Əbülfəs Qarayev Həztərxan vilayəti hökuməti sədrinin müavinini qəbul edib

img

04-08-2010 [04:10]


Avqustun 4-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqlarımız arasında dərin köklərlə bağlı olan mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyətindən danışıb. Tatyana Yusupova səfər çərçivəsində keçirdikləri görüşlərdən, azərbaycanlıların qonaqpərvərliyindən danışmış, Bakı haqqında təəssüratlarını bölüşüb. Həştərxan vilayətində Azərbaycan xalqının şanlı oğlu Nəriman Nərimanov haqqında film çəkildiyini diqqətə çatdıran T.Yusupova, çəkilişlər başa çatdıqdan sonra bu ekran əsərinin hər iki ölkədə nümayiş olunacağını qeyd edib. Nümayəndə heyətinin başçısı avqustun 28-də böyük ədib, görkəmli siyasətçi və dövlət xadimi Nəriman Nərimanovun 140 illik yubileyi, oktyabrın 3-də isə abidəsinin açılış mərasimi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycandan musiqi kollektivlərinin Həştərxan vilayətinə ezam olunması ilə əlaqədar vilayətin qubernatoru A.Jilkinin rəsmi müraciət məktubunu nazir Ə.Qarayevə çatdırıb. Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində bu ilin sentyabrında Həştərxan vilayətinin mahnı və rəqs ansamblının Bakıda keçiriləcək konsertləri ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Nazir Ə.Qarayev Həştərxan vilayətinin turizm şirkətlərini ölkəmizin turizm potensialı ilə yaxından tanışlıq məqsədi ilə Azərbaycana dəvət edib. Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA