09-05-2010 [06:12]
Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin keçiriləcəyi günü açıqladı. Artıq təbliğat kampaniyasına elə də çox vaxt qalmayıb. Hakimiyyət düşərgəsi də, müxalifət də rəsmi şəkildə olmasa da, seçki hazırlığına başlayıb və namizədlərini müəyyənləşdirməkdədir. Aparıcı müxalifət partiyalarının vahid qüvvə şəklində seçkiyə gedə bilməməsi isə namizədlərin müəyyənləşdirilməsi prosesini ləngidir.
Seçkiöncəsi vəziyyət, müxalifətin durumu və digər məsələlərlə bağlı müsahibə verən Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyubla söhbətə özünün hansı dairədən namizəd olacağı ilə bağlı sualla başladıq.
- Mən artıq qərarımı vermişəm. Qarşıdan gələn parlament seçkilərində də 2005-ci ildə namizədliyimi irəli sürdüyüm Suraxanı rayonundan seçkiyə gedəcəyəm.
[b]- 2005-də həmin dairədən deputat seçilən Anar Məmmədxanova qarşı hakimiyyətin münasibətinin soyuqlaşdığı bildirilir. Bu baxımdan şansınızı necə qiymətləndirirsiniz? [/b]
- Məni çox da maraqlandırmır ki, Anar Məmmədxanovun vəziyyəti necədir. Anar Məmmədxanov olmayacaq, başqa Məmmədxanov olacaq. Yəni hakimiyyətin hansısa başqa namizədi olacaq. Bu isə məni az narahat edir. Məni əsasən seçicilərimin rəyi maraqlandırır. 2005-ci ildə baxmayaraq ki, mənim o dairədə hüququm tapdandı, amma mən o vaxtdan bu yana öz dairəmdə seçicilərimlə əlaqəmi kəsməmişəm, onlarla tez-tez görüşürəm. Seçicilərin də mənə münasibətini yaxşı bilirəm. Ona görə də bu münasibəti nəzərə alaraq, yenə o dairədən namizədliyimi irəli sürəcəyəm.
[b]- Ötən seçkilərin nəticəsi bəllidir. 2010-dan nə gözləyirsiniz? [/b]
- Bəri başdan hansısa proqnoz vermək istəmirəm. Mənim üçün əsas odur ki, mübarizəmi aparım. Mən də mübarizəmi aparacağam. Hesab edirəm ki, bu mübarizə yalnız mənim özüm üçün yox, bütövlükdə cəmiyyət üçün vacibdir.
[b]- Vurğun bəy, o vaxt "Azadlıq" blokunun vahid namizədi idiniz, bu isə ümumi müxalif düşərgənin təmsilçisi olmaq demək idi. Bu dəfə isə vahid namizəd məsələsi reallaşmır... [/b]
- Güman edirəm ki, bizim müxalifət qüvvələri ilə apardığımız danışıqlar müsbət nəticələnəcək. Amma məndə olan məlumata görə, namizədliyimi vermək istədiyim dairədən başqa bir müxalif namizəd olmayacaq. Olsa belə, mənim çəkinəcəyim yoxdur.
[b]- "Azadlıq" bloku İsa Qəmbərin seçkiyə qatılacağı dairədən namizəd irəli sürməyəcəyini bəyan edib. Belə bir güzəştin Sizə qarşı da olacağını gözləyirsinizmi, yaxud belə bir münasibət sərgilənməlidirmi? [/b]
- Mən, 2005-ci ildə Suraxanı rayonunun başqa bir seçki dairəsindən namizədliyimi irəli sürmək istəyirdim. Ancaq həmin dairədən AXCP sədri Əli Kərimlinin namizəd olması məsələsi gündəmə gəldiyi üçün güzəştə getdim. Niyə güzəştə getdim deyirəm? Çünki Əli Kərimlinin bu dairəyə hər hansı bağlılığı yox idi. Sadəcə, o, namizədliyini bu dairədən irəli sürmək fikrinə düşdüyü üçün onun istəyinə hörmət elədim və başqa dairəyə keçdim. Bu mənada hesab edirəm ki, bizim aramızda hər hansı problem yoxdur, yəqin seçkidə də hər hansı problem yaşanmaz. Hesab edirəm ki, mən siyasi həyatımda bir çox güzəştlərə getmişəm. İndi mənə daha çox güzəşt ediləsi məqamdır. Ancaq belə bir güzəşt olmasa da, mənim çəkinəcəyim yoxdur. Mən istənilən halda cəmiyyətin xeyrinə olacaq addımın tərəfdarıyam. Əgər mənim namizədliyimin cəmiyyətə daha çox xeyri varsa, heç bir güzəştə getmək fikrim yoxdur. Amma hesab eləsəm ki, bir başqasının namizədliyinin cəmiyyətə daha çox xeyri var, onda güzəştə gedə bilərəm.
[b]- Bəs, seçkiyə gedən müxalifətin ümumi vəziyyətini, şansını necə qiymətləndirirsiniz? [/b]
- Məncə, vəziyyət bəzilərinin qara rəngdə vermək istədiyi qədər də ümidsiz deyil. Hesab edirəm ki, sonda bu və ya digər şəkildə müxalifət qüvvələri hökmən bir arada olacaq. Özünü müxalifət adına sırayıb, hansısa dairələrə xidmət edənlər isə kənarda qalacaqlar. Bu mənada düşünürəm ki, bu məsələdə xüsusi narahatlığa ehtiyac yoxdur.
[b]- Özünü müxalifət adına sırayanlar deyəndə, kimləri nəzərdə tutursunuz, konkretləşdirmək olarmı? [/b]
- Konkretləşdirməkdən də hər hansı çəkinəcəyim yoxdur. Amma istəmirəm ki, qarşıda çox böyük işlər görəcəyimiz halda, diqqət bu cür intriqalara yönəlsin. Ona görə də konkretləşdirmək istəmirəm. Məncə, buna ehtiyac da yoxdur, çünki cəmiyyət kimin həqiqi müxalifət mövqeyində dayandığını, kimin haralara işlədiyini çox gözəl bilir.
[b]- Müxalifətin bir araya gəlməsi və vahid namizəd məsələsi çox müzakirə olunur. İsa Qəmbər birləşmək, vahid namizədin müəyyənləşməsinin o qədər də vacib olmadığını deyir. Siz nə düşünürsünüz? [/b]
- Mən də belə düşünürəm. Həmişə də demişəm, yenə də öz fikrimdə qalıram. Heç kəs birlikdən imtina eləmir. Heç kəs birliyin müsbət nəticələr əldə olunmasının təsirinin böyük olduğunu inkar eləmir. O cümlədən mən də bunları inkar etmirəm. Amma hesab edirəm ki, "bütün problemlərin kökü birliyin olmamasındadır",- fikri yanlışdır. Problem onda deyil ki, birlik yoxdur. Əslində ola bilər ki, siyasi qüvvələr arasında birlik yoxdur, amma seçici müstəvisində birlik həmişə görünüb. Məsələn, 2005-ci ildə mənimlə bir dairədə hətta özünü müxalifət elan edən namizədlər də var idi. Topladığı səsləri demək istəmirəm, biabırçı rəqəmlər idi. Amma seçici öz birliyini göstərdi. Ona görə də hesab etmirəm ki, problem birliyin olub-olmamasındadır. Problem ondadır ki, Azərbaycan hakimiyyəti xalqın iradəsi ilə hesablaşmaq istəmir və seçkinin nəticələrini saxtalaşdırır.
[b]- Bu seçkidə hakimiyyətin durumunu necə qiymətləndirirsiniz? [/b]
- Hakimiyyət çox çətin və mürəkkəb vəziyyətdədir. Nə qədər ürəkli danışsalar da, beynəlxalq aləmi qeyri-obyektivlikdə, birtərəflilikdə suçlasalar da, başa düşürlər ki, vəziyyət belə davam edə bilməz. Ona görə də hakimiyyət bu seçkilərdə yumşaq addımlar atmaq məcburiyyətindədir. Bu addımların daha təsirli olub-olmayacağı Azərbaycan cəmiyyətinin mübarizəyə hansı səviyyədə və dərəcədə hazır olmasından asılıdır. Bilirsiniz, nicatı kənarda axtarmaq fikrindən əl çəkmək lazımdır. Ən böyük nicat yolu cəmiyyətin özünün mübarizə gücünün səviyyəsindən asılıdır.
[b]- Son günlər gündəmdə olan məsələlərdən biri də Pənah Hüseynin Müsavat başqanı və partiyaya qarşı çıxışlarıdır. Sizcə, Pənah Hüseyn niyə belə danışır? [/b]
- Düzü, Pənah Hüseynin açıqlamalarında əvvəllərdə olduğu kimi, yenə Müsavat Partiyasına da, İsa Qəmbərə də böyük sayğı görünməkdədir. Amma Pənah Hüseyn həmişə özünə məxsus siyasi fikirləri ilə meydanda olub. Onun dediklərində razılaşdığım və razılşmadığım məqamlar var. Lakin istənilən halda hesab edirəm ki, Pənah bəylə Müsavat Partiyasının mövqeyini yeniləşdirməyə heç bir ehtiyac yoxdur. Pənah Hüseynin öz mövqeyi, Müsavat Partiyasının da öz mövqeyi var. Bu mövqelərdə üst-üstə düşən və düşməyən cəhətlər də ola bilər. Üst-üstə düşməyən cəhətlərə görə Pənah bəyi ittiham etmək niyyətində deyiləm. Onun dediklərində sağlam məntiqə uyğun məqamlar da var, amma məntiqsiz məqamlar da mövcuddur. Hesab edirəm ki, Pənah bəy bir az da populizmə yuvarlanmaqdadır. Əslində onu da başa düşürəm.
[b]- Pənah Hüseyn deyir ki, Müsavatın 2008, 2009-da tutduğu siyasi kurs yanlışdır, əgər 2010-da da siyasət davam edərsə, uğursuzluğa düçar olacaq. Bu fikirləri bölüşürsünüzmü?[/b]
- Pənah Hüseyn səhv edib deyir ki, Müsavat Partiyası təklənmək siyasəti aparır. Bu, çox yanlış təsəvvürdür. Müsavat Partiyası səmimi, sağlam mövqedə olan müxalifət qüvvələrinin bir yerdə olmasının tərəfdarıdır. Hansısa taktiki gedişlərdə Müsavat Partiyasının razılaşmadığı məqamlar var və mən hesab edirəm ki, bu məqamlarda Müsavat haqlıdır.
Onu da qeyd edim ki, Müsavat Partiyasının siyasəti bir nəfər tərəfindən formalaşdırılmır. Bu siyasət partiyanın rəhbərliyi tərəfindən formalaşdırılır və geniş, hərtərəfli müzakirələrdən sonra hansısa qərarlar verilir. Ona görə də kimsə deyirsə ki, Müsavatın qərarları guya kiminsə subyektiv mövqeyindən irəli gəlir, bu, yanlış təsəvvürdür. Müsavat Partiyasının rəhbərliyi məsələləri diqqətlə təhlil edir və qərarlar verir. Bu qərarlarda nə dərəcədə haqlı olduğunu isə yaxın zamanlarda görəcəyik.
[b]- Mətbuatda o fikirlər də səslənir ki, Pənah Hüseynin bu açıqlamaları hakimiyyətə xoş getmək üçündür. Yəni o, bununla mandatını qorumağa çalışır. Sizcə, bu cür fikirlərin həqiqət yükü varmı? [/b]
- Bu barədə səslənən fikirləri nə təkzib, nə də təsdiq etmək üçün əlimdə kifayət qədər informasiya yoxdur. Ona görə də onların həqiqət olub-olmadığı barədə bir söz deyə bilmərəm. Amma fakt budur ki, Pənah Hüseynin Milli Məclisdə qaldırdığı çox ciddi məsələləri hər kəs qaldıra bilmir. İstər cəsarət baxımından, istər faktiki və məntiq baxımından başqa kimsə bunu etməyib. Yəni bu, ortada olan bir faktdır. Bunun əksini söyləyənlər ortaya çox ciddi faktlar və arqumentlər qoymalıdırlar.
[b]- Qəzetimizə ötən müsahibənizdə Müsavat başqanlığına iddianızı ortaya qoydunuz və bildirdiniz ki, başqan olmaq üçün kifayət qədər də potensialınız var. Amma müəyyən müddət keçsə də, bu istiqamətdə fəaliyyətiniz görünmür, nədənsə partiya fəaliyyətində də passivsiniz... [/b]
- Zaur bəy, öncə təşəkkür edirəm ki, müsahibəmə diqqətlə yanaşmısınız. Amma bir məsələni də xatırlatmaq istəmirəm ki, elə həmin müsahibədə də demişdim ki, hazırda bu məsələlərin zamanı deyil. Qarşımızda bir nömrəli məsələ parlament seçkiləridir. Mənim də siz dediyiniz istiqamətdə fəaliyyətimin görünməməyinin sadə bir səbəbi var, o da qarşıdan gələn parlament seçkiləridir. Çünki mən bu seçkiləri daha önəmli hesab edirəm. Biz indi qurultaya hazırlıqdan və Müsavat başqanlığı uğrunda mübarizədən daha çox diqqətimizi parlament seçkilərinin demokratik keçirilməsinə yönəltməliyik. Yəni qeyd etdiyiniz o fəaliyyətsizliyin sadə səbəbi bununla bağlıdır.
[b]- Sonra gec olmayacaq ki? [/b]
- Hansı gecikmədən söhbət gedə bilər ki? Bunun ən son nöqtəsi odur ki, burada kimsə uduzacaq, kimsə udacaq, kimsə başqan olacaq, kimsə olmayacaq. Bu da partiyanın udub, ya uduzması mənasına gəlmir. Hesab edirəm ki, parlament seçkiləri ərəfəsində göstərilən fəaliyyət əslində başqanlığa namizədin ən yaxşı təbliğatı ola bilər.
[b]- Mətbuatın yazdığına görə, Divanın iclasında qurultaya hazırlıqla bağlı müzakirələrdə Təşkilat Komitəsi sədrinin kim olması ilə bağlı fikir ayrılığı olub. Belə ki, Sülhəddin Əkbərin sədr olması təklif edilib. O fikir də səslənir ki, narazı olanlardan biri Arif Hacılıdır. Başqanlığa iddialılardan - Arif Hacılı ilə Sizin aranızda soyuq müharibənin olduğu da bildirilir... [/b]
- Belə bir şey qətiyyən yoxdur. Bu barədə "Bizim Yol" qəzeti soruşmuşdu. Bilmirəm, o informasiya qəzetə hardan çatıb, ancaq deyə bilərəm ki, o informasiyaların heç bir əsası yoxdur. Müsavat Partiyasının Divanında qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması prinsipləri müzakirə olunub, bu da təbiidir. Çünki qurultay ciddi bir tədbirdir, buna hazırlıq getməlidir. Amma burada hansısa fikir ayrılığının, mübarizənin olması barədə deyilənlərin həqiqətə heç bir uyğunluğu yoxdur. Qurultaya təşkilat komitəsinin sədri olmalıdır. Adətən partiyanın ikinci şəxsi heç bir mübahisə doğurmadan qurultayın təşkilat komitəsinin sədri olub. Amma bu qurultayda vəziyyət bir qədər fərqlidir. Ötən qurultaylarda hamı bilirdi ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyanın başqanlığa namizədliyi olacaq. Ona görə də təbii ki, partiya başqanının Təşkilat Komitəsinin sədri olmağı haqqında fikir irəli sürmürdü. Ancaq hamı bilir ki, bu qurultayda İsa bəy başqanlığa namizəd olmayacaq. Ona görə də o fikirlr səslənir ki, Təşkilat Komitəsinin sədri İsa Qəmbər olsun. Onu da deyim ki, nə Divanda, nə Məclisdə alternativ fikir, hansısa narazılıq yoxdur. Əgər İsa bəyin belə bir fikri olacaqsa, inanmıram ki, kimsə buna qarşı çıxsın. Yəni burada hansısa gərginlik, intriqa məqamları axtarmağın mənası yoxdur.
[b]Zaur ƏHMƏD[/b]