"Dostluq parkı"nda torpaq satan şəxslərə prokuror iş istədi: 31 il 6 ay...

img

11-08-2016 [14:14]


Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq parkı” ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəyib. Prokuror Fərid Nağıyev çıxışında təqsirləndirilənlərin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirli bilindiklərinin sübuta yetirildiyini deyib.

O, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, istintaqa təqdim edilən materiallarla təqsirləndirilən şəxslərin günahlarının sübuta yetirildiyini bildirib.

Prokuror təqsirləndirilənlərdən Etibar Məmmədovun 11 il, Famil Quliyev 10 il, hazırda ev dustaqlığına buraxılan Tərlan Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilənlərdən Famil Quliyevin vəkili müdafiə çıxışında bildirib ki, müvvəkili barəsində irəli sürülən ittihamları sübut edən mötəbər sübutlar yoxdur. O, müvvəkilinin yalnız irəli sürülən 320-ci maddə ilə qismən təqsirli hesab edilə biləcəyini, lakin bu maddə ilə nəzərdə tutulan 2 illik cəzanı artıq çəkdiyini söyləyib. Və F.Quliyevin azadlığa buraxılmasını tələb edib.

Digər təqsirləndirilənlərin vəkili müdafiə çıxışı üçün vaxt istəyiblər.

Proses avqustun 22-nə təxirə salınıb.

Xatırladaq ki, təqsirləndirilənlərdən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi olmuş Famil Quliyev məhkəmədə verdiyi ifadəsində özünü günahkar bilmədiyini və həbsinin səbəbinin ona aydın olmadığını bildirib.

O, qeyd edir ki, yeganə günahı Səbail rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin göstərişinə əməl etməsi olub:"Saxta möhürdən, ştampdan xəbərim yoxdur. Mənə Yavər müəllim zəng edib yaxın adamlardan bir neçəsinin şəxsiyyət vəsiqəsinin surətini ona çatdırmağımı istədi. Mən də işimi itirməmək üçün deyiləni etdim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilmirəm. Bu işdə heç kimlə əlbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub. Bilmirəm ki, məni niyə həbs ediblər”.

Xatırladaq ki, "Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Şəxsən H.Abutalıbovun rəhbərliyi ilə başlayan söküntü işlərindən sonra həmin torpaq sahələrinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılıb.

İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Tərlan Hüseynovu istintaqa cəlb ediblər. 2015-ci ilin iyun ayından T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılıb. Daha sonra o, ev dustaqlığına buraxılıb.

Əmlak alqı-satqısı ilə məşğul olmuş Tərlan Hüseynov rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir.

T.Hüseynovdan sonra isə 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

F.Quliyev Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2-ci maddələri, Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 313, 320, 29, 178, 178.3.2-ci maddələri ilə təqsirli bilinirlər.

Xatırladaq ki, "Dostluq parkı”ndkı villaların söküntüsü zamanı yadda qalan ən əsas məqamlardan biri Hacıbala Abutalıbovun həmin dəbdəbəli mülkləri musiqi sədaları altında yerlə-yeksan etdirməsi idi. Villaları sökdürən H.Abutalıbov həmin ərazidə sonradan bir neçə dəfə iməcilik keçirib, şam ağacları əkdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA