Müsavat Partiyası ilə DUi rəhbərliyi sabah görüzəcəklər

img

11-05-2010 [12:36]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUİ SŞ ölkə ərazisində baş vermiş daşqınların nəticəsində yaranmış təbii fəlakətlə əlaqədar bəyanat qəbul edib. Ölkə ərazisində baş vermiş daşqınların nəticəsində yaranmış situasiyanı təhlükəli hesab edən DUİ SŞ təbii fəlakətə müvafiq dövlət strukturlarının hazır olmadığını qeyd edərək bu fəlakətin qarşısının alınmasında nöqsanlara yol vermiş vəzifəli şəxslərin cəzalandırılmasını, təcili tədbirlər görülməsini, dövlət tərəfindən ciddi şəkildə yardımın ayrılmasını və bu yardımın zərərçəkən əhaliyə verilməsinə ictimai nəzarətin təmin edilməsini tələb edir. Bəyanatda deyilir: "İlham Əliyevin təbii fəlakətə həsr olunmuş müşavirədə qeyd olunan sahədə korrupsiyanın mövcudluğunu etiraf etməsi, başçılıq etdiyi icra hakimiyyətini kəskin tənqid etməsi bir daha təsdiq edir ki, yaranmış fəlakətli və acınacaqlı durum təkcə təbii fəlakətin deyil, həm də bir sıra məmurların birbaşa günahıdır. SŞ təbii fəlakət nəticəsində zərərçəkmişlərin hakimiyyət tərəfindən kompensasiya ilə təmin olunmasını vacib hesab edərək, DUİ-nin acınacaqlı duruma düşmüş ölkə vətəndaşlarının yanında olduğunu bəyan edir". SŞ 2010-cu il parlament seçkiləri ilə əlaqədar DUİ-nin Seçki Qərargahının Əsasnaməsini əlavə və dəyişikliklərlə əsasən qəbul edib. DUİ SŞ kütləvi aksiyalarla bağlı Mitinq Komitəsinin yaradılması və hər partiyadan təmsilçilərin verilməsi ilə bağlı qərar qəbul edib. Bəybala Əbil DUİ-nin Mitinq Komitəsinin rəhbəri seçilib. DUİ SŞ Müsavat Partiyası ilə məsləhətləşmələrin növbəti toplantısının 12 may 2010-cu il tarixdə Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilməsi barədə qərara gəlib. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA