Nazpəri qəzəbləndi: "Ağlınızı başınıza yığın..." - "Lider TV"dəki qalmaqalla bağlı açıqlamalar

img

04-01-2017 [15:34]


Xalq artisti Nazpəri Dostəliyevanın "Musiqi marafonu"nda aparıcı Lamiyyə Ələkbərqızının canlı ifa xahişini yerə salaraq, efiri tərk etməsi hələ də müzakirə olunmaqdadır.

Mia.az xəbər verir ki, Ölkə.az-ın əməkdaşı məsələylə bağlı həm Nazpəri Dostəliyevanın, həm də Lamiyyə Ələkbərqızının fikirlərini öyrənib.

Xalq artisti əməkdaşımızın məsələylə bağlı sualını əsəbi tərzdə qarşılayıb: 

"Sizə nə lazımdır? Dekabrın 31-dən bu yana informasiyanız olmayıb? Üstündən bir il keçib. Xahiş edirəm, ağlınızı başınıza yığın. Bəsdir, belə axmaq-axmaq şeylərə fikir verdiniz. İmzasız bir xəbərin arxasına düşməyə dəyərmi?

 Görürsünüz ki, bu, məqsədyönlü yazıdır, mənim paxıllarımın yazısıdır. Bu, təxribatdır, mən də o təxribata gedən adam deyiləm".

Əməkdaşımızın "niyə canlı oxumaq istəmədiniz" sualından sonra xalq artisti dəstəyi asıb: "Mən cavabımı dedim. Bir il keçən informasiyaya cavab verməyəcəyəm, sağ olun".

Sözügedən verilişin aparıcısı Lamiyyə Ələkbərqızı isə məsələyə belə münasibət bildirib:

"Əvvəla, bayramınızı təbrik edirəm. Hər şey yaxşıdır. Bayram günlərində işlədik, canlı efirlərdə olduq. "Biz demirik bizimlə qalın, biz sizinləyik" devizi altında bulvar konsertlərimiz, canlı marafonlarımız oldu və belə də davam edəcəyik. Xalqa işləyirik. Növbəti bayramlarda da xalqımız üçün yeni layihələr hazırlayırıq. 

O ki qaldı "Musiqi marafonu"nda baş verənlərə, Nazpəri xanım dekabrın 30-da bizim efirimizdə idi. "Həyat tərzi"ndə qonaq oldu, bulvar konsertimizə də gəlmişdi, gəldiyinə görə təşəkkür edirik. "Lider" telekanalı bizim evimizdir və biz də o evin sakinləriyik. Orada çalışırıq və gələn bütün qonaqların başımızın üstündə yeri var. 

Ora Rusiyadan belə müğənnilər gəlmişdilər və onlar təkcə "Lider" üçün deyil, xalq üçün gəlmişdilər. Nazpəri Dostəliyeva da gəlmişdi. Ev sahibi olaraq missiyamızı düzgün yerinə yetiririk, hörmət-izzətlə yanaşırıq, məmnuniyyətlə qarşılayırıq, yola da salırıq. Mən tərəfdən bir hörmətsizlik gördünüzmü? Olmadı və ola da bilməzdi. O da marafonumuzda bir neçə saat iştirak etdi. Sonda da istədik ki, bir canlı ifa etsin. Ola bilər ki, vaxt baxımından gedəsiydi, yaxud evdə gözləyəni vardı. Mənə belə gəldi. Məni də öpüb qucaqladı getdi, dostcasına bayramlaşdıq. 

Növbəti verilişlərdə kanalımıza gələndə ondan canlı ifa istəyərik".

"Telekanal tərəfindən Nazpəri Dostəliyevaya qadağa qoyula bilərmi" sualına L.Ələkbərqızı belə cavab verib:

"Bu bayram günlərində belə şey etməyəcəyik. Köməkçisi də zəng vurdu, problem yoxdur. Məncə, o, problem yaratmaq üçün bunu etmədi. Ola bilər evdə qonaqları vardı. Bizim marafonda hamıdan çox o qaldı".

Xatırladaq ki, dekabrın 31-də "Lider" televiziyasında "Musiqi marafonu" adlı bayram proqramının qonağı olan xalq artisti Nazpəri Dostəliyeva gözlənilməz hərəkətlə yadda qalıb.

Proqramın aparıcısı Lamiyyə Ələkbərova sonda ondan canlı oxumasını xahiş etsə də, Dostəliyeva onun bu xahişini yerinə yetirməyib və proqramı tərk edib. Aparıcı gülümsəməklə vəziyyətdən çıxmağa çalışıb.

Xatırladaq ki, N.Dostəliyeva üç illik qadağasından sonra son aylarda ekranlara qayıdıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR