Oqtay Əsədov Niderland Krallığının ədliyyə nazirinin bazçılıq etdiyi nümayəndə heyətini qəbul edib

img

10-08-2010 [04:05]


Avqustun 10-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Niderland Krallığının Ədliyyə naziri cənab Ernst Hirş Ballinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq səfərin ölkələrimizarası əlaqələrin inkişafına yeni töhfə verəcəyinə inamını ifadə etdi. Bildirildi ki, Azərbaycan-Niderland əlaqələri yüksək səviyyədədir. Azərbaycanın dövlət başçısı Avropanın bu ölkəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizi daha da möhkəmləndirmiş, aparılan danışıqlar və imzalanmış sənədlər əlaqələrimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Görüşdə Sədr vurğuladı ki, biz Niderland Krallığının Ədliyyə Nazirliyi ilə Azərbaycanın müvafiq qurumları arasında mövcud olan əlaqələri yüksək dəyərləndiririk. Söhbətdə dövlətlərarası münasibətlər sistemində parlamentlərin mühüm rol oynadığını vurğulayan Sədr qanunverici orqanlar arasındakı əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivlərindən danışdı. Qeyd edildi ki, Milli Məclisdə Niderlandla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Biz Niderland Parlamentində belə bir qrupun yaradılmasını alqışlayırıq. Deputatlarımız, nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında söhbətlər aparırlar. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından da çox əhəmiyyətlidir. Spiker bu ilin iyulunda Niderland parlament nümayəndə heyətinin ölkəmizə səfərini məmnunluqla xatırladı və bu ölkənin qanunvericilik orqanı rəhbərinin yaxın vaxtlarda Azərbaycana nəzərdə tutulan səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirdi. Səmimi qəbul üçün minnətdarlığını bildirən cənab Ernst Hirş Ballini Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. Bildirildi ki, Niderland Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Onun ölkəsi Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlıq etmək niyyətindədir. Qeyd edildi ki, Azərbaycanın hüquq mühafizə orqanları ilə qurulmuş əlaqələr uğurla davam etməkdədir. Bu əməkdaşlıq artıq öz bəhrəsini göstərir. Niderlandın qanunvericilik orqanı ilə Azərbaycan parlamenti arasında da faydalı əlaqələr yaranmışdır. Biz bu əməkdaşlığı alqışlayır və gələcəkdə də davam etdirilməsini arzulayırıq. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Niderland Krallığının ölkəmizdəki səfiri Yan Lukas van Hoorn və digər rəsmi şəxslər iştirak edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA