«Hökumət, parlament təcili buraxılmalıdır, Prezident Administrasiyasında isə …»

img

28-06-2016 [15:53]



«Ölkədə xüsusi bir qrup var ki, insanların kütləvi şəkildə narazılığına səbəb olurlar. Onların böyük əksəriyyəti hökumətin iqtisadi blokunda bir araya gəliblər».

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, həmin məmur qrupu ölkədə sabitliyi pozmaq üçün müəyyən cəhdlər edirlər: «Özlərini elə aparırlar ki, guya heç bir şey bilmirlər . Halbuki ölkədə ortaya çıxan bütün mənfi tendensiyaları özləri düşünülmüş şəkildə həyata keçirirlər. Diqqət etdinizsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən irəliləyişlər olanda Qərbə hücuma keçirlər. Ölkədə nisbi sabitlik yaranan kimi dolların kursunu ciddi şəkildə qaldırmağa başlayırlar. Dolların məzənnəsi yüksəldikcə, daxili bazarda qiymətlər artır və xalq arasında narazılıq böyüyür. İqtisadi sahəyə baxan nazirlər, bank rəhbərləri son günlərə qədər devalvasiyadan, qiymət artımından danışarkən qəti şəkildə bunun baş verməyəcəyini bildirirdilər. Amma göründüyü kimi, dollar yenidən yüksəlməyə başladı və ciddi problemlərin təməli qoyuldu».

hafiz-yeni1.jpg (960×640)

MMP sədri onu da vurğulayıb ki, bu məmur qruplaşması yerli məhsulların da qiymətini süni şəkildə qaldırıblar. Onun sözlərinə görə, monopolist məmurlar daxili istehsalın inkişafına imkan vermirlər: «Hesab edirəm ki, hakimiyyətdəki bəzi məmurlar cənab prezidentə qarşı təxribat törədirlər, devalvasiya, süni qiymət artımı da bu təxribatın tərkib hissəsidir. Bizdə məlumatlar var ki, sentyabrda ölkədə kütləvi qarışıqlıq salmağı planlaşdırırlar. Onların bir hissəsi xaricdən idarə olunur. Bir hissəsi də daxildəki havadarların hesabına güclənirlər. Bu adamlar çalışırlar ki, İlham Əliyevin başı qarışsın, start verdiyi islahatlara ara versin. Onlar çalışırlar ki, birinci devalvasiyada olduğu kimi rayonları ayağa qaldırsınlar ki, öz bildiklərini eləsinlər. Çünki qarışıqlıq olanda məmurların çikrin əməlləri yadan çıxır. Belə olanda kənd təsərrüfatı naziri Heydər Əsədov çalışacaq ki, kürəkəni niyyətini həyata keçirsin. Bu saat o, Əli Kərimlinin oğluna Londonda milyonlar buraxır. Amma nə edək ki, bir ailədən olan iki nazir dövlət başçısına xəyanət edir. Onlar tək deyillər, bağlı olduqları başqa qruplar da var. Məndə ciddi informasiya var ki, Heydər Əsədovun kürəkəni Azərbaycanda qarışıqlıq salmaqdan ötəri Böyük Britaniyada, Amerikada müəyyən danışıqlar aparır. Heydər Əsədovla Ziya Məmmədov bir məclisdə deyirlərmiş ki, prezident bizi yola salmaq istəyir, amma çalışacağıq ki, biz onu yola salaq. Əgər dövləti qoruyub saxlamalı olanların qulaqları kardırsa, səsgücləndirici taxsınlar, dediklərimizi eşitsinlər. Biz qəti şəkildə deyirik ki, sentyabr-oktyabr aylarında dövlət çevrilişinə zəmin yaratmağa çalışacaqlar».

H.Hacıyev onu da nəzərə çatdırıb ki, hazırda bölgələrdə görüşlər keçirir, əhalinin problemləri ilə maraqlanır. «Sizin inandırıram ki, hazırda bölgələrdə vəziyyət olduqca acınacaqlıdır. Hamı hökumətin buraxılmasını tələb edir. Xalq prezidentini sevir, amma bu cür vəziyyətdə də yaşamaq istəmir. Yaxın günlərdə vəziyyətin daha da kritikləşəcəyi gözlənilir. Dollar iki manat olandan sonra nə edəcəklər? Hesab edirəm ki, prezident ətrafındakı xəyanətkarları təcili uzaqlaşdırmalıdır. Hökumət, parlament təcili buraxılmalıdır, Prezident Administrasiyasında isə təmizlənmə getməlidir. Əgər bu addım atılsa, Prezident özünü qoruyub saxlayacaq, ək təqdirdə vəziyyət pis olacaq», - deyə partiya sədri fikrini tamamlayıb.

Mia.az





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA