Siyasilər və ictimaiyyət nümayəndələri mülkiyyət hüququ mövzusunda müzakirə aparıblar

img

12-05-2010 [05:48]


Bu gün AMİP-in təşkilatçılığı ilə ?Mülkiyyət hüquqları:mövcud qanunvericilik və reallıqlar? mövzusunda ?Dəyrimi Masa? keçirilib. Müstəqil İnformasiya Agentiliyinin xəbərinə görə, tədbirdə millət vəkilləri, partiya sədrləri, hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdi. ?Dəyrimi Masa?nın aparıcısı AMİP Beynəlxalq əlaqələr üzrə katibi Yusif Bağırov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların mülkiyət hüquqlarının qornması məqsədilə müvafiq qanunlar var. 13-cü maddədə birbaşa mülkiyyətin dövlət tərəfindən qorunması və toxunulmazlığı, 29-cu maddədə isə bilavasitə mülkiyətin qorunması haqqında müddəalar əksini tapır: ?29-cu maddədə göstərilir ki, vətəndaşların mülkiyyət hüquqları məhkəmənin qərarı olmadan heç kim özəlləşdirə bilməz. Əgər dövlət ehtiyacları üçün torpaqlar alınarsa, o zaman həmin əmlakın tam dəyəri ödənildikdən sonra özəlləşə bilər. ?Torpaqların dövlət reyestri tərəfindən alınması haqqında? Qanun parlamentin bir neçə müzakirəsindən keçmişdi. Rusiya və Ukraynada analoji qanun neçə illərdir qüvvədədir. Bakı şəhərində Şəhərsalmanın baş planına əsasən paytaxtda bir sıra ərazilərin vətəndaşlardan alınması prosesi gedir. Bu proses hüquqi əsaslarla aparılmadığından vətəndaşlarla müvafiq qurumlar arasında narazılıq yaranır. Bunu ölkədə hər bir kəs bilir?. Hüquqşünas Fuad Ağayev dedi ki, hüquqi şəxslərin mülkiyyətinə qarşı bir sıra orqanlar tərəfindən ögey münasibət göstərilir: ?Məscidin genişləndirilməsi adı ilə Bibiheybətdə, Xutor qəsəbəsində daha ciddi hadisə isə Füzuli, Rəsul Rza və Əlimərdanbəy Topçubaşov küçələri ərazisində yerləşən binalarda baş verir. Həmin ərazidə ?Qış Bulvarı?, ?Qış Parkı? və yaxud da ?Park Bağ kompleksi? kimi müxtəlif adlar altında nəsə inşa ediləcəyi bildirilir. Sökülən binaların müqabilində sakinlərə təklif olunanlar qəribəlik doğurur. Dövlət başçısı bu yaxınlarda çıxışı zamanı paytaxtda ən bahalı ərazilərdən olan Neftçilər prospektində tikilən evlərin kvadratının 1500 manat olduğunu bildirdi. Prezidentə verilən bu məlumat həqiqəti əks etdirmir. Hamı çox yaxşı bilir ki, qiymətlər qat-qat bundan artıqdır. Əsas məsələ odur ki, bir çox hallarda dövlətin ehtiyacları olan ərazilərdə dövlətin ehtiyaclarının ödənilməsindən danışmaq mümkün olmur. Əgər icra hakimiyyətlərinin sərəncamlarını əsas götürsək, Füzuli, Şəmsi Bədəlbəyli küçələri arasında salınması planlaşdırılanlar heç bir halda dövlət ehtiyyacı sayıla bilməz. Dövlət ehtiyaclı binalar yalnız müvafiq təyinatlı obyektlər, sərhəd zolağı və kommunikasiyalar sayıla bilər. Bu anlayışların heç birinə əməl olunmur və sökülən ərazilərin hər hansı birinin dövlət ehtiyacları üçün yaradığı həqiqəti əks etdirmir. Füzuli küçəsindəki məsələ ilə bağlı danışıqların aparılması hansısa naməlum fiziki şəxsə tapşırılıb. İndiyə kimi də həmin fiziki şəxsin kimliyini müəyyən etmək çətindir. İstər dövlət, istər bələdiyyə orqanları olsun onların həmin mənzillərə toxunması qanunsuzdur. Çünki onlar vətəndaşların xüsusi mülkiyətidir. Köçürülmə prosesi yalnız orada yaşayanların razılığı əsasında aparıla bilər. Amma Bakı Şəhər İcra hakimiyyəti bunu nəzərə almaq istəmir. Orada 1200 nəfər əhali yaşayır ki, onların artıq müəyyən hissəsi köçürülüb. Köçürülmənin hansı vəziyyətlə aparılması da bəllidir və bir sıra hallarda insanların yaşaması üçün dözülməz şəraitin yaradılması faktdır. İstər siyasətdə, İstərsə də cəmiyyətdə aktiv fəaliyyət göstərənlər olsun, bu məsələlərə etiraz bildirilməzsə vəziyyət daha acınacaqlı hal alacaq. Əgər kimlərsə hansısa ərazilərdə yaşayan vətəndaşları köçürməklə ora sahiblənmək istəyirsə, o zaman bazar qiymətləri ilə hüquqi şəxslərin vəsitləri ödənilməlidir. Bu qanunvericiliyin tələbidir. Bu məmur özbaşnalığına qarşı etirazımızı bildirməsək sabah bütün ölkəni belə bir vəziyyət bürüyəcək?. BAXC-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev problemin həllini cəmiyyətdə hüquqi mədəniyyətin formalaşdırılmasında gördü. O, bildirdi ki, vətəndaşların mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunların qəbulu iqtidarla bağlı olan məsələ deyil: ?Baxmayaraq ki, parlamentdə çoxluq təşkil edən hakim YAP-ın üzvləridir və onların səs çoxluğu ilə bu qanunlar qəbul olunur, amma burda digər amillər də nəzərə alnmalıdır. Bu bir qədər də bizim cəmiyyətimizdə hüquqa olan münasibət, siyasi mədəniyyətlə bağlı olan problemlərdən qaynaqlanır. Belə tədbirlər həmin istiqamətlərdə mədəniyyətin yüksəlməsinə xidmət edərdi ki, onun da intentensivləşdirilməsi zəruridir. Bunun nəticəsində münasibətlərin dəyişilməsi mümkündür. Bu məsələ parlamentdə müzakirə olunarkən şəxsən mən bir neçə dəfə çıxış etmişəm. Mülki məcələyyə əlavə və dəyişikliklərin müzakirəsində də mülkiyyət alınarkən qabaqcadan vətəndaşlara tələb olunan məbləğ ödənilməklə prosesin aparılması barədə bəndin salınması təklifini irəli sürmüşəm. Mən nə qədər çalışsam da həmin qanunda onun yazılmasına nail ola bilmədim. Mənim təklifimin üstündən sükutla keçdilər. İkinci bir məsələ və ən dəhşətlisi odur ki, hüququ pozulan vətəndaşlara öz hüquqlarının qorunması üçün müvafiq orqanlara müraciət etmələri məsləhət bilinir. Mən bu məsələni parlamentin iclaslarında da qaldırmışam. Mən min-bir əziyyətlə tikdiyim evimdə oturmuşam, sən gəlib deyirsən ki, bu evi almaq istəyirəm. Mən isə satmadığımı deyirəm. Əgər bu dövlət ehtiyacı üçün tələb olunursa, o zaman mən niyə məhkəməyə getməliyəm, vəkil tapmalıyam. Dövlət həmin ərazini alırsa, o zaman müvafiq dövlət orqanı özü məhkəmə qarşısında iddia qaldırsın və vətəndaşlara əsaslandırsın ki, bu dövlətin ehtiyacını təmin etmək üçün edilir. Bu məsələni nə qədər izah etməyə çalışsaq da onun bir xeyri olmadı. Cəmiyyətin nisbətən aparıcı hissəsi istəyir ki, ölkədə sivill qaydalar qurulsun, sabah hansısa problemlərlə üzləşməmək üçün qanunlara az-çox riayət olunan bir cəmiyyəti formalaşdırmaq mümkün olsun?. AMİP Mərkəzi Şurasının sədri, hüqüqşünas Əli Ələkbərov qeyd etdi ki, çıxışlardan qaldırılan problemin bir daha aktul olduğu aydınlaşır: ?Bütün ölkələrdə olduğu kimi Azərbaycan Konstitusiyasında da mülkiyyətin toxunulmazlığı əksini tapır. Beynəlxalq aləmdə şəxsi mülkiyyət müqəddəs, toxunulmaz hesab olunur. Bu o deməkdir ki, mülkiyyət sahibinin icazəsi olmadan onun mülkiyyətinə toxunmaq olmaz. Azərbaycan qanunvericiliyində də hansı hallarda vətəndaşın mülkiyyətinin əlindən alınmasının mümkünlüyü göstərilib. Digər hallarda istər dövlət, istər vəzifəli şəxslər, istər biznes sahibləri tərəf kimi bu məsələdə iştirak etməli. birmənalı şəkildə vətəndaşı razı salıb mülkiyyətini almalıdır. Çox təəsüflər olsun ki, bu məsələ o həddə çatıb ki, artıq insanlar öz mülkiyyət hüquqlarını qoruya bilmirlər. Əgər mən mülkiyyətin sahibiyəmsə, o zaman məhkəmənin qərarı ilə necə mülkiyyətimi əlimdən ala bilərlər? Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın məktubu ilə rayon məhkəmələri rüşvətin sayəsində qərarlar çıxarırdı. Bu gün də həmin məhkəmə problemləri davam edir. Danılmaz faktdır ki, müxtəlif ərazilərdə tikilən binalarla bağlı təxminən 10 evin pulu verilərək Bakı Şəhər İcra hakimiyyətindən alınır. Binaların tikilməsi nəticəsində də ətraf ərazilər bərbad vəziyyətə düşür. Bununla da ətraf ərazilərin çox ucuz qiymətə alınması prosesi baş tutur. Vəkil kimi onlarla bu cür hadisələrin şahidi olmuşam. Qanunun keşiyində durmalı olan məhkəmələrin kimlərinsə tərəfində durur. Yeni tikilən evləri alan vətəndaşlara order verilmirsə, deməli, vətəndaş həmin əmlakdan istifadə etmək hüququ qazanmır. Digər bir tərəfdən də bələdiyyələrdən torpaq alan vətəndaşların həmin ərazini qeydiyyata aldırması üçün müvafiq strukturlara müraciət etdikdə dəhşətli rüşvət tələbi ilə üzləşir. Hətta, həmin vətəndaşın məhkəmə qərarı ilə şəxsi torpağında mülkiyyət tikməsinin qanuniliyi təsdiq olunsa belə müvafiq orqan onu icra etmir. Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qərarı məhkəmənin qanunlarından güclüdür. Bunu bütün məsuliyyətimlə ifadə edirəm? Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə mülkiyyətə hörmətsizliyin tarixiin bu gün deyil, daha əvvəllərdən qoyulduğuna diqqət çəkdi. Onun sözlərinə görə, bu məsələlər bir qədər də insanların təfəkkürü ilə bağlıdır: ?Hələ Rusiya işğalı ilə insanların mülkiyyətləri əllərindən alınaraq özləri də sürgünə məruz qoyulmuşdu. Bu proses bu günümüzə kimi gəlib çıxıb. Biz gözləyirik ki, onun qarşısı inqilabi yolla alınsın. Amma bu inqilab təfəkkürlərdə olmalıdır. Postsovet məkanında mülkiyyətin bir əldən digər ələ keçməsi prosesi sadəcə olaraq siyasi qərarla hakimiyyətin iddiası əsasında reallaşdırılır. Konstitusiyada əksini tapan maddələrə əməl olunur ki, mülkiyyət hüququna da əməl olunsun. Hüquqi anlayış yoxdur və mülkiyyətin müqəddəsliyinə cəmiyyətin münasibəti qənaətbəxş deyil. İqtidarlar dəyişə, yenisi köhnəsini əvəz edə bilər. Amma təfəkkürlərdə inqilabi dəyişiklik yoxdursa, o zaman biz bu problemlərin aradan qaldırılmasını görməyəcəyik. Biz anlamalıyıq ki, bu ölkənin ən hörmətli şəxsləri iş adamları, sahibkarlarıdır. Buna pis yanaşılması bolşevik təfəkkürü ilə yanaşma və sovet sistemindən irəli gələn məsələdir. Küçə mübarizəsi ilə bu proseslərin qarşısının alınmasına da əmin deyiləm?. Asim Mollazadənin siyasilərin bir araya gəlməməsi ilə bağlı fikirlərinə münasibətlə nitqinə başlayan millət vəkili Vahid Əhmədov dedi ki, müxalif siyasi düşərgənin bir araya gəlməsi prosesi ona görə baş tutmur ki, siyasi liderlər tet-tez öz əqidələrini dəyişirlər: ?Mən bir neçə dəfə demişəm ki, müxalifət saat 5-ə kimi əks düşərgədə dayanırsa, ondan sonra iqtidar olur. Son dövrlərdə belələri daha da çoxalıb. Ona görə də biz nə birləşə bilirik, nə də bu prosesin nə qədər davam edəcəyini. Müzakirə mövzumuza gəlincə bildiyim qədər Konstitusiyada mülkiyyət hüququ toxunulmazdır və qəbul olunan qanunlar da onu əks etdirir. Amma buna iki istiqamətdə yanaşmaq lazım gəlir. Birincisi hüquqi tərəfdirsə, ikincisi onun icrasıdır. Hüquqi tərəfdə ciddi prorblem yoxdur. Hətta, işğal olunmuş ərazilərimizlə bağlı qanun hazırdır və prezidentin təsdiqindən sonra hüquqi qüvvəsini alacaq. Qanunda yeganə çatışmayan cəhət qanunsuz inşa olunan ərazilərdə vətəndaşların mülkiyyət hüququnun tanınmasıdır. Biz nə qədər çalışsaq da bununla bağlı müsbət nəticə əldə edə bilmədik. Əgər dövlət hər hansı bir ərazi üçün ehtiyac duyursa, müvafiq qurumların iştirakı ilə onun icrasına nail ola bilər. Amma burda bir məsələ var ki, o da icra prosesində ortaya çıxır. Qanunların icrası prosesi çox pis vəziyyətdədir. Füzuli və Şəmsi Bədəlbəyli küçələrində yaranmış vəziyyətlə bağlı 60-dan artıq ərizə mənə daxil olub. Həmin müraciətlərdə köçürülməyə etiraz olunmur, amma evləri müqabilində təklif olunan vəsait narazılıq doğurur. Bu problem getdikcə də böyüyür. Qiymətlər birjalarda müəyyən olunur və onun əsasında vətəndaşlara nə qədər vəsaitin ödənilməsi məsələsi həllini tapmalıdır. Pul olan yerdə qanunlara baxan yoxdur, qanunlar işləmir. Bu əsas problemlərdən biridir. Ölkədə qanunların işləməsi vacibdir. Nə qədər ki, qanunların icrasına nəzarət mexanizmi olmayacaq, o qədər insanlar ondan əziyyət çəkəcəklər. Millət vəkillərindən çox şey gözlənilsə də bizim səlahiyyətimiz olduqca aşağı səviyyədədir. Hansısa qanunda hansısa bir müddəanın dəyişdirilməsi mümkün deyil və hökmən hökumətlə razılaşdırılmalıdır. Hesab edirəm ki, torpağı alan orqanın başında dayanan insanlardan çox şey asılıdır. Əgər onlar dövlətini sevən insanlardırsa, bu məsələləri asanlıqla həll etməlidir. Bakı Şəhər İcra hakimiyyəti ilə yanaşı, bir sıra digər qurumlarla bağlı hər gün yüzlərlə şikayət daxil olur. Müstəsna hallarda dövlət ehtiyacı üçün tələblər ortaya çıxır ki, bu da mərkəzdə olan ərazilərə aid deyil?. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov dedi ki, bəzi məmurların iradəsi qanunlardan üstə dayanır. Onun sözlərinə görə yuxarının sözü aşağılar üçün əsasdır, qanun əsas deyil: ?Özü də bu vəziyyəti dəyişmək çox asan deyil, olduqca çətindir. Deputat adı böyük səslənsə də bizim sözümüzə qulaq asan yoxdur. Din adamları da iddia edir ki, sözdən qüdrətli heç nə yoxdur, amma indi sözə əhəmiyyət verənlər tapılmır. Biz müxalifət adamı olaraq da tələblərimizi həyata keçirə bilmirik. İctimai fikrə əhəmiyyət verilməyən yerdə inkişafdan danışmaq mümkün deyil. İnsanların şüuru elə dəyişib ki, ətraflarında baş verənləri sanki belə də olmalıymış kimi qəbul edirlər. Mən doğulduğum raonda 10 sot torpaq almaq istəyirdim. Bunun üçün məndən ağlasığmaz məbləğdə rüşvət umurdular. Mən kiməsə rüşvət verməyi özümə təhqir hesab edirəm. Mənə məsləhət bildilər ki, yuxarılara zəng edim və onlar da bilsinlər ki, məndən pul alınmayıb. Yəqin ki, zəncirvari qurulan əlaqələrlə alınan rüşvəti harasa çatdırmalıdırlar. Mən isə dedim ki, lazım gəlsə kiməsə deyil, prezidentə müraciət edə bilərəm. Belə olan halda dedilər ki, sən bizi düzgün başa düşməmisən. Bax bütün ölkə də belə bir şərait yaranıb ki, onu da dağıtmaq çox çətin işdir. Amma bundan çəkinmək lazım deyil, sonna kimi onun üstünə getmək lazımdır?. Böyük Quruluş Partiyası sədrinin müavini Ülvi Həkimov bildirdi ki, hüquq müdafiəsindən, mülkiyyət hüququndan danışılsa da, ölkədə hüquqların müdafiəsində maraqlı olanlar çox azdır: ?Reallıq odur ki, Azərbaycanda maraq müstəvisi hüquq müstəvisini üstələyib. Hüquqların total pozulduğu bir ölkədə hüquqların pozulmasının qarşısının alınmasında kampaniyanın olması zəruridir. Mətbuatda yer alan müəyyən məsələlərlə bağlı partiyalar QHT-lər tərəfindən kampaniyanın təşkili məsələsi həllini tapmır. Gürcüstanda bu məsələ çoxdan həllini tapıb və hüququ pozulan hansısa bir partiyanın sədri SMS vasitəsilə həmin məmuru, qurumu iflic vəziyyətinə salmışdı. Bizdə isə hansısa vasitə ilə bu problemlərin müdafiəsinə qalxmağa cəhd olunmur. Hüququ pozan məmur öz marağını əldən vermək üçün hansısa qanunun qəbulunda maraqlı ola bilərmi? Bizdə çox maraqlı proses baş verir və burada baş verənləri bir ?Vaşinqton Post? qəzetindən oxuyuruq. Hadisələri özümüz yaratmırıq, amma hansısa baş vermiş hadisənin arxasınca gedirik. Biz özümüz nəsə yaratmalıyıq ki, onun ətrafında müzakirə açılsın?. ADP sədri Sərdar Cəlaloğlu, VHP sədrinin müavini Arif İsmayılbəyli, BAB sədri Aqil Səmədbəyli, Milli Mədəniyyətin Müdafiəsi İB-nin sədri Jalə Cəfərova və digər natiqlər, öz çıxışlarında mülkiyyət problemləri ilə bağli fikirlərini və təkliflərini bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA