AMiP-də Güney Azərbaycan Milli Hərəkatının növbəti ildönümünə həsr olunmuz tədbir keçirilib

img

20-05-2010 [06:00]


Bu gün AMİP-in müvəqqəti qərargahında 22 may Güney Azərbaycan Milli Hərəkatının növbəti ildönümünə həsr olunmuş Dəyirmi Masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan partiyanın Mətbuat və Təbliğat Katibi Əli Orucov 2006-cı ilin may hadisələrinə ekurskurs edərək, İran hakimiyyətinin güneyli soydaşlarımıza qarşı yürütdüyü assimiliyasiya siyasətini və repressiv hərəkətlərini kəskin tənqid etdi: ?Bu gün 30 milyondan çox soydaşımızın elementar hüquqlarına hörmət qoyulmur, ana dilində yazmaq və oxumaq yasaqlanıb. Yüzlərlə insan həbsxanalarda çürüdülür, bütöv bir millət fars rejiminin basqısı altındadır. Haqqını tələb edənlər asılır, öldürülür, işgəncələrə və sui-qəsdlərə məruz qoyulur?. İran hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq, güney azərbaycanlılarının milli mücadiləsinin uğurla sonuçlanacağına inamını ifadə edən AMİP funksioneri Güneydə başlanan Milli Azadlıq Hərəkatına Quzeydən dəstək verilməsinin, orada gedən proseslərin diqqətə alınmasının vacibliyini vurğuladı. ?Yaxşı olardı ki, Quzeydə fəaliyyət göstərən ictimai və siyasi təşkilatlar, hüquq müdafiəçiləri, eləcə də, digər qrumlar güneydəki soydaşlarımızın taleyinə biganə yanaşmasınlar. O, AMİP-in Güneydə həbs olunan, işgəncələrə məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəsi məqsədi ilə Daimi Komissiyanın yaradıldığını elan edərək, cəmiyyətin müxtəlif təbəqələrini bu komissiya ilə əməkdaşlığa səslədi. Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı təmsilçisi Ağrı Qaradağlı Güneydən yenə də həyəcanlı xəbərlərin gəldiyini dedi:?İran rejimi 22 may Hərəkatının ildönümünün qarşısını almaq üçün artıq kütləvi həbslərə başlayıb. Hərəkat fəallarından Yürüş Mehrəlibəyli, Səid Mətinpur, Hüseyn Nəsiri, Rza Əbdini, Əlirza Hüseynzadə və başqaları qanunsuz olaraq xüsusi xidmət orqanları tərəfindən saxlanılıblar. Onlara qarşı amansız davranılıb, təhqirlərə, işgəncələrə məruz qalıblar. Küçəyə çıxmaq qadağan edilib. Amma fars rejimi heç vaxt istəyinə nail ola bilməyib?. Milli Dirçəliş Hərəkatının sədri Fərəc Ulusoy öz çıxışında bildirdi ki, İranda bütün inqilabların hərəkətverici qüvvəsi azərbaycanlılardır: ?Ümüd edirəm ki, Güneyli soydaşlarımız yenə də öz missiyasının öhdəsindən gələ biləcək və milli kimliyini bir daha təsdiqləyəcək?. Ölkəmizin İrandakı keçmiş səfiri, professor Əliyar Səfərli isə ?İranın təkcə Güneydə deyil, Quzeydə də düşmənçilik fəaliyyəti göstərdiyini vurğuladı: İran Azərbaycanın müstəqilliyini daxilən sinirə bilmir. Ona görə də düşmənlərimiz ilə sıx əməkdaşlıq və onlarla birlikdə hərəkət edir. Ermənistanın Azərbaycana təcavüzü zamanı İran işğalçı dövlətə yardım göstərib. Bu gün də Ermənistan məhz Tehranın köməyi sayəsində zəruri ehtiyaclarını ödəyir?. Tədbirə qatılan DAK təmsilçisi Əlirza Amanbəyli, Milli Mədəniyyətin Müdafiəsi İB-nin sədri Jalə Cəfərova, siyasi mühacir Rəhim Cavadbəyli, AMİP Siyasi Şura üzvü Aminə Vəliyeva mövzu ətrafında çıxış etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA