Hər bir insanın həyatının müxtəlif mərhələlərində psixoloqa ehtiyacı ola bilər. Bu təbii haldır. Bəzən içimizdə baş verən təlatümlərin səbəbi bizim üçün anlaşılmaz olanda inandığımız psixoloqa yaxınlaşır, onunla bölüşür, məsləhət alırıq. Bu gün Azərbaycanda adını psixoloq qoyanlar, sertifikat alıb bu sahə ilə məşğul olanlar çoxdur. Amma onların heç də hamısı psixoloq kriteriyalarına cavab vermir. Bunu çoxlarımız hiss edir, hətta buna görə məyus da ola bilirik.
Son zamanlar sosial şəbəkənin verdiyi imkanlar, internetin yaratdığı şərait nəticəsində müxtəlif adamların insanlara psixoloq xidməti göstərmək istəklərini ortaya qoyur. Maraqlıdır, insan özündə heç bir psixoloji gərginlik hiss etmədiyi halda, heç kəsin tanımadığı bir adam çıxıb deyir ki, mən psixoloqam və sənin də psixoloqa ehtiyacın var, gəl, mənim seanslarıma yazıl. Psixoloji sarsıntı yaşamayan, özünü müəyyən qədər xoşbəxt sayan insana psixoloq adlanan adamın psixoloji hücumu qəbuledilən deyil. Həkim heç vaxt xəstənin üzünə deməməlidir ki, sənin ciddi xəstəliyin var. Bəzi psixoloqlar sosial şəbəkənin ona verdiyi imkanlardan istifadə edərək müəyyən sosial şəbəkə istifadəçilərinə yazırlar ki, sizin şəklinizi gördüm və çox bədbəxt olduğunuzu, psixoloji sarsıntı yaşadığınızı hiss etdim, gəlin sizi bu haldan çıxarım. Bu həqiqətən də sosial şəbəkə istifadəçisində ciddi narahatlıq, həm də qarşı tərəfə bir ikrah hissi yaradır. Bəzilərinə elə gəlir ki, əlinə psixoloq olmasına dair sertifikat alırsa, bu təklifi tanımadığı, daxilinə bələd olmadığı adama edə bilər. Halbuki, hər şey etik çərçivədə olmalıdır. Hətta psixoloq hiss etsə ki, kiminsə psixoloji problemi var, ona daha həssas yanaşmalı və onunla bir dost kimi danışmalı, dinləməlidir. Yoxsa barəsində iynənin ucu boyda da olsa məlumatı olmayan adama "sənin psixoloji problemin var" demək, o adamın ürəyinə xof salmaq, yaxşı hal deyil. Bu, insana şüuraltı psixoloji təzyiqdir.
Bu günlərdə redaksiyamızın yaxın dostlarından olan bir xanım bu halla qarşılaşıb. O bizimlə söhbətində bildirdi ki, "Facebook"da dostluğuna qəbul etdiyi və özünün üzündən psixoloji problem yağan bir xanım ona mesaj yazaraq "sənin böyük problemlərin var, üzündə xoşbəxtlik görmürəm, gəlin filan yerə, mən sizi bu problemdən xilas edim" - deyib. Xanım dostumuzun sözlərinə görə, o, "psixoloq"a "mənim heç bir problemim yoxdur, ola bilər ki, sizin gördüyünüz foto yorğun anlarımda çəkilib. Amma mənim həyatımda hər şey qaydasındadır və psixoloqa ehtiyacım yoxdur" - cavabını verib. Lakin bu onu qane etməyib, yenə də xanıma öz xidmətini təklif edib.
Təəssüf ki, bu hal geniş yayılıb. Bu da insanların əhvalına, həyatına mənfi təsir göstərir.
Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, bu hal var və bəzən onun özü də sosial şəbəkədə belə hallarla rastlaşır: "Təəssüf ki, indi bəziləri müxtəlif yollarla sertifikatlar alıb özlərini psixoloq kimi təqdim edirlər. Onların müxtəlif sosial şəbəkələrdə xüsusi səhifələri var, özlərini geniş şəkildə reklam edirlər. İndi belələri çoxdur. Onlar o adamlardır ki, bacarığı yoxdur, savadı çox aşağı səviyyədədir, bu yolla özlərinə "müştəri" toplayırlar. Reklamlarını o şəkildə qururlar ki, guya bunların yanına gələn adamların sayı çoxdur. Əslində isə onlar bəlkə də ayda iki-üç adamla işləmirlər. Bu hal təəssüf ki, özünü uşaq psixoloqu adlandıranlarla da bağlıdır. Bəziləri görür ki, böyükləri tora sala bilmir, başlayır valideynlərə təsir etməyə ki, sizin uşaqda əl və göz korreksiyası inkişaf etməyib, uşağınızın diqqəti yayğındır. Valideyn də həyəcana düşüb uşağını həmin adamın yanına aparır. Bu olduqca mənfi bir haldır. Valideynlər uşaqlarını hər özünü psixoloq adlandıran adamın yanına aparmasınlar. Reklamı olmaq heç də o adamın peşəkar olması demək deyil. Hətta bu yaxınlarda yaxın bir tanışım uşağı nadinc, ərköyün olduğu üçün, təsadüfən onu evlərinin yanında yerləşən bir "Uşaq Psixoloji Mərkəzi"nə aparıb ki, bəlkə psixoloq uşaqla danışıb onu yönəldə. İnanın ki, xanım qəbula girən kimi ona pul ödətdiriblər, sonra da "psixoloq" uşaqla həssas davranmaq əvəzinə, ona qışqırıb, hətta hədələyib də. Uşaq ağlayanda qadın uşağı onun yanından götürüb evə gətirib. Belə psixoloq olar? Psixoloq uşaqlarla xüsusi danışmalı, onunla dost olmalı, onu maraqlandırmalı, problemini üzə çıxarmaq üçün həssaslıqla, onun hisslərinə toxunmadan söhbət etməlidir. Psixoloq insanlara psixoloji hücum etməli deyil. Təəssüf ki, bu halla rastlaşırıq".
Sosial şəbəkə üzərindən sosial şəbəkə istifadəçilərini narahat edən bəzi psixoloqların özünün gərginlik yaşadığını deyən K.Vaqifqızı hesab edir ki, bu cür adamları blok etmək lazımdır: "Sosial şəbəkə vasitəsilə hansısa həkim mesaj yazıb səni müalicəyə dəvət edirsə, yaxud "sənin filan xəstəliyin var" deyib xoflandırmaq məqsədi güdürsə, o adamdan uzaqlaşmaq lazımdır. Normal həkim, normal psixoloq xəstəyə hücuma keçməz, yaxud müalicə təklif etməz. Xəstələr belə təkliflərə uymasınlar. Ümumiyyətlə, bu cür təkliflərə həssas yanaşmaq lazımdır. Axı onların çoxunun heç savadı yoxdur. Savadlı insan insanı heç nəyə təhrik etməməlidir. Bu qeyri-normaldır".