"Bu, bir böhtandır və əgər məndən soruşsalar ki,..." - Fazil Mustafadan Araz Əlizadəyə cavab gəldi

img

02-02-2017 [22:59]


Deputat Araz Əlizadə Modern.az saytına Nuru Paşanı və Osmanlı imperiyasını hədəfə alan açıqlamasında sitat gətirdiyi  BQP sədri, millət vəkili Fazil Mustafadan cavab gecikməyib.

Xatırladaq ki, Araz Əlizadənin ciddi müzakirə və narazılığa səbəb olan müsahibəsində aşağıdakı fikirlər səslənib: 

"Dediyinizdən belə anladım ki, Osmanlılar erməniləri himayə edirdilər. Ancaq Azərbaycanı erməni qırğınından qoruyan da Qafqaz İslam Ordusu idi. 

-Elə deyil. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. 

-İstinad etdiyiniz mənbə hansıdır? 

-Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi".

Müsahibədə adı çəkilən millət vəkili Fazil Mustafa isə Araz Əlizadənin onun adını yanlış formada hallandırmasına aydınlıq gətirib.

Mia.az Fazil bəyin "Feysbuk"da bu barədə yazdığı statusu olduğu kimi təqdim edir: 

"Bayaqdan mənə media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə yoxdur və ola da bilməz. Çünki illərdir Nuri Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq, bu, bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuri Paşanın adını çəkərdim. 

Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür. Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA