmaq istəmirəm. Siz heç narahat olmayın ki, mənim uşağım təkdir. Qohumda, qonşuda o qədər uşaq var ki, onlarla oynayacaq.
- İkinci övlad barədə düşünmürsünüz?
- Bilirsiz, övlad dünyaya gətirmək elə də problem deyil. Mənim üçün isə heç deyil. Amma övladı dünyaya gətirdiyin zaman onu hərtərəfli təmin etmək lazımdır. Gələcəyini düşünmək, indidən qurmaq lazımdır. Yoxsa ildə bir uşaq dünyaya gətir, gələcəyi heç bir şeylə təmin olunmasın. İnşallah qızım bir az böyüyər, maddi vəziyyətim bir az düzələndən sonra təbii ki, ikinci övlad barədə düşünürəm və uşaqları çox sevirəm. İstəyərəm ki, ən az 4-5 övladım olsun.
- Ümumi söhbətdən belə başa düşdük ki, gələcəyi bilməyi çox istəyirsiniz. Biz də bilmək istəyirik ki, gələcəkdə hansı arzunuzun həyata keçməsini istəyirsiniz?
- Mən hər bir qızın arzusunda olduğu ağ gəlinliyi geyinməmişəm. Bu arzum ürəyimdə qalıb. Hər xanım istəyir ki, ağ gəlinlik geyinib, vağzalı sədaları ilə evindən çıxsın…