?Gündəlik Bakı? qəzeti ağ çap olundu; kollektivin digər aksiyalara da əl atacağı gözlənilir

img

02-04-2010 [01:19]


?Gündəlik Bakı? qəzeti çap olunduğu 3 il müddətində dövlətin və dövlətçiliyin müdafiəsi ilə yanaşı, jurnalistika prinsiplərinin qorunması, azad sözün müdafiəsi üçün çalışıb. Qəzet olaraq müxtəlif problemlərin həll edilməsində yaxından iştirak etməklə yanaşı, mətbuatın inkişafı naminə layihələr həyata keçirmişik?. Bu sözlər ?Gündəlik Bakı? qəzetinin kollektivinin imzaladığı etiraz bəyanatında yazılıb. Bəyanatda qeyd edilir ki, həmişə, ?KİV haqqında? Qanunun bütün tələblərini qorumağa, oxucuların etimadını qazanmağa çalışıblar: ?Biz bunu bacarmışıq. Təbii ki, bu zaman müxtəlif formalı təzyiqlərlə, məhkəmə çəkişmələri ilə üzləşmişik. Hətta narkomaniya ilə bağlı yazılara görə, ölümlə belə hədələnmişik. Amma yolumuzdan dönməyərək cəmiyyətimizə sədaqətlə xidmət etmişik. Qarşılaşdığımız bütün çətinliklər və problemlər nə qədər dözülməz olsa da, bizim üçün başadüşüləndir. Ancaq növbəti təzyiqin mətbuatın müdafiəçisi missiyasını üzərinə götürmüş, jurnalistikanın inkişafını yüksəltmək üçün məhz jurnalistlərin dəstəyi ilə yaradılmış Mətbuat Şurasının sədri Əflatun Amaşovdan gəlməsi və hələ də davam etməsi başadüşülən deyil. Bir neçə aydır Mətbuat Şurası tərəfindən qəzetimizə qarşı davam edən anlaşılmaz siyasət müxtəlif mətbuat orqanlarında, elektron KİV-lərdə, hətta televiziyada geniş müzakirə olunduğu üçün, bu məsələnin üzərində çox dayanmağa ehtiyac görmürük. Biz bir qəzet kollektivi olaraq, bu problemin hüquqi müstəvidə həllinə tərəfdar olduğumuz, qanunun aliliyinə inandığımız üçün problemin ədalət məhkəməsində həllini doğru yol hesab etdik. Çox təəssüf ki, hazırda 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qəzetimizin Mətbuat Şurasına qarşı qaldırdığı haqlı iddiasını qarşı tərəfin təzyiqləri səbəbindən təmin etməkdə tərəddüd edir. Bu hal sonuncu məhkəmə prosesində daha qabarıq şəkildə özünü göstərdi. Hətta qaldırdığımız vəsatətlərdən heç biri təmin olunmadı. Ən biabırçı hal odur ki, təzyiqlər təkcə məhkəməyə deyil, hətta qəzetlərin yayımı ilə məşğul olan firmalara da yönəldilib. Bu səbəbdən də artıq ?Qasid? ASC qəzetimizin yayımından imtina edib və bizimlə bağladığı müqaviləni birtərəfli qaydada kobud şəkildə pozub. Yayım firmasının rəhbəri, millət vəkili Mirkazım Kazımovun verdiyi qərardan aşkar görünür ki, o, bu qərarı təzyiq altında qəbul edib. Yayım firmasının bizə qarşı olan bu qanunsuz hərəkətindən məhkəmədə vəsatət qaldırsaq da, hakim Tahirə Əsədova bu haqlı tələbimizi də təmin etmədi. Bütün bunlar onu göstərir ki, Əflatun Amaşovun himayədarları məhkəməyə, onun sədri Müseyib Hüseynova da açıq təzyiq yolunu tutublar. Biz, ?Gündəlik Bakı? qəzetinin kollektivi olaraq, bu biabırçılığa, qanunların tapdalanmasına, özbaşınalığa, Əflatun Amaşovun bizə qarşı həyata keçirdiyi ardıcıl təzyiqlərə və məhkəməyə etiraz əlaməti olaraq, azad sözün simvolu sayılan qələmdən bir günlük imtina etmişik. Ona görə də bu günkü sayımız ağ çıxıb. Bu, azad sözü, mətbuatı müdafiə etmək üçün seçdiyimiz ilk simvolik etiraz aksiyasıdır. Əgər 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin hakimi Tahirə Əsədova ədalətli qərar qəbul etməsə, ?Qasid? ASC-nin rəhbəri, millət vəkili Mirkazım Kazımov öz qanunsuz qərarını ləğv etməsə, Əflatun Amaşov Azərbaycan mətbuatında gərginlik yaratmaqda davam edərsə, növbəti aksiyalarımız daha ciddi və genişmiqayaslı olacaq. Bunun məsuliyyətini yuxarıda adları çəkilən məsul şəxslər daşıyacaqlar?. Redaksiya kollektivi sonda qeyd edib ki, bütün ölkə vətəndaşlarının qarantı olan prezident İlham Əliyevin bu məsələyə münasibət bildirəcəyinə əmindirlər və bu aksiyaya görə oxuculardan üzr istəyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR