ADP aksiyada zorakılıq edən polislərin cəzalandırılmasını tələb edir

img

17-05-2010 [05:39]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İlk növbədə Dağlıq Qarabağda qondarma rejimin may ayında keçirmək istədiyi parlament seçkilərinə münasibət bildirən İdarə Heyəti üzvləri bu cəhdi ölkəmizin suverenliyi və ərazi bütövlüyünə növbəti qəsd kimi dəyərləndirib və beynəlxalq təşkilatları separatçı rejimin beynəlxalq hüququn norma və prinsipləri ilə uzlaşmayan hərəkətlərinə dərhal reaksiya verməyə və onların Azərbaycanın yurisdiksiyasına daxil olan ərazidə ikinci bir erməni dövləti yaratmaq səylərinin qarşısını almağa çağırıb. İdarə Heyəti həmçinin hazırkı şəraitdə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən, atəşkəs rejiminin effektsizliyindən və beynəlxalq təşkilatların təcavüzkarı birmənalı şəkildə yerində oturtmaması faktından irəli gəldiyini qeyd edərək, Azərbaycan hakimiyyətindən Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş bütün ərazilər işğaldan azad edilənədək hər hansı bir qaydada bölgənin status məsələsinin danışıqların predmetinə daxil olmasına imkan verməməyi tələb edib. ABŞ və Azərbaycan arasında siyasi münasibətlərin soyuqlaşmasından bir daha narahat olduğunu bildirən toplantı iştirakçıları bu məsələnin kökündə hakimiyyətin iç siyasətdə beynəlxalq öhdəliklərə uyğun gəlməyən davranış nümayiş etdirməsinin durduğunu qeyd edib və iqtidarı iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində səyləri artırmağa çağırıb. Meksika körfəzində BP-yə məxsus neft quyularının dağılması nəticəsində böyük bir ərazidə yaranmış ekoloji problemlərin yaratdığı fəsadlardan narahat olduğunu bildirən İH üzvləri bu problemin Xəzərdə daha ağır nəticələr verə biləcəyini nəzərə alaraq, hakimiyyəti xarici şirkətlərin Xəzər dənizində apardığı neft kəşfiyyat işlərini nəzarətdə saxlamağa çağırıb. Avropa Birliyi Yaxın qonşuluq siyasəti üzrə Avropa komissiyasının açıqladığı hesabatda ölkəmizdə insan haqları ilə bağlı problemlərin mövcudluğu ilə yanaşı bir sıra iqtisadi uğurların əldə edilməsinin yer aldığına diqqət çəkən toplantı iştirakçıları bu hesabatın heç də digər beynəlxalq təşkilatların Azərbaycandakı iqtisadi inkişafa dair səsləndirdiyi bəyanatlara uyğun gəlmədiyini bildirib və beynəlxalq təşkilatları vəziyyətin real mənzərəsini düzgün əks etdirən hesabatlar verməyə çağırıb. ?Azadlıq? blokunun Nərimanov metrosu yaxınlığında keçirmək istədiyi aksiyanın polis tərəfindən zorakılıqla dağıdılmasına münasibət bildirən İdarə Heyəti üzvləri aksiya iştirakçılarına qarşı törədilən zorakılıqları və polis bölmələrində qeyri-qanuni olaraq saxlanılanların fiziki təzyiqlərə məruz qalması faktlarını qətiyyətlə pisləyib və hakimiyyət orqanlarından dinc aksiya iştirakçılarına qarşı şiddətli güc və zorakılıq göstərən polis əməkdaşlarını cəzalandırmağı tələb edib. Ölkə başçısının vətəndaşların evlərinin sökülməsi zamanı guya onların daha çox kompensasiya tələb etməsi barədə səsləndirdiyi bəyanata mövqe bildirən partiya yetkililəri bu fikri vətəndaşların əmlak üzərində olan hüquqlarının pozulmasına yönələn bəyanat kimi dəyərləndirib və əmlakın qiymətləndirilməsi üçün baza rolunu oynaya biləcək əmlak birjasının yaradılmasının vacibliyini diqqətə çatdırıb. Ölkədə davam edən təbii fəlakət faktoruna bir daha diqqət çəkən toplantı iştirakçıları təbii fəlakətin miqyasının artması və əhaliyə daha böyük ziyan verməsi faktını nəzərə alaraq sahil rayonlarında baş verə biləcək fəlakətlərin qarşısının vaxtında alınması üçün ayrılmış 100 milyonlarla vəsaitləri mənimsəyən və təhlükəsizlik üçün tələb olunan preventiv addımlar atmayan cavabdeh təşkilat rəhbərlərinin məsuliyyətə cəlb olunmasını tələb edib. İdarə Heyəti üzvləri ?Fatimeyi-Zəhra? məscidinin sökülməsi haqda məhkəmə qərarının qüvvədə saxlanılmasından sonra yaranan insidentə münasibət bildirərək bu faktı dövlətin dini işlərə qarışması kimi dəyərləndirib və hakimiyyəti vicdan azadlıqlarının qorunması istiqamətində həssaslıq göstərməyə çağırıb. İdarə Heyəti ikinci məsələ kimi qarşıdan gələn parlament seçkilərinə partiyanın hazırlıq məsələsini müzakirə edərək müvafiq qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA