"Bu qudurğanlığa görə Əli Həsənov cəzalandırılacaq" - Partiya sədrindən ittiham

img

04-08-2017 [15:14]


Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. Mətbuatda qəza zamanı yanan maşının Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyə məxsus olması barədə məlumatlar yayılıb. 

Ona məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili Allahverdiyevin sürücüsü idarə edib. "Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. Lakin bəzi mənbələr Nail Allahverdiyevin də avtomobildə olduğunu və yaralandığını iddia edirlər.

Dünən axşam saatlarında "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsinə məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili ilə törədilən ağır qəzaya Sfera.az vasitəsilə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib ki, Prezident İlham Əliyev məmurlara dəfələrlə xəbərdarlıq etsə də, onlar hələ də harınlıq və saymamazlıq edirlər.

Onun sözlərinə görə, məmurlar ölkə prezidentinin nüfuzu ilə oynayırlar:

"Onların heç biri əziz qardaşımın tapşırıqlarını yerinə yetirmirlər. Açıq-aşkar göstərirlər ki, "biz sənə tabe deyilik, bizi başqa şəxslər idarə edir!". Hamısı yalan danışır, aldadır və ölkənin imicini sıfıra endirirlər. Millət bunların özbaşınalığından bezib. Ölkədə nə qədər narazılıq varsa, hamısını da məmurlar yaradır. "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsinə məxsus maşının qiyməti hardasa yarım milyondur. Əli Həsənovdan soruşmaq lazımdır ki, "yarım milyon pulu sən hardan almısan?". Baş nazirin müavininin də nəvəsi belə qudurğanlıq edirsə, demək, bunların hamısı harınlıqdan irəli gəlir. Maraqlıdır, bu maşını hardan və hansı pullara alıblar? Bunların bir deyil, bir neçə qiymətli maşın kolleksiyaları var. Əli Həsənov və digərləri xalqı talamaqla, xəyanət etməklə məşğuldurlar. Düşünürəm ki, baş vermiş hadisə Cənab Prezidentə düzgün çatdırılarsa, Əli Həsənovu cəzalandıracaq!".

H.Hacıyev qeyd edib ki, məmurlar millətin pullarını talayıb, bahalı maşınlara verirlər:

"Rəhmətlik Heydər Əliyevə xəyanət edənlərin hamısı bu gün hakimiyyətdədir. Onlar mənim əziz qardaşıma da xəyanət edirlər. Bundan böyük xəyanət varmı? Aclıq, rüşvət, ədalətsizlik baş alıb gedir, məmurlar xalqı incidirlər. Hərəsi öz ağasıdır. Nə qədər ki, "Qocalar evi" buraxılmayıb, yeni kadrlarla əvəz edilməyibsə, belə və bundan da daha ağır hadisələr baş verəcək. Allah özü zülm edəcək qudurğan məmurlara".

Qeyd edək ki, 10-PP-203 dövlət nömrə nişanlı avtomobil sosial mediada məşhurdur. Hətta Nail Allahverdiyevin o maşınla fotoları da uzun müddət mətbuatın gündəmində olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA