Qəbələ II Beynəlxalq Musiqi Festivalına start verilib

img

26-07-2010 [01:00]


Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun ?Bayram uvertürası?, Fikrət Əmirovun ?Fortepiano və orkestr üçün konsert?i, Qara Qarayevin ?İldırımlı yollarla? baletindən parçalar, Vasif Adıgözəlovun ?Fortepiano və orkestr üçün konsert?i musiqi əsərləri təqdim olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə konsertin solistləri olmuşlar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq ediblər. Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcəkdir. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeyləri, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır. Festivalın rəsmi açılışı iyulun 30-da olacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA