Müsavat hökumətdən fəlakət zonasındakı problemləri həll etməyi, əhaliyə dəymiz ziyanın kompensasiya edilməsini tələb edib

img

17-05-2010 [06:21]


Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümünün əvvəlində Kür çayının daşması və sahil bəndlərinin uçması ilə bağlı bölgədə yaranmış fəlakət zonasındakı son durum müzakirə edilib. Müsavat Deputat Qrupunun və Müsavat Partiyası rəhbərliyinin bölgəyə səfər etmiş üzvləri bölgədəki vəziyyət haqqında Divana ətraflı məlumat veriblər. Baş vermiş fəlakətdə hakimiyyətin məsuliyyətsizliyi və səriştəsizliyi xüsusi qeyd olunub. Divan hakimiyyətdən fəlakətin qarşısının qısa zamanda alınması, əhalinin və onlara məxsus əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün daha effektli təbirlər görməsini, əhaliyə dəymiş ziyanın kompensasiya edilməsini tələb edib. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı ABŞ Dövlət Katibinin köməkçisinin müavini Tina Kaydenav ilə görüşü haqqında məlumat verdi. Daha sonra mayın 21-nə təyin edilmiş mitinqə hazırlıqla bağlı məsələ müzakirə edilib. Bu yöndə konkret tapşırıqlar və təlimatlar verilib. Seçkilərə hazırlıq məsələsi bölümündə dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi yönündə müzakirələr davam etdirilib və bir sıra dairələr üzrə konkret qərarlar qəbul edilib. Yığıncağın sonunda 2006-cı ilin 21 may hadisələrinin 4-cü ildönümü ilə əlaqədar ehtimal olunan fəallıqdan qorxan İran rejiminin Güney Azərbaycanın milli azadlıq hərəkatı fəallarına qarşı başlatdığı repressiya kəskin pislənilib və bunun dərhal dayandırılması tələb edilib. Məsələ ilə bağlı ayrıca bəyanat qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA