Xəbər verdiyimiz kimi, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Bakıda səfərdədirlər.
Bu gün prezident İlham Əliyev hər iki ölkənin Qərargah rəislərini qəbul edib. Detalları hələ ki, mətbuata açıqlanmasa da, belə bir görüş üçün məhz Bakının seçilməsi dünya, eləcə də yerli medianın diqqət mərkəzindədir.
Maraq üçün onu da qeyd edək ki, bu, Danfordla və Gerasimov arasındakı ilk görüş olacaq. İlk dəfə Bakıda üz-üzə gələcək lider dövlətlərin Qərargah rəislərinin nəyi müzakirə edəcəkləri ilə bağlı ekspert rəyləri isə birmənalı deyil.
Lakin əksər ekspertlər bu görüşü Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə yaxın, balanslı münasibətlər qurması, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməsi ilə əlaqələndiriblər. Onlar hesab edirlər ki, bu görüş İlham Əliyevin həm ABŞ prezidenti Donald Trampla, həm də Rusiya prezidenti Vladimir Putinlə yüksək səviyyəli əlaqələr qurmasının, hər iki liderin İlham Əliyevi etibarlı tərəfdaş kimi görməsiylə bağlıdır.
"ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov APA-ya deyib.
O qeyd edib ki, bu gün ABŞ və Rusiyanı daha çox Yaxın Şərq, İraq, İran və Suriyada baş verən proseslər narahat etdiyindən onlar adları qeyd olunan ölkələrdə baş verənləri müzakirə etmək üçün münasib məkan axtarırdılar:
"Regionda Azərbaycan, Gürcüstan və Ermənistan bu proseslərdən kənarda olduğu üçün görüş bu üç ölkədən birində baş tuta bilərdi. Lakin Gürcüstan məlum məsələlərə görə Rusiya üçün uyğun deyil. Ermənistan isə Rusiyanın forpostudur. Belə olduğu halda görüşün Ermənistanda keçirilməsi ABŞ üçün məqbul deyil. Azərbaycan isə dünyəvi dövlətdir, Qoşulmama Hərəkatının üzvüdür, müstəqil siyasət yürüdür. Belə olan halda bütün diqqətlər Azərbaycana yönəldi. Təbii ki, Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsini, təhlükəsizlik və kommunikasiya baxımından əlverişli olmasını da vurğulamaq vacibdir. Həm də son zamanlar Azərbaycanda mötəbər idman, mədəni, beynəlxalq tədbirlərin də keçirilməsini bura əlavə etmək olar. Bu baxımdan, Bakı Cozef Danford və Valeri Gerasimov arasında görüş üçün unikal meydan oldu”.
"Rusiya və ABŞ-ın baş qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi onun son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə qırılmaz surətdə bağlıdır”.
Bu sözləri isə politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Bakı artıq Sivilizasiyalararası beynəlxalq forumun bir neçə iclasına ev sahibliyi edib:
""Bakı prosesi” deyilən proses mövcuddur. Bakı Sivilizasiyalararası multikultural əlaqələr mövzusunda keçirilən tədbirlərə ev sahibliyi edib. Amma zənnimcə, qərargah rəhbərlərinin görüşünün Bakıda keçirilməsinin daha mühüm səbəbi var. Bu görüşdə əsasən dünyada beynəlxalq terrorizmə qarşı mübarizə və həmin mübarizədə iki dövlətin qarşılıqlı əməkdaşlığının əlaqələndirilməsi məsələləri müzakirə ediləcək. Vaşinqton və Moskva bəzən terrorizmi "islam terrorizmi” adlandırır. Bu tədbiri elə İslam ölkəsinin paytaxtında keçirməli idilər ki, həmin ölkə terrorizmə qarşı mübarizədə iştirak etmiş, öz ölkəsində təhlükəsizlik məsələləri yüksək səviyyədə qurulmuş olsun və orada ciddi sabitlik hökm sürsün.
Bu nöqteyi-nəzərdən Azərbaycan İslam ölkələri içərisində ən təhlükəsiz, ən sabit münasibətlərin mövcud olduğu ölkə kimi digərlərini üstələyir. Azərbaycanı bu keyfiyyətlərinə, beynəlxalq münasibətlərdə oynadığı dinamik rola görə seçiblər. Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə olduğuna görə görüş yeri kimi Bakının seçilməsi Moskva üçün heç bir problem yaratmır. Eyni zamanda bu seçim ABŞ-ın da maraqlarına uyğundur. Çünki ABŞ uzun müddətdir, Azərbaycanla Əfqanıstanda "Taliban”a qarşı mübarizədə strateji əməkdaşlıq edir. ABŞ qoşunlarının bütün silah-sursat və mallarının 80 faizi Azərbaycan ərazisindən daşınır. Daşınma prosesində Azərbaycanın nəqliyyat sistemi də yaxından iştirak edir. Yaxın vaxtlarda ABŞ Əfqanıstandakı qoşun kontingentini 2 dəfə artırmaq niyyətindədir. Bu zaman ölkəmizin strateji çəkisi və əhəmiyyəti daha da artacaq. Azərbaycan antiterror tədbirlərində yaxından iştirak edir. Azərbaycanın bir taboru artıq bir neçə ildir, Əfqanıstanda "Taliban”a qarşı aparılan əməliyyatlarda iştirak edir. Bir zamanlar İraqda olan tədbirlərdə də Azərbaycan sülhməramlıları iştirak edirdi”.
Qabil Hüseynli bu baxımdan görüşün keçirildiyi ölkənin təsadüfi seçilmədiyini, bunun davamına ümidli olduğunu bildirib:
"Azərbaycan bölgənin aparıcı lider dövlətidir. Ölkəmiz beynəlxalq münasibətlərdə çevik rol oynayır. Azərbaycan paytaxtı təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkan imicinə malikdir. Üstəlik, Azərbaycan gələcəkdə terrorizmə qarşı keçiriləcək tədbirlərin müzakirə edildiyi daimi məkan kimi də seçilə bilər. Bu, birinci tədbir olsa da, düşünürəm ki, sonuncu deyil. Belə tədbirlər istər baş qərargah rəisləri, istərsə də daha iri ranqlı siyasətçilər səviyyəsində davam edə bilər. Bu, həm də Azərbaycanı gələcəkdə ABŞ-ın daha möhkəm strateji tərəfdaşına çevirər ki, bu da ölkəmizin özü və beynəlxalq imici üçün mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, tədbirin burada keçirilməsi Azərbaycanın əhəmiyyətini və beynəlxalq münasibətlərdəki rolunu xeyli artırdı, bizi sevməyən, düşmən ölkələrin canına vəlvələ saldı. Bu tədbirin burada keçirilməsini Azərbaycanın xarici siyasətinin və ümumiyyətlə, beynəlxalq aləmdə artan rolunun göstərici kimi qəbul etmək olar”.
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, ABŞ, Rusiya və Azərbaycanın Bakı görüşündə əsas müzakirə mövzusu İranla bağlı olacaq.
O, "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı artıq istər geosiyasətdə, istər regional siyasətdə vacib faktordur, hər iki fövqəldövlətin Azərbaycanın roluna verdiyi dəyərdir:
"Lakin mən elə başa düşürəm ki, görüşün əsas məğzinin Bakı ilə çox əlaqəsi yoxdur. Burada İranla bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Bildiyiniz kimi, Tramp İrana qarşı sərt mövqedədir, müharibəyə hazırlaşır. Amma Rusiya ABŞ-ın İrana qarşı müharibə elan etməsinin əleyhinədir. Səbəbi isə Azərbaycanla əlaqəlidir. Rusiyanı bunu belə izah edir ki, əgər ABŞ İrana qarşı müharibə edərsə, İrandakı azərbaycanlılar Azərbaycana miqrasiya edəcəklər. Azərbaycan isə MDB üzvü olduğundan cənubi azərbaycanlılar rahatlıqla Rusiya ərazisinə keçə biləcəklər. Bu isə Rusiyada sosial-iqtisadi gərginliyin yaranmasına gətirib çıxara bilər.
Yəqin ki, Cozef Danford Bakı səfərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə izah etməyə çalışacaq ki, İrana qarşı müharibə miqrasiyaya səbəb olmayacaq. ABŞ İranda nüvə istehsal edən zavodları vuracaq. Lakin belə başa düşürəm ki, İranda olan bəzi qüvvələr çalışacaqlar ki, Azərbaycanın adını neqativ planda hallandırsınlar. Azərbaycanın İrandakı müharibəyə münasibəti bəllidir. ABŞ-a imkan verməyəcəyik ki, ərazimizdən İrana qarşı istifadə edilsin. Azərbaycan ərazi bütövlüyü pozulmuş dövlətdir. Ona görə də ərazi bütövlüyü prinsipi bizim üçün vazkeçilməz dəyərdir. Biz bütün dövlətlərin, o cümlədən İranın ərazi bütövlüyünün pozulmamasının tərəfdarıyıq.
Trampın İrana qarşı aqressiyası hakimiyyətə gəldiyi gündən bəri başlayıb. Tramp administrasiyası İsraillə birgə antiiran koalisiyası yaradıb. Yaranmış vəziyyəti İran, eləcə də region üçün təhlükəli olaraq qiymətləndirirəm. Çünki nüvə obyektləri dağıdılarsa, bu, Azərbaycana da təsirsiz ötüşməyəcək. Yəqin ki, Danford masaya xəritə qoyacaq və göstərməyə çalışacaq ki, İranın vurulacaq obyektləri şimal sərhədlərindən, yəni Azərbaycandan çox uzaqdadır”.
Politoloq Elxan Şahinoğlu isə müzakirə obyektində Suriyanın olduğunu deyir:
"Bu lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir. Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir”.
"ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir."
Bunu isə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycan hər zaman sülhü, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır:
"Azərbaycanda buna qədər dəfələrlə forumlar, ən yüksək tədbirlər keçirilib. Azərbaycanda olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, azadlıq, demokratiya yüksək inkişafın təzahürüdür. Bundan öncə Rusiya və İranın dövlət başçıları Azərbaycanda görüşüblər. Belə tədbirlərin Azərbaycanda keçirilməsinə hər bir ölkə razılıq verib. Məsələn, səsvermə ilə Avropa Oyunları Azərbaycana təyin olunub, Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edib. Yəni bu, Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycanın daxilində yaradılan ictimai-siyasi sabitlik və Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Bilirlər ki, Azərbaycanda belə toplantıların keçirilməsi çox böyük fayda verəcək".
Mia.az