16-05-2010 [07:30]
[b]Aydın Mizəzadə: "Müxalifət növbəti parlamentdə nəinki öz sayını çoxalda bilməyəcək, hətta 2005-ci il səviyyəsini saxlaya bilsə, bu, böyük işdir"[/b]
Ölkənin bəzi bölgələrində sel sularının yaratdığı ajiotaj hələ də səngiməyib. Yaranmış acınacaqlı vəziyyətə görə, bəzi şəxslər hökuməti də təqsirli bilirlər. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə isə hökumətin səriştəsiz olması ilə bağlı deyilənlərlə razılaşmır:
- Baş verən təbii fəlakətdir. Yəni, biri var subyektiv faktorlu fəlakət, biri də var birbaşa təbiətdən gələn, proqnozlaşdırılması mümkün olmayan və insanla mübarizədə öz gücünü göstərən fəlakət. Əslində onların dediyi kimi deyil, tam əksinədir. Yəni, Azərbaycan dövlətinin, onun müvafiq strukturlarının bu fəlakətə tam hazır olduğu və onu minimuma endirmək qabiliyyəti ortaya çıxdı.
[b]- Axı, nəyin qarşısını almaq mümkün oldu, kəndləri su basdı, əhali evlərindən didərgin düşdü? [/b]
- Biricisi, bütün problemlərə baxmayaraq, çox şükür ki, insan tələfatı olmadı. İkincisi, fəlakətin qarşısını almaq üçün dövlətin hazır strukturlarından, texnikasından, hazır resurslarından istifadə olundu. Bu gün dövlət fəlakət qarşısında aciz deyil. Dağılmış bəndələrin bərpası üçün lazımi tədbirlər görürülür, insanlar dövlətin imkanları hesabına köçürülür, onlar müvəqqəti olaraq, yaşayış yerləri, ilkin tələbat ehtiyacları ilə təchiz edilir. Uşaqların təhsil, hər bir insanın səhiyyə imkanları ilə təchiz edilməsi üçün bütün imkanlar ortaya qoyulub. Digər ölkələrdən fərqli olaraq, dövlət nəinki başqa ölkələrdən, hətta öz cəmiyyətindən belə yardım istəmədi. Bütün görülən işlər dövlətin öz hesabınadır. Prezident bununla bağlı iki dəfə - paytaxtda və təbii fəlakət zonasında - müşavirə keçirdi, tapşırıqlarını verdi. Bildirildi ki, təbii fəlakətdən zərər çəkənlərin zərərini ödəmək üçün dövlət bütün imkanlarını səfərbər edəcək. Eyni zamanda, fəlakətin daha ağır fəsadlar törətməməsi üçün müvafiq işlər görülür.
Kür bolsulu çaydır, amma bu dəfə baş verən fəlakət proqnozlaşdırılmırdı. Amma hazırda görülən işlər həm də gələcəkdə baş verə biləcək bu kimi hadisələri önləyəcək.
[b]- Aydın müəllim, ancaq əvvəlcədən belə bir hadisənin baş verəcəyi proqnozlaşdırılırdı. Həmkarınız Pənah Hüseyn isə deyir ki, baş verənlər Kürün səviyyəsinin artması yox, korrupsiyanın artmasının göstəricisidir. Yəni belə hadisələri önləmək üçün ayrılan pullar mənimsənilir... [/b]
- Pənah Hüseyn Milli Məclisdə bəlağətli danışdı. Onun bu bəlağətli danışığının qarşısına konkret faktlar və real işi qoymaq olar. Mən özüm ixtisasca mühəndisəm, bu baxımdan gəlin görək, nə etmək olardı ki, bu, baş verməsin. Məsələn, hazırda bəndlərin hündürlüyü 5 metrdir, norma üzrə su hər il 3-4 metr qalxır. Təsəvvür edin ki, dövlət 5 metr əvəzinə, 10 metrlik bəndlər qaldırır. Onda da Pənah Hüseyn deyəcəkdi ki, dövlət pulunu hara gəldi səpələyir, bu, korrupsiya mənbəyidir. Və yaxud Kür çayının iki gəmi ilə təmizləmək mümkün idisə 10 gəmi alınsaydı, yenə də eyni sözləri deyəcəkdilər. Yəni, göründüyü kimi, istənilən halda dövlət tənqid ediləcəkdi. Əgər Pənah Hüseyn həqiqətən də hökumətin bu yöndə bir iş görmədiyini iddia edirdisə, özü Sabirabad rayonundandır, niyə indiyə qədər parlamentdə həmin bəndlərin daha da hündür olması, çayın təmizlənməsi üçün daha çox gəmilərin alınması, daha çox vəsait ayrılması üçün məsələ qaldırmırdı? Həmkarlarım düz deyirlər ki, müxalifət çayın bəndləri dağıtması faktından siyasi məqsədlər üçün istifadə etməyə başlayıb. Gəlin görək, bu daşqınlardan zərər çəkənlərdən bir nəfər də olsun dövlətin diqqətindən kənarda qalıbmı? Onlardan heç biri dövlətin gördüyü işlərdən narazı deyil.
[b]- Fəlakət baş verəndən sonra Fövqəladə Hallar Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" ASC fəaliyyətsizlikdə ittiham olundu. Hətta bu qurumların rəhbərlərinin cəzalandırılmasını tələb edənlər də tapıldı...
[/b]
[i]- (Tələsik) [/i]Bunların hamısı tam əsassız və tamamiylə başqa qütbdən səslənən fikirlədir.
Birincisi, "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə vəsaitin daha çox ayrılması barədə iqtidar deputatları daha çox çıxış edirdilər, nəinki müxalifətçilər. Bu istiqamətdə təklifləri həmişə biz vermişik, müxalifət deputatlarından bu barədə təklif eşitməmişəm.
İkincisi, Fövqəladə Hallar Nazirliyinin vəzifəsi məhz fövqəladə hallarda fəaliyyət göstərməkdir. Mən deyərdim ki, həm bu nazirlik, həm də onun rəhbəri Kəmaləddin Heydərov özünü yüksək səviyyədə göstərdi. Nəyə görə bu qurumların rəhbərləri cazalandırılmalı idilər? Azərbaycanda yüz ildən bir belə hadisə baş verəndə, necə lazımdırsa, elə fəaliyyət göstərdiklərinəmi görə cəzalanmalıdırlar?
Bu gün görülən işlər göz qabağındadır. Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə, Təhsil, Nəqliyyat nazirlikləri, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Azərenerji", ARDNŞ və digər dövlət qurumları bu təbii fəlakətdə özlərini ən yüksək şəkildə göstərə bildilər. Yəni, kimsə hansısa qurumu əsassız yerə ittiham edirsə, burada mütləq qərəz var.
[b]- Ancaq prezident İlham Əliyev də müşavirədə bəzi məmurların qanunsuz fəaliyyətlərindən danışdı və onların cəzalanacağını bildirdi... [/b]
- Şübhəsiz ki, kimlərsə, yaranmış belə vəziyyətə hazır olmaya, yaxud da ki, özlərini səlahiyyətlərinə uyğun aparmaya bilərlər. Bütün bu fəlakət aradan qaldırıldıqdan sonra, şübhəsiz ki, onlara da qiymət veriləcək. Ancaq onu da demək lazımdır ki, bu kimi hallar yüksək səviyyədə görülən işlərin yanında çox kiçikdir.
[b]- Müxalifət isə həm seçkiöncəsi vəziyyət, həm də təbii fəlakət zamanı hökumətin lazımi səviyyədə fəaliyyət göstərə bilməməsi ilə bağlı aksiyalar keçirmək istəyir. Bu barədə də fikirlərinizi öyrənmək istərdik. [/b]
- Kütləvi aksiyalar qanunla tənzimlənir. Hansısa məsələ hansısa siyasi qüvvəni təmin etməyə bilər. Eyni zamanda bütün müxalifət qüvvələrini razı sala biləcək qanun layihəsi hazırlamaq da qeyri-mümkündür. Həm də nəzərə almalıyıq ki, müxalifət bir və ya iki partiyadan ibarət deyil. Bu gün mötədil müxalifətdən qatı radikal müxalifətə qədər müxtəlif qüvvələr var. Bu baxımdan, kütləvi aksiyalarda onların müxtəlif fikirləri səslənə bilər. Seçki prosesi hələ başlamayıb. Müxalifət ona görə aksiya keçirmək istəyir ki, özünü cəmiyyətin yadına salsın. Bu gün onlar öz proqramlarında, şüarlarında cəmiyyətin maraqlarını nəzərə almayıblarsa, insanlar onların arxasınca getməyəcək. Bu baxımdan, onların ajiotaj doğuracaq addım atmaq cəhdlərini sakit qarşılayıram. Seçki ilidir, onlar indidən aktivlik nümayiş etdirmək istəyirlər. Mən bir məqamı da qeyd etmək istəyirəm, nədənsə həmin aksiyalarda müxalifət liderlərini görmürük. Heç liderlərin müavinləri də o aksiyalarda iştirak etmirlər. Belə çıxır ki, döyüşə gedən ordunun komandanı arxada, uzaqlarda vəziyyəti binokulla izləyir.
[b]- Meriya şəhərin mərkəzində aksiyalara icazə vermir, keçirilən aksiyalar əsasən icazəsiz olur, bu zaman isə polis fiziki təzyiqlər edir. İndi deyirsiniz ki, liderlər də gəlib polislə yaxa-yaxaya durmalıdır? [/b]
- Siyasət mübarizədir, siyasətdə olan hər bir kəs isə əsgərdir. Bu zaman əsgərin hansı rütbədə olmasının elə bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, mən son aksiyalarda Azərbaycan polisinin qanunamüvafiq, olduqca təmkinli hərəkətinin şahidi oldum. Heç bir müxalifət nümayəndəsi ona qarşı zorakılıq olduğunu deyə bilməz. Heç kəsə qarşı lazım olandan artıq güc tətbiq edilmədi. Bir də nədən bizim müxalifət gücünü Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında göstərmək istəyir? Niyə başqa imkanlardan yararlanmırlar? Parlamentdə nümayəndələri, çoxsaylı mətbuat orqanları var. Bu günlərdə eşitdim ki, müxalifət partiyalarından biri daha bir qəzet açıb. Baxmayaraq ki, həmin partiyalar vaxtaşırı heç bir maliyyə vəsaitlərinin olmadığını bildirirlər. Həmin vəsaiti haradan aldıqlarını cəmiyyətə açıqlasalar, yaxşı olar.
[b]- Opponentləriniz deyir ki, hakimiyyət niyə tədbirlərini şəhərin mərkəzində keçirir, bizə şəhər kənarını göstərirlər. Sizcə, bu ayrıseçkilik deyilmi? [/b]
- Səhv etmirəmsə, hakimiyyət kütləvi tədbirini prezident seçkilərində Bayıldakı stadionda keçirmişdi, mən də orda iştirak edirdim. Hakimiyyət nümayəndələri də orda oldu. Niyə biz keçirdiyimiz yerdə onlar da keçirmək istəmirlər? Məncə, bunların hamısı bəhanədir. Hakimiyyət də tədbirlərini şəhərdən kənarda keçirir.
[b]- O da bildirilir ki, bu günlərdə keçirilən Gül bayramı da hakimiyyətin tədbiridir və şəhərin mərkəzində keçirilir... [/b]
[i]- (Gülür)[/i] Qoy, müxalifət də Gül bayramı keçirmək istəsin və mən sizi inandırıram ki, bunun üçün onlara da tam şərait yaradılacaq. Müxalifət də Bayıl yamacında, aeroport yolunun kənarında ağac əkmək üçün hakimiyyət orqanlarına müraciət etsin, onların müraciətlərinə tam müsbət cavab veriləcək. Onlar fikirləşirlər ki, siyasət ancaq gözünü yumub iqtidarı tənqid etməkdən ibarətdir. Yəni, bu deyilənlər də həmişə olduğu kimi ciddi arqumentə söykənmir.
[b]- Qarşıdan seçki gəlir, YAP-da seçki hazırlıqları hansı səviyyədədir? [/b]
- Ümumi hazırlıq gedir. Hər seçkidən seçkiyə YAP qanun çərçivəsində yeni texnologiyalar, yeni baxışlar gətirir. Bunlar isə zamanı gələndə görünəcək. Onu deyə bilərəm ki, bu seçkidə hər hansı problemimiz olmayacaq.
[b]- Ölkədəki sosial-iqtisadi problemlər və baş verən son hadisələr fonunda hakimiyyətin 2010 parlament seçkilərindəki şansını nəyə əsasən yüksək dəyərləndirirsiniz? [/b]
- Əgər vəziyyət müxalifətin dediyi kimidirsə, onda onlar sevinməlidirlər. Çünki belə situasiyada cəmiyyət iqtidardan üz döndərməli və qarşı tərəfin namizədlərinə səs verməlidir. O zaman müxalifət niyə narahat olur? Niyə yaranmış imkandan tam istifadə etmirlər? Amma iş burasındadır ki, real həyat onların dediyi kimi deyil. Cəmiyyət o vaxt iqtidarın dəyişmək istəyir ki, o iqtidarın fəaliyyətində özünün problemlərinin həllini görmür. Əgər vətəndaş görürsə ki, problemləri həll edilir və yeni problemlər yaranmır, təbii ki, heç vaxt hakimiyyəti dəyişmək istəməyəcək. Bir qrup insanlar hakimiyyətdən narazı olacaq. Müəyyən qrup insanlar hakimiyyətdə olan insanların yerinə gəlmək istəyəcək, o səbəbdən də onlar müxalifətdə olacaqlar. Ancaq hakimiyyətin dəyişməsi üçün cəmiyyətdə böyük böhran yaşanamalıdır. Bu gün Azərbaycanda hakimiyyəti dəyişmək üçün böhran yoxdur.
[b]- Parlamentin indiki tərkibi Sizi qane edirmi? [/b]
- Hesab edirəm ki, indiki tərkib 2005-ci ilin səviyyəsinə tam uyğun idi. Qüvvələr nisbətinə, həmin dövrün problemlərinin həllinə cavab verirdi. Düşünürəm ki, Azərbaycan parlamenti ümumən qarşıya qoyulan problemləri həll etdi. Yəni, zamanın tələb etdiyi qanun dəyişikliklərini edə bildi. Heç bir məsələ gündəmdən kənarda qalmadı. Cəmiyyət parlamentin mövcudluğunu, fəaliyyətini daim hiss edə bildi. Amma bununla belə, əlbəttə ki, müəyyən müddət keçib, indi yeni insanlar, yeni ideyalar var. Şübhəsiz ki, parlament bu seçkilərdə müəyyən qədər dəyişiləcək.
[b]- Bəs, növbəti parlamenti necə görmək istərdiniz? [/b]
- İlk növbədə tanınmış ziyalıları, dövlət üçün çalışan şəxsləri parlamentdə görmək istərdim. Qadınların və gənclərin sayının daha çox olmasını, əyalətdə formalaşan, oranı yaxşı tanıyan, əyalət ziyalılarının parlamentdə təmsil olunmasını istərdim. Konstruktiv mövqeli və eyni zamanda tənqidi ilə yanaşı, təklif də verən insanlar parlamentə düşsələr, yaxşı olar. Azərbaycan parlamentində müxalifəti də görmək istərdim. Ancaq ümumi analiz göstərir ki, müxalifət növbəti parlamentdə nəinki öz sayını çoxalda bilməyəcək, hətta 2005-ci il səviyyəsini saxlaya bilsə, bu, böyük işdir. Çünki 2005-ci ildən bəri bir çox problemlər həll edilib ki, artıq həmin o problemlərin fövqündə müxalifət parlamentə daha çox adam göndərə bilməyəcək.
[b]- Özünüz hansı dairədən namizəd olacaqsınız, bu barədə qərar vermisinizmi?
[/b]
- Siyasətdə mütləq komanda şəklində iştirak etmək lazımdır. Yeni Azərbaycan Partiyasının üzvü kimi, mən, partiyamızın, Heydər Əliyev siyasi xəttinin qələbə çalmasında maraqlıyam. Bu baxımdan YAP üzvü kimi seçkiyə hazırlaşırıq, partiyamızın daha çox mandat əldə etməsinə səy göstəririk. Amma fərd kimi mən seçkiyə hazırlaşmıram. Əgər partiyamız siyasətdə yenidən məni görmək istəyəcəksə, təşəkkür edib, yenidən bu istiqamətdə çalışaram. Yox, daha hazırlıqlı, daha enerjili insanlar olacaqsa, mən onları dəstəkləməyə, onlara yardımçı olmağa hazıram. Yəni, parlament üzvü olmaq üçün şəxsi iddiam yoxdur.
[b]- Seçkiyə komanda ilə gediləcəyini dediniz. O fikirlər də səslənir ki, YAP daxilində, o cümlədən hakimiyyətdə parlament seçkiləri, namizədlərlə bağlı çəkişmələr var. Bu informasiyalar nə dərəcədə əsaslıdır? [/b]
- Bunların hamısı əsası olmayan söhbətlərdir. Belə informasiyalar qərəzli şəkildə dövriyyəyə buraxılır. Onların dedikləri tam əsassızdır. YAP monolitdir, seçkiyə vahid komanda kimi gedir və ümumən əvvəlki qələbələrini davam etdirmək əzmindədir.
[b]Zaur ƏHMƏD[/b]