"Beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır" - Bəyanat

img

06-07-2017 [12:03]


"Ermənistan silahlı qüvvələrinin mütamadi olaraq qoşunların təmas xəttində təxribatlar törətməsi və Azərbaycan vətəndaşları olan dinc əhalini atəşə tutmasının nəticəsində 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq topaqlarımızın 20%-ni zəpt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir".

Mia.az xəbər verir ki, bu sözlər "Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin yaydığı bəyanatda yer alıb.

Bildirilib ki, Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq  uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Bu bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir:

"Çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır. 

Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın sülh yolu ilə zəpt etdiyi torpaqları tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan aparır və  Azərbaycan Ordusunu işğalçıya qarşı müvafiq addımlar atmağa vadar edir. Münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

Bəyanatda daha sonra deyilir:

"Biz Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi (DANİB) olaraq münaqişənin sülh yolu ilə  həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqlara, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik.  Hesab edirik ki, gec də olsa nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA