Müsavat böyük itkilərə səbəb olmuz fəlakətə görə hakimiyyəti birbaza günahkar sayır

img

12-05-2010 [04:52]


Xəbər verdiyimiz kimi, Müsavat Partiyası Divanının son toplantısında ölkəni bürümüş təbii fəlakətlə bağlı bəyanat qəbul edilib. Müstəqil İnformasiya Agentlyinə bəyanatın tam mətni daxil olub. Aşağıda bəyanatın tam mətnini diqqətinizə çatdırırıq: ?Son vaxtlar Kür çayının suyunun artması nəticəsində ölkənən bir sıra bölgəsində, xüsusilə Şirvan şəhərində, Sabirabad, Salyan, Saatlı rayonlarında təhlükəli vəziyyət yaranıb. Suyun daşması nəticəsində dövlətə və vətəndaşlara külli-miqdarda ziyan dəyib. Minlərlə ev və digər obyektlər su altında qalıb, yollar bərbad vəziyyətə düşüb, min hektarlarla əkin sahələri su altında qalıb. Bir çox kəndlərin və digər yaşayış məntəqələrinin əhalisi başqa yerlərə köçürülmüşdür. Qeyd etmək lazımdır ki, artıq 90-cı illərin axırlarından başlayaraq hər il yaz aylarında sözügedən təhükə bu və ya digər dərərcədə yaşanmaqdadır. Bu il isə göründüyü kimi əhali artıq real faciə ilə üzləşib. Təəssüf ki, hakimiyyət əvvəli illərdə baş vermiş təhlükələrdən real nəticə çıxarmayıb. Hər il yalnız təhlükə baş verəndən sonra bölgəyə müəyyən diqqət artırmağa başlayıb. Halbuki bu illər ərzində baş verə biləcək təhlükələrin qarşısını almaq və onu neytrallaşdırmaq üçün hakimiyyətin kifayət qədər imkanı və vaxtı olub. Lakin təsərrüfatsızlıq, səriştəsizlik, xalqın taleyinə biganə münasibət, ən əsası isə bütün hakimiyyət strukturlarını başına götürmüş korrupsiya və rüşvətxorluq buna imkan verməyib. Bu gün hökumət rəsmiləri baş verən təhlükələri təbii faktorlarla, konkret olaraq güclü leysan yağışları ilə əlaqələndirirlər. Mütəxəssislər və ekspertlər isə Kürün məcrasından çıxmasında təbii səbəblərlə yanaşı korrupsiya faktının heç də axırıncı yerdə olmadığını bəyan edirlər. Mingəçevirdəki su bəndi ilə bağlı deyilən fikirlərin isə çox ciddi və obyektiv araşdırılmasına ehtiyac var. Lakin hakimiyyət fəlakət bölgəsində real və konkret tədbirlər görmək əvəzinə yenə də süni görüntü yaratmaq, təbliğat şouları düzəltməklə məşğuldur. İş o yerə çatıb ki, dövlət başçısı fəlakətlə bağlı keçirdiyi müşavirədə konkret tapşırıqlar vermək əvəzinə az qala əhalinin hamısının qanunsuz evlərdə yaşadığıni bəyan edir. Müsavat Partiyası bölgədə böyük itkilərə səbəb olmuş bu vəziyyətə görə hakimiyyəti birbaşa günahkar sayır və onun nəticələrinin aradan qaldırılması üçün daha təsirli tədbirlər görməyə çağırır. Biz, habelə, insanların əmlakına, əkin sahələrinə dəymiş ziyana görə onlara bazar qiymətlərinə uyğun kompensasiya ödənilməsini, KİV-lərdə korrupsiya ilə bağlı səslənmiş faktların araşdırılaraq tədbir görülməsini, günahkarların cəzalandırılmasını tələb edirik.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA