"Müsavat hakimiyyətin ömrünün uzadılmasında bilavasitə iztirak edib"

img

16-05-2010 [07:15]


[b]Əli Əliyev: "Bu gün özlərini güclü göstərməklə, siyasi perspektivlərini "piştaxta"ya çıxaran qüvvələr hakimiyyətlə ticarət yapmağa çalışırlar" [/b] "Azadlıq" bloku ilə Müsavat Partiyası arasındakı münasibət yenidən gərginləşib. Müsavat deputat qrupunun üzvü İkram İsrafilin "Azadlıq" blokunda AXCP-dən başqa digər partiyaların arxasında 10 nəfərin belə olmadığını deməsi, blokdakı digər partiyaları hiddətləndirib. "Azadlıq" blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Müsavata cavabı daha sərt olub: - Bu adamın fikirlərinə münasibət bildirməklə onun fikirlərini mataha mindirmək istəmirəm. Ancaq bu kimi əsassız fikirləri cavabsız da qoymaq olmaz. Uzun müddətdir ki, Müsavat Partiyası tərəfindən "Azadlıq" blokunun daxilində ikitirəlik yaratmaq xətti yürüdülür. Bu siyasi xəttin tərkib hissəsi kimi guya müxalifətdə hansısa partiyaların güclü, digərlərinin çox zəif olması barədə ictimaiyyətə mesajlar ötürülür. Həmin adıçəkilən şəxs də "Azadlıq" blokunda təmsil olunan partiyaların nüfuzdan salınmasına yönəlmiş mövqe ifadə edib. Mənim fikrimcə, Azərbaycan siyasətində o partiyalar böyük və güclüdür ki, onların aydın siyasi xətti, hakimiyyətə qarşı birmənalı mövqeyi mövcuddur. Bu gün yürüdülən siyasət nəticəsində isə partiyaların fəaliyyət məkanı kifayət qədər məhdudlaşdırılıb, kadr bazası zəflədilib, maliyyə imkanları çökdürülüb. Bu baxımdan, kimlərinsə özünü böyük partiya kimi təsbit etməsinə cəhdi özünə vurğunluqdan xəbər verir. Təəssüflər olsun ki, həmin partiyalar 2000-ci ildə ilişib qalıblar, bu tərəfə keçə bilmirlər. [b]- Dedikləriniz yalnız Müsavat Partiyasına aiddir? [/b] - Mən, bizi gücsüzlükdə ittiham edən şəxsin təmsil olunduğu partiyanı - Müsavatı nəzərdə tuturam. Çünki bizə yönəlik ittihamlar davamlı olaraq, həmin partiyadan gəlir. Məhz Müsavat başqalarını aşağılamaqla, özünü böyük göstərməyə çalışır. "Azadlıq" blokuna daxil olan partiyalar hakimiyyətə qarşı birmənalı mövqe ifadə ediblər. Bizim gücümüz hansısa ölçülə bilməyən sayda deyil. Hər bir partiya özü haqqında şişirdilmiş rəqəm ifadə edə bilər. Bizim gücümüz cəmiyyətlə, cəmiyyətin bu hakimiyyətdən narazı olan hissəsi ilə mövqeyimizin üst-üstə düşməsindədir. Hamı bilir ki, Müsavat Azərbaycan hakimiyyətinin ömrünün uzadılmasında bilavasitə iştirak edib. Bizi ittiham edən həmin adam da çəkinmədən, utanmadan başqalarının haqqını yeyərək, onlara yazılmış mandatın hesabına gedib parlamentdə oturub, hakimiyyəti legitimləşdirməklə məşğuldur. Yaxşı olar ki, müxalifətdəki təşkilatlar hakimiyyət uğrunda və hakimiyyətdəki qüvvələrə qarşı mübarizə aparsınlar. [b]- Necə düşünürsünüz, Müsavat bu mübarizəni aparmır?[/b] - Mənim təəssüratıma görə, Müsavat hakimiyyətə qarşı mübarizə aparmır. Təəssüf ki, müxalifətin içində birinci olmaq uğrunda mübarizə aparırlar. "Azadlıq" blokuna daxil olan partiyaların siyasi mübarizəsi hakimiyyətə qarşı yönəlib. Biz hakimiyyətin və onun yürütdüyü siyasətin dəyişməsi uğrunda mübarizə aparırıq. Bizim heç bir vəchlə müxalifətin iqtidarı olmaq niyyətimiz yoxdur. Amma təəssüf ki, Müsavat və onun nümayəndələri bu azrudan, bu fəaliyyətdən geri durmurlar. [b]- Müsavatın marağı nədir ki, "Azadlıq" blokundakı digər partiyalara qarşı kampaniya aparsın? [/b] - İndiki mərhələdə bunun təfərrüatına varmaq istəmirəm. Əslində Müsavatın məqsədi mənə bəllidir. Ancaq hələlik hesab edirəm ki, müxalifətdə olan təşkilatlar bu cəmiyyəti özündən iyrəndirməməlidir. Hamı gözəl bilir ki, Azərbaycanda siyasi baxımdan reallıqlar fərqlidir. Bu gün özlərini güclü göstərməklə, siyasi perspektivlərini "piştaxta"ya çıxaran qüvvələr hakimiyyətlə ticarət yapmağa çalışır və bu yolla hakimiyyətin onlara mandat verməsini istəyirlər. Həmin müsavatçı deputat da istəyir ki, növbəti dəfə ona mandat yazılsın, bu səbəbdən də belə çıxışlar edir. [b]- Sözünüzdən belə çıxır ki, Müsavatın "Azadlıq" blokuna qarşı kampaniyasının arxasında hakimiyyətdən mandat almaq dayanır? [/b] - Şəksiz belədir. "Azadlıq" bloku hakimiyyətə qarşı ən real mübarizəni aparır. Müsavat da bu qüvvəyə qarşı kampaniya apararaq, bir növ hakimiyyətin siyasətini yürüdür və bunun da qarşılığı seçkilərdə mandat almaqdır. "Azadlıq" bloku siyasi müstəvidə olduqca, Müsavatın siyasi əhəmiyyəti və vacibliyi aşağı düşür. Ona görə də bu təşkilatdakılar "Azadlıq" blokunda narazılıq yaratmaq üçün əllərindən gələni edirlər. [b]- Siz Müsavatı bu və ya digər formada hakimiyyətə işləməkdə suçlayırsınız, amma İsa Qəmbər bir müddət əvvəl müxalifətdə hakimiyyətə işləyənlərin olduğunu demişdi... [/b] - Mən istisna etmirəm, hətta dəqiq bilirəm ki, müxalifətdə hakimiyyətə işləyən partiyalar var. Ancaq həmin partiyaların adını konkret çəkib, ortaya fakt qoymaq lazımdır. Qalan hallarda səsləndirilən fikirlər, mülahizələr təxəyyül məhsuludur. [b]- Ötən həftə müttəfiqiniz Əli Kərimli İsa Qəmbərlə görüşdü. Görüşün təfərrüfatları barədə müttəfiq kimi Sizə məlumat veribmi? [/b] - Əli Kərimli həmin görüşlərdə iştirak etmək və müzakirə edilən məsələlərin dövrəsini dəqiqləşdirmək üçün müttəfiqləri ilə məsləhətləşmələr aparıb. Əli bəy bizə deyib ki, Müsavatla müzakirələrdə hansı məsələlərdən danışılıb. "Azadlıq" bloku olaraq, bizim mövqeyimiz ondan ibarətdir ki, narazı elektoratı seçkilərdə parçalamamaq, dairələrdə müxalifət namizədlərinin bir-biri ilə mübarizə aparmamasını təmin etmək üçün məsləhətləşmələrin aparılması çox vacibdir. Biz öz üzərimizə düşən məsuliyyəti dərk edirik. Razılıq vermişik ki, bu tipli görüşlərlə Əli Kərimli bizi təmsil etsin. Ancaq son görüşlərdə hansı məsələlər müzakirə edilib, bu haqda məlmatım yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA