09-08-2010 [06:09]
[b]Qüdrət Həsənquliyev: "Səfir tərəfindən belə bir fakt söylənildi ki, təqribən eyni müddətdir, Rusiyanın iki vətəndaşı Azərbaycanda tutulub. Biz isə dedik ki, həmin adamların adını bizə deyin, bu məsələni qaldıraq..." [/b]
Parlament müxalifəti - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası (BQP) və Ədalət Partiyası parlament seçkilərində birgə iştirak etmək niyyətindədirlər. Hətta bununla bağlı seçki blokunun yaradılacağı da bildirilir. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev hələləlik qəti qərarın olmadığını deyir:
- Hələ demək olmaz ki, bu məsələ öz həllini tam şəkildə tapıb. Bir dəfə rəsmi görüşümüz olub. İkinci dəfə də Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkməyə gedəndə yol boyu bu məsələləri müzakirə etmişik. Amma hələlik hər hansı qərar qəbul olunmayıb. Belə bir qərar qəbul olunarsa, blokun adıyla da bağlı təkliflər var. Əsas odur ki, namizədlər razılaşdırılsın. Hesab edirəm ki, başqa partiyalar da istəklərini bildirsələr, bu blok yarana bilər. Mən də düşünürəm ki, biz bu üç partiya ilə kifayətlənməməliyik. Hər halda bu istiqamətdə müzakirələr davam edir. Çox istərdim ki, bu seçki bloku yaransın və siyasi bloka çevrilsin.
[b]- İlyas İsmayılovla Fazil Qəzənfəroğlu necə, blokun yaranmasında maraqlıdırlarmı? [/b]
- Müəyyən bir maraq var ki, bu görüşlər baş tutub. Biz istəyirik ki, belə bir blok yaransın. Məqsəd də ondan ibarətdir ki, uğur əldə edək. Təklikdə böyük uğurlara imza atmaq mümkün deyil. Partiyalar imkanlarını səfərbər etməli, birgə mübarizə aparmalıdırlar. Ən azından çalışacağıq ki, blok parlamentdə müstəqil fraksiya ilə təmsil oluna bilsin. Hesab edirəm ki, işimizi düzgün qura bilsək, bu məqsədə çatmaq mümkündür. Yəni, ən azından 25 deputatla parlamentə düşmək istəyirik.
[b]- Onda ADİP, VHP və digərlərinə də bu blokda təmsil olunmaq üçün təkliflər verilə bilərmi?
[/b]
- Sözün doğrusu, başqa partiyalara təklif olmayıb. Bizim Təkamül Partiyası ilə müqaviləmiz var. Ona görə də təklif etmişəm ki, blok yaranacaqsa, Təkamül Partiyasının da bura qoşulması reallaşsın. Amma mən bloka başqa partiyaların da cəlb olunmasını istisna etmirəm.
[b]- Müxalifət düşərgəsində AXCP-Müsavat blokunun da yaranması istiqamətində iş aparılır. Sizin bloku AXCP-Müsavat blokuna alternativ saymaq olarmı? [/b]
- Hələ "Azadlıq" blokunun parçalanması ağla gəlməyən zamanlarda elə sizin qəzetə demişdim ki, biz hansı partiyalarla bir araya gələ, blok yarada bilərik. Yəni, bu ideya çoxdan var idi. Müsavatla AXCP-nin yaradacağı bloku da özümüzə alternativ görmürəm. Biz özümüzə alternativ kimi iqtidarı görürük. Amma onların da bir araya gələcəyi müşkül məsələdir. Bu da partiyanın başında duran şəxslərin xarakterləri ilə bağlıdır.
[b]- Yaratmaq istədiyiniz blokun ad məsələsində hər hansı bir razılıq varmı? [/b]
- Adla bağlı müxtəlif təkliflər var. Hələlik üzərində dayandığımız ad "İslahat"dır. Biz hesab edirik ki, cəmiyyətdə radikal islahatlara ehtiyac var. Bu da blokun əsas hədəfini ifadə etməlidir. O hədəf də ciddi islahatlardır.
[b]- Hansı islahatların aparılmasını təklif edəcəksiniz?[/b]
- Konstitusion islahatlardan tutmuş, hüquq-mühafizə orqanlarında, cinayətkarlığa qarşı mübarizədə, cəza sistemində islahatların aparılması vacibdir. Biz təklif edirik ki, namus üstündə törədilən cinayətlərdə cəza xeyli yüngülləşdirilməlidir. Əksinə, tamah və xuliqanlıq niyyəti ilə, şəxsiyyət əleyhinə törədilən cinayətlərə isə daha ağır cəza verilməlidir. Andlı İclaslar İnstitutu nəhayət ki, Azərbaycanda da tətbiq olunmalıdır. İqtisadi islahatlar apırılmalıdır. Abadlaşdırma işlərinə ayrılan vəsaitlərin kəskin surətdə azaldılması və neft pullarının əsasən emal və istehsal müəssisələrin yaradılması və sahibkarlara kreditlərin verilməsinə yönəldilməlidir. Yəni, biz bazar iqtisadiyyatına keçmişiksə, büdcə vəsaitləri hesabına tikilən sosial obyektlərin sayı maksimum dərəcədə aşağı salınmalıdır. Yalnız təhsil müəəssisələrinin tikilməsinə vəsaitlər ayrıla bilər. Digər tərəfdən, 20 faiz torpağı işğal altında olan ölkəyə məqbul sayılmayan layihələr var, dənizdə körpü salınması, ağ şəhərin tikilməsi, bulvarın altı ilə yol çəkilməsi kimi layihələrə ehtiyac yoxdur. Belə layihələrin nəinki reallaşdırılması, hətta texniki əsaslandırılması üçün vəsait ayrılmasını avantüra hesab edirik. Büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün müvafiq layihələr həyata keçirilməlidir. Bundan başqa, Məhkəmə Hüquq Şurasının yaradılması onun sırf hakimlərdən təşkil olunması, hakimlərin tam müstəqilliyinin təmin edilməsi və s. islahatların aparılmasını istəyirik. Yəni, ölkə həyatının tamamiylə yenidən qurulmasını təmin edə biləcək bir islahatlar paketi lazımdır. O cümlədən, Qarabağ məsələsi gündəmdə olmalıdır. Bunun üçün peşəkar ordunun qurulması istiqamətində müvafiq addımlar atılmalıdır. Biz də çalışacağıq ki, yaradılacaq blokda bütün bu məsələlərlə bağlı müəyyən razılığa gələk. Razılığa gəldiyimiz məsələləri əhatə edən bir seçki platformasını cəmiyyətə təqdim edəcəyik.
[b]- Yeni bloku yaradacaq partiya liderlərinin ilk olaraq Rusiya səfiri ilə görüşməsi nə ilə bağlı idi? Bunun siyasi səbəbi vardı, yoxsa?
[/b]
- Mənim İlyas İsmayılov və Fazil Qəzənfəroğlu ilə blokla bağlı keçirdiyimiz ilk görüşdə Rusiya səfiri ilə görüş məsələsi gündəmə gəldi. Fazil bəydən xahiş etdik, o isə məsələ ilə bağlı görüş təşkil elədi.
Əvvəla onu deyim ki, biz hər bir vətəndaşın hüquqlarının müdafiəçisi olmalıyıq. Onun harda yaşamasından, harda tutulmasından asılı olmayaraq, biz dövlət olaraq onun hüquqlarını qorumalıyıq. Baxaq görək, qonşu Rusiya hansı bəyanatlarla çıxış edir, vətəndaşının harda yaşamasından asılı olmayaraq, onu müdafiə edir. Hətta Rusiya vətəndaşı oldu-olmadı, dünyanın istənilən yerində yaşayan rusları hər zaman müdafiə edəcəyini bəyanlayır.
Bildiyiniz kimi, İlyas bəyin oğlu Etimad İsmayılov da Rusiyada həbsdədir və onunla bağlı ciddi addımlar atılmalıdır. Səfirlikdəki görüşümüzdə də bu məsələ müzakirə olundu. Çox təəssüf ki, Rusiya demokratik ölkə deyil. Etimad İsmayılovun məhkəməsi qanunsuz olaraq uzadılır. 30 millət vəkilinin də bununla bağlı müraciəti nəticəsiz qalıb. Biz də bu faktları səfirin nəzərinə çatdırırdıq. Bildiyimə görə, Rusiyada çalışırlar ki, Etimad İsmayılovun ibtidai həbsdə saxlama müddəti uzadılsın. Biz səfirlikdəki görüş zamanı bu məsələyə son qoyulmasını istədik.
[b]- Bəs onun cavabı nə oldu?
[/b]
- Səfir tərəfindən belə bir fakt söylənildi ki, təqribən eyni müddətdir, Rusiyanın iki vətəndaşı Azərbaycanda tutulub. Həmin şəxslərlə bağlı da eyni problem olduğunu vurğuladılar. Söylədilər ki, bu, hüquq-mühafizə orqanlarının işdir, amma Rusiya tərəfi bu məsələ ilə maraqlanacaq. Düzdür, səfir bir neçə dəfə vurğuladı ki, Azərbaycan hüquq-mühafizə orqanlarına hörmətlə yanaşırlar. Amma onu da bildirdi ki, həmin Rusiya vətəndaşları ilə bağlı rəsmi şəkildə Azərbaycan dövlətinə müraciət ediblər. Biz isə dedik ki, həmin adamların adını bizə deyin, bu məsələni qaldıraq.
[b]- Həmin şəxslərin adlarını dedilər? [/b]
- Yox. Diplomat sadəcə olaraq bildirdi ki, Azərbaycanın hüquq-mühafizə orqanları ilə danışıblar, nəticəni gözləyirlər. Yəni, belə çıxdı ki, nəticəni gözləyin.
[b]- Belə demək olarmı ki, rus diplomatı Rusiya vətəndaşlarının həbsini gündəmə gətirməklə Azərbaycan tərəfinə diplomatik mesaj vermiş olsun. Yəni, Azərbaycan Rusiya vətəndaşlarının məhkəməsini sürətləndirsin, Rusiya da Etimad İsmayılovun? [/b]
- Əgər ortada müəyyən məqamlar olmasaydı, rus diplomatı bu məsələyə toxunmazdı. Onlar bizə də diplomatik dillə çatdırdılar ki, sizdə də belə məsələ var. Şəxsən mən hesab edirəm ki, əgər həmin Rusiya vətəndaşları burada qətlə, yaxud terrora görə həbs edilməyiblərsə, Azərbaycan tərəfi danışıqlara gedərək öz vətəndaşının azad olunmasına çalışmalıdır. Adi bir misal çəkim, İsrail özünün girov götürülmüş bir vətəndaşına görə yüzlərlə HƏMAS fəalını azad etməyə hazırdır. Ona görə də yəhudilər öz dövlətlərini sevirlər. Elə sizin qəzet vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edirəm ki, Etimad İsmayılovla bağlı da belə bir addım atmalıdır. Ən azından ictimaiyyətə məlumat verməlidir. Rusiya dövlət səviyyəsində öz vətəndaşlarının müdafiəsinə qalxıb, Azərbaycan da analoji addımı atmalıdır. Məndə belə qənaət yaranıb ki, Etimad İsmayılovu bir növ girov saxlayırlar. Ona görə də hesab edirəm ki, hökumətimiz bu istiqamətdə müəyyən addımlar atmalıdır.
[b]- Yeni yaranacaq blok üzvlərinin ikinci səfəri Biləsuvara oldu. Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə göstərilən münasibət qaneedicidirmi? [/b]
- Mübariz İbrahimovun həlak olmasından xeyli vaxt keçib, amma hələ də onların həyətlərinə xeyli insan gəlib-gedir. Biz Mübariz İbrahimovla bağlı fikirlərimizi onun atası ilə də, kənd camaatı ilə də bölüşdük. Doğrudan da o ailənin başını dik tutmağa haqqı var. O, təkcə öz ailəsinin yox, bütövlükdə Azərbaycan xalqının başını uca edib. Bir əsgərimiz göstərib ki, erməninin bir bölüyünü təkbaşına məhv edə bilər, onu da edib. Düzdür, erməni tərəfi itki sayını azaldır, amma məlumatlar verilir ki, qat-qat çox erməni əsgərini məhv edib. Mübariz ermənilərə xalqımızın gücünü göstərdi. Həm də Azərbaycan rəhbərliyində, xalqında bir inam yaratdı ki, Azərbaycan oğullarına güvənmək lazımdır. Bu insanlar torpaqlarımızı azad etmək üçün çox böyük fədakarlıqlar etməyə hazırdırlar. Onun məktubunu oxuyan adam görür ki, o, valideynlərinə bildirir ki, məni bu torpağa qurban verin. Bu baxımdan hesab edirəm ki, Mübarizin göstərdiyi qəhrəmanlıq detallarına qədər hər bir Azərbaycan vətəndaşına, gəncinə çatdırılmalıdır. Çox məmnunam ki, prezident Mübarizə Azərbaycanın Milli Qəhrəmanı adını verdi və onun adının əbədiləşdirilməsi üçün sərəncam imzaladı. Çox istərdim ki, Azərbaycanın Müdafiə ?azirliyi, diplomatlar Mübarizin cənazəsinin geri alınması istiqamətində ciddi fəaliyyət göstərsinlər. Əgər diplomatiya nəticə vermirsə, onda Azərbaycanın xüsusi təyinatlıları əməliyyat keçirib erməniləri tutub dəyişməlidirlər. Artıq bu fikirlər müxtəlif siyasətçilər, mətbuat və digər müstəvilərdə səsləndirilir. Hesab edirəm ki, bu həm də onların bir şərəf məsələsidir. Ola bilsin ki, bu hadisədən sonra ermənilər müdafiəni bir az da gücləndiriblər, amma bizim Mübariz kimi digər oğullarımız bu missiyanı yerinə yetirmək gücündədirlər. İnşallah, yerinə yetirərlər.