ADP müxalifətin koalisiya imkanlarının müzakirəsinə bazladı

img

01-02-2010 [05:04]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və təşkilati məsələlər əsas müzakirə obyekti olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk növbədə olkə başçısının Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti ilə baş tutan növbəti görüşünə diqqət çəkən İdarə Heyəti üzvləri bu görüşün nəticələrinin ictimai rəyə necə təqdim olunmasından asılı olmayaraq Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində heç bir ciddi irəliləyiş əldə edilməməsini bildirib və beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistana böyük siyasi güclərin təzyiqi olmadan bu tip görüşlərin səmərəsiz və effektsiz olacağı qeyd olunub. Görüşün problemin nizamlanmasında bir daha protokol xarakteri daşıdığına fikir yönəldən İdarə Heyəti üzvləri artıq nə ATƏT-in Minsk qrupu çərçivəsində, nə də Rusiyanın öz üzərinə götürmək istədiyi aldadıcı tək vasitəçilik missiyası daxilində məsələnin dinc yolla həllinin mümkün olmadığını bildirib və iqtidarı qüdrətli ordu quruculuğuna önəm verməklə daha effektli beynəlxalq tədbirlər görmək üçün ciddi səylər göstərməyə çağırıb. Qlobal iqtisadi problemlərin illik müzakirə məkanına çevrilən Davosda İ.Əliyevin Türkiyə ilə qaz anlaşmasında problemlərin olması və bundan dolayı Azərbaycan qazının daha sərfəli qiymətlər daxilində Rusiyaya satılması barədə səsləndirdiyi bəyanatın Türkiyənin DQ məsələsində beynəlxalq təsirinin artdığı bir vaxtda heç də Azərbaycanın strateji maraqları ilə üst-üstə düşmədiyini bildirən toplantı iştirakçıları yalnız iqtisadi çıxarlara hesablanan bu cür sövdələşmələrin - Rusiya vasitəsi ilə Avropaya enerji təsirinin güclənməsinə və nəticədə adı çəkilən dövlətin yenidən Cənubi Qafqazda hegemonluğunun artmasına gətirib çıxaracağından narahat olduqlarını diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların yalnız qondarma genosid və Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməmək şərtləri daxilində ratifikasiya edilməsinin mümkünlüyü barədə Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərarın ABŞ xarici siyasət idarəsi tərəfindən müdafiə olunmasını həmin ölkənin Türkiyəyə təzyiq göstərməsi kimi qiymətləndirib və iqtidarı, Dağlıq Qarabağ probleminin həllinin razılaşmanın tərkib hissəsi omasında israr edən Türkiyə ilə həmrəy siyasət yürütməyə çağırıb. Son günlər Daşkəsəndə yerləşən hərbi hissədə baş verən qanlı olaylara və Şərurda törədilən qətl hadisəsinə diqqət çəkən İdarə Heyəti üzvləri bu faciəli hadisələrin heç də təsadüfü anlaşmazlıqlardan deyil, dərin kökləri olan ictimai-siyasi motivlərdən qaynaqlandığını qeyd edib. Bu neqativ faktların orduda və cəmiyətin digər sferalarında həddi bilinməyən özbaşınalıq, qanun pozuntuları, orduda yuxarıdan aşağıya qədər korrupsiyanın yayılması, dini icmaların dövlətin əlbuyruğuna çevrilməsi və onların dini inanclara söykənəcək yeri olmaqdan daha çox dövlətin siyasi funksiyasını yerinə yetirən idarələrə döndərilməsi və ictimai ədalətsizliyin total xarakter alması faktından irəli gəldiyini bildirən İdarə Heyəti üzvləri dövlət rəhbərlərini bu olaylardan nəticə çıxarmağa, hər iki hadisəni doğuran səbəbləri aradan qaldırmaq üçün təsirli tədbirlər görməyə şağırıb. Eyni zamanda İdarə Heyətində orduda baş verən sonuncu qanlı hadisədən sonra müdafiə nazirinin və ordunun müvafiq rəhbərliyinin istefaya getməsinin zəruri olduğu da bildirilib. Azərbaycan Demokratik Cumhürriyyətinin banisi M.Ə.Rəsulzadənin 126 illik yubileyi ilə əlaqədar məsələyə diqqət çəkən İH üzvləri dövlətçilik ənənələrinin yaşadılması və təbliği baxımından bu cür böyük şəxsiyyətə dövlət tərəfindən lazımi diqqət göstərilməməsini səhv hesab edib, Bakı Dövlət Universitetinə onun adının qaytarılması və Bakının mərkəzində ona abidə qoyulmasının vacibliyini bir daha diqqətə çatdırıb. İclasda həmçinin təşkilati məsələlər diqqət mərkəzində olub və bu ilin sonunda keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlıq, habelə müxalifətin mümkün koalisiyasının qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA