"Çalışın, sizi həbsə götürəcək son addımları atmayın..." - Bəxtiyar Hacıyev siyasi fəallara səsləndi

img

13-02-2017 [22:56]


Müsbət Dəyişiklik Gənclər hərəkatının lideri Bəxtiyar Hacıyev özünün facebook səhifəsində maraqlı bir yazı paylaşıb. 

Mia.az Musavat.com-a istinadən yazının həsr olunduğu mövzunun əhəmiyyətini nəzərə alaraq, onu dərc edir:

"Çoxdandır yazmaq istədiyim bir şey vardı gənclərə. Dəfələrlə yazmaq istəyib, vaz keçmişdim. Bu günə qismət imiş.

Çalışın, sizi həbsə götürəcək son addımları atmayın. Növbəti addımınızın həbslə nəticələnəcəyini bilsəniz, bir az fasilə verin, sonra fəaliyyətinizə, mübarizənizə davam edin, nəinki, həbsə düşüb, sonra daha acı nəticələrlə üzləşəsiniz.

Kənardan çoxları qaz verib "eşq olsun, qəhramansan" desə də, həbsdə olduğunuz müddətdə əlində çox kiçik bir işi, vəzifəsi olan qohumlar, dostlar sizdən qaçacaq. Sevdiyiniz insanın valideynləri evlənməyinizə mane olacaq. Kimlərsə sizi müdafiə adı ilə gəzməyə, əylənməyə gedəcək, başqaları qrantlar uğrunda davaya çıxacaq, ailəniz və yaxın dostlarınız isə həbsxana, məhkəmə qapılarında gedib-gələrək əziyyət çəkəcəklər.

Həbsdən çıxdıqdan sonra kimlərsə bankda, şirkətdə isti kreslolarından oturub "bizim belə problem var, o barədə niyə yazmırsan, özüm işimi itirməkdən qorxuram, sən niyə əvvəlki kimi sərt deyilsən", deyəcəklər. Kimlərsə, ölkədən kənardan "niyə onu etmirsən, niyə bunu etmirsən?" deyib, gözləntilər yaradacaqlar. Kiçik bir yumşaq fikir yazanda "dəyişdi" deyəcəklər, kiminləsə oturub bir fincan çay içən kimi "yəqin filankəslərə işləyir" deyəcəklər. Həm də bunu heç ağlınıza gəlməyəcək, araqatanlar edəcəklər. Kiçik bir fikir ayrılığında, kiməsə vaxt ayıra bilməyəndə, "sən həbsdə olanda facebookda 3 status, tvitterdə 2 tvit yazmışdım, cover fotolarını like etmişdim" kimi minnətlər edəcəklər.

Sonra başqalarının buraxdıqları zəifliklərə, verdikləri səhv qərarlara, etdikləri səhv seçimlərə görə davamlı sui-zənn, şübhə altında qalacaqsınız. Nəticədə, illərlə davamlı fəaliyyət göstərib, yavaş-yavaş, prosesə az-az, müsbət töhfə vermək əvəzinə, hər şeyi birdən etmək istəyib, sonra birdən də həm özünüzü, həm də prosesə olan ümidləri, inamı sındırmış olacaqsınız.

Buna görə də məsləhət görərdim ki, yaxşı təhsil dalınca gedəsiniz, xaricdə yaxşı bir yerdə işləyə, hər hansı bir sahədə peşəkar kimi yetişdirəsiniz özünüzü və lazım olanda, daha faydalı şəkildə prosesə töhfə verəsiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA