Qüdrət Həsənquliyev Elmira Axundovanı radikal müxalifətə izləməkdə və böhtan atmaqda ittiham etdi

img

03-02-2010 [03:48]


Milli Məclisin son iclasında deputatlar Qüdrət Həsənquliyevlə Elmira Axundova arasında gərginlik yaşandı. Xatırladaq ki, Q.Həsənquliyev Prezident yanında Əfv Komissiyasının üzvü olan həmkarını qardaşı Nadir Həsənquliyevin qatilini azadlığa buraxdırmaq istiqamətində çalışmaqda günahlandırmışdı. E.Axundovanın onun fikirlərinə cavab verməsi isə vəziyyəti daha da gərginləşdirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən BAXCP sədri, millət vəkili Q.Həsənquliyev E.Axundovanın ona qarşı hucüma keçməsini qruplaşmanın sifarişi kimi dəyərləndirib: ?Elmira Axundovanın mənə qarşı aqressiv çıxışı təsadüfi deyil. Bu adam bir ana kimi, Əfv Komissiyasının ədalətli üzvü kimi, məsələyə yanaşmaq istəyirdisə, əvvəlcədən mənə yaxınlaşıb deyərdi ki, mənə belə bir müraciət olub. O, həm də zərərçəkənin fikrini öyrənməliydi, təkcə qatilin yox. Niyə məndən soruşmur? Niyə prokurorluğa müraciət edib soruşmur ki, bu adama niyə ömürlük cəza verilib? Yoxsa qatilin bacısının müraciəti əsasında belə addım atmaq olmaz. Hamı bilir ki, həmin qatilə vaxtiylə söz veriblər ki, səni çıxarcağıq, qorxma, get vur. Görəndə ki, mərhum prezident Heydər Əliyevin prinsipial mövqeyi və baş prokurorun bu məsələni ciddi nəzarətə götürməsi nəticəsində ömürlük cəza aldı, indi o qatilin cəzasını əfv yolu ilə azaltmaq istəyirlər. Çünki həmin qatil tələb edir ki, əgər məni türmədən çıxarmasanız, hər şeyi açıb danışacağam. Gördü ki, çıxarmadılar, mənə məktubla müraciət etdi ki, qardaşınızın ruhu qarşısında baş əyirəm, məni bu işə təhrik elədilər. Ondan sonra onu sakitləşdirmək üçün Elmira Axundovanı işə saldılar. O da bu fəaliyyətə başladı. Bu adam indi mənim ünvanıma tənqidi fikirlər səsləndirir. Hətta ?Yeni Müsavat?ın saytına göndərdiyi açıqlamada demişdi ki, Qüdrət Həsənquliyev müxalifəti gözdən salır, daha doğrusu, diskreditasiya edir. Sonradan fikirləşib ki, səhv edib. Axı bu iqtidar təəssübkeşidir. Əslində mənim müxalifəti diskreditasiya etməyim onun maraqlarına uyğun olmalıdır? İnformasiyaya baxandan sonra zəng edib saytdan çıxartdırıb. Amma ?Azadlıq? qəzeti yazını olduğu kimi dərc eləyib. Yaxşı, əgər sən ?Yeni Müsavat? qəzetinin İnternet səhifəsində yazını dəyişdirmək gücündəsənsə, artıq bu sənin radikal müxalifət adlandırılan qüvvələrlə işbirliyin deyilmi? İstənilən adam ?Azadlıq? qəzetində dərc olunan materialın mətninə baxsın, ?Yeni Müsavat?dakına da nəzər yetirsin. Mən ?Yeni Müsavat?a açıqlamamda demişdim ki, Elmira xanım jurnalist, Milli Məclisin üzvü ola-ola necə ola bilər ki, mətbuatı izləməsin. Mən axı muzdlu qatilin türmədən mənə yazdığı məktubları çap elətdirmişəm. O, məktubda qeyd edir ki, bu cinayəti mənə sifariş verən Müslüm İmanovun oğlu Kamal İmanovla onun kürəkəni Sabir Sabirovdur. Elmira Axundova o hissənin də qəzetdə və internetdə dərcinə imkan verməyib. İndi görün, kimdir ikiüzlü? Guya o, səmimi iqtidar tərəfdarı kimi çıxış edir, parlamentdə Analar günü ilə bağlı təklif verdi. Orda prezidentə və onun ailəsinə rəğbətlə yanaşan insanlar var idi. Onlardan biri bunu müdafiə eləmədi. Hamı bilirdi ki, onun dediyi sözlər saxta və boğazdan yuxarı deyilmiş fikirlərdir. Sadəcə, özünü sığortalamaq məqsədiylə deyir. Ona görə ki, ifşa olunub. Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətindən ona görə uzaqlaşdırdılar. İndi bilinir ki, hansı qruplaşmanın üzvüdür. O da məlumdur ki, hansı missiyanı yerinə yetirir. Başqalarının haqqında sifarişlə yazılar yazır, böhtanlar atır. Bu dəfə də onu mənim üstümə salıblar. Onun kimliyini hamı bilir. Özü də bilir ki, xalq arasında belələrinə nə deyirlər?. Q.Həsənquliyev onu da vurğulayıb ki, bu kimi yollarla onu öz mövqeyindən çəkindirə bilməyəcəklər. Deputatın sözlərinə görə, ona qarşı kampaniya aparmaq istəyənləri ifşa edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA