"Hələ son söz deyilməyib" - Şəhid kapitan Nəcməddin Savalanov məzarı başında anldı + FOTOLAR

img

08-05-2017 [21:41]


Bu gün Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsi və İmişli rayonunun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Milli Ordumuzun şəhid kapitanı Savalanov Nəcməddin Akif oğlunun anım günü onun məzarı önündə qeyd olunub. 

Bu barədə Mia.az-a verilən məlumata görə, tədbiri məktəbin direktoru, əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar açaraq Şanlı Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Nəcməddin Savalanovun mənalı ömür yolundan ətraflı danışıb. 

Tədbirin aparıcısı, şair Sədaqət Vəlioğlu bildirib ki, Nəcməddin kimi qəhrəman oğullarımızın həyatı gəncliyimiz üçün bir örnəkdir: "O, Vətən sağ qalsın, yaşasın deyə şəhidlik zirvəsinə yüksəldi. Tarixi qəhrəmanlıq yolumuzu yenidən təzələdi. El-obamızın, xalqımızın başını uca etdi".

Sonra o "Hələ son söz deyilməyib” adlı silsilə şerlərini oxudu. 

Tədbirdə AYB-nin Aran Bölməsinin sədri Sərvaz Hüseynoğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Regianal Mərkəzin Koordinatoru Vilayət Muradlı, "Xalq sözü” qəzetinin baş redaktoru Səməd İsmayılov, məktəbin müəllimləri Atamoğlan İmranov və Gülnarə imanova, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qurupunun İmişli rayon təmsilçisi Yasin Tağıyev və başqaları şəhidin qəhrəmanlıq yolundan danışdılar.
 
Tədbirdə iştrak edən şəhidin anası Ramilə xanım oğlunun xatirəsini əziz tutduqlarına görə Azərbaycan dövlətinə və tədbir iştrakçılarına təşəkkür etdi.  

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya səsləndirildi, şəhidin ruhuna dualar oxundu.

Sədaqət Vəlioğlunun "Hələ son söz deyilməyib" şeiri:

Bilirəm ki, ay Nəcməddin
Yaşasaydın bu sözləri,
Ürəyindən keçirərək söyləyərdin:
Baxıb şəhid igidlərə
Qəhər uddum neçə kərə.
Sizə tutub mən üzümü, 
Söyləyərəm düz sözümü.
Ay yurdumun cavanları,
Görüb burda yatanları
Andınıza sadiq qalın,
Düşmənlərdən qisas alın.
Şəhidlərin qəbirləri
Olsun Sizin and yeriniz,
Istiqlalın siz yolunda 
Qəm yediniz, dərd yediniz.
Çətin günlər qabaqdadır
Hələ son söz deyilməyib,
Böyük işlər görülməyib.
Təməl möhkəm qoyulsa də
Hündür qalam hörülməyib
Dediklərim o qədər də
Asan deyil , başa düşsün,
Düşmənimiz yatmayıbdır
Paxıllığı, kini-küdrəti
Nə qədər ki,
O içindən atmayıbdı,
Mərd dayanaq
Atıb qəflət yuxusunu
Tez oyanaq,
Sayıq olaq
Ruhlar bizi oyadıbdı
Ayıq olaq bundan belə.
Zaman bizi aldadıbdi
Təkrar-təkrar neçə kərə.
Gəlin yurdu biz qoruyaq
Qədrin bilək bu dünyanın
Başın əzək düşmənlərin
Hər satqının, qudurğanın.
Sədaqət də şeir ilə deyir sözün
Ay Nəcməddin, bilir aləm, bilir Vətən
Mərd oğlusan bu yurdun sən
Gəlməmişdin dünyaya
Adicə bir kəfən üçün
Yoğrulmuşdun şəhid ruhdan
Qurban getdin Vətən üçün.  



  




                 



Digər xəbərlər
SON XƏBƏRLƏR