31-01-2010 [05:52]
Asim Mollazadə: "Məhz bu səbəbdən də fərqli ideoloji müstəvidə, fərqli platformada olan, ancaq birlik naminə birliklərin yaradılmasının əleyhinəyik"
Qarşıdan gələn parlament seçkilərinin hansı şəraitdə keçəcəyi ilə bağlı siyasi arenada müxtəlif mövqelər var. Hakimiyyət nümayəndələri seçkinin tam demokratik şəraitdə keçəcəyini bəyan etsələr də, müxalif düşərgə hakimiyyətin yenə də saxtakarlığa əl atacağını bildirir. Amma müxalifətin parlament təmsilçilərindən olan Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə problemin olmayacağını düşünür. A.Mollazadə öncə rəhbəri olduğu partiyanın seçki hazırlığından danışdı:
- Hazırda partiyamızda qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesi gedir. Əslində hər bir siyasi partiya üçün seçki imkandır ki, öz təbliğatını aparsın, seçicilərlə görüşlər keçirsin. Bizim əsas işlərimiz partiyanın bölgələrdə seçki qərargahlarını yaratmaq, seçki kampaniyasında iştirak edən, prosesi müşahidə edən nümayəndələrimizə treninqlər keçirməkdən ibarətdir. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Bu işləri biz bələdiyyə seçkilərindən öncə də həyata keçirmişdik, amma parlament seçkilərinin xüsusi önəmi daha fəal və daha çox iş görməyi tələb edir. Ona görə də müvafiq olaraq iş planımıza uyğun təqvim də formalaşdırmışıq. Eyni zamanda partiya hər bir bölgədən namizəd seçimi ilə bağlı işlərə başlayacaq. İndi partiya daxilində bu istiqamətdə müvafiq müzakirələr aparılır. Ümidvaram ki, biz budəfəki parlament seçkilərində çox fəal iştirak edəcəyik.
[b]- Bəs, seçkidə neçə namizədlə iştirak edəcəksiniz? [/b]
- Hələlik konkrekt bir söz demək olmaz. Amma onu deyə bilərəm ki, bunun üzərində iş gedir. Yəqin ki, müəyyən vaxt keçəndən sonra bu məsələlər həll olunacaq və müvafiq qərarlar veriləcək.
[b]- Asim bəy, bu seçkilərdə hansısa siyasi qüvvələrlə əməkdaşlıq etmək məsələsi gündəminizdə varmı?[/b]
- Düzü, hazırda gündəmdə belə bir məsələ yoxdur. Biz düşünürük ki, bu seçkilər ərəfəsində bizə yaxın platformada, mövqedə olan həm siyasi təşkilatlarla, həm də cəmiyyətin nüfuzlu şəxsləri ilə müvafiq görüşlər keçirək. Amma hansısa mövcud olan siyasi bloklarla bizim çox fərqli platformamız olduğuna görə, hansısa siyasi blokun nəzdindən seçkilərə getməyi planlaşdırmırıq. Eləcə də hansısa qüvvələrlə əməkdaşlıq etməyimiz də istisna deyil.
[b]- Konkret olaraq kimlərlə seçkiyə birgə gedə bilərsiniz? [/b]
- İlk növbədə bizim müdafiə elədiyimiz dəyərlərə uyğun şəxslər, təşkilatlarla bir yerdə mübarizə apara bilərik. Biz siyasi partiya kimi Azərbaycanda liberal iqtisadiyyatı dəstəkləyirik, çox istəyirik ki, bu istiqamətdə mümkün olan bütün addımlar atılsın. İstəyirik ki, iş adamlarının səsini parlamentə çatdıra bilən adamlar seçilsin. Ümumiyyətlə, peşəkar olan insanların, Azərbaycanın ümumi dəyərləri istiqamətində, ölkəmizin Avropa dəyərlərinə inteqrasiyasında fəal iştirak etmək istəyən həm siyasi qüvvələr, həm də ictimai xadimlərlə əməkdaşlıq edə bilərik. Burada mühüm amil ondan ibarətdir ki, əməkdaşlıq elədiyimiz qüvvələrin və şəxslərin siyasi mədəniyyətinə çox diqqət yetiririk.
[b]- Sözünüzdən belə çıxır ki, ənənəvi müxalifət qüvvələri ilə hər hansı əməkdaşlığınız olmayacaq? [/b]
- Xeyr. Bizim ənənəvi müxalifət partiyaları ilə hər hansı formada əməkdaşlığımız, müttəfiqliyimiz nəzərdə tutulmayıb. Hesab edirəm ki, həmin qüvvələrlə hər hansı formatda bir arada olmayacağıq.
[b]- Bunun özəl bir səbəbi varmı? [/b]
- Elə bir səbəbi yoxdur. Sadəcə olaraq, biz istəyirik ki, Azərbaycanda ümumi siyasi mühitdə də yenilənmə, siyasi mədəniyyətdə inkişaf olsun. Bu mühitin yaranması ölkədə demokratiyanın inkişafına səbəb olacaq. Biz heç kəsə qarşı deyilik. Biz hər bir azərbaycanlını özümüzə qardaş hesab edirik. Amma bir siyasi təşkilat kimi istəyirik ki, Azərbaycanın siyasi mühiti bir qədər fərqli formalaşsın və bütün münasibətlər mədəni siyasi müstəvidə olsun.
[b]- 2010 seçkilərindən gözləntiləriniz nədən ibarətdir? Müxalifət partiyaları bələdiyyə seçkilərinin saxtalaşdırıldığını və qarşıdan gələn növbəti parlament seçkilərinin də saxtakarlıqla keçəcəyini bildirirlər. Bu barədə nə düşünürsünüz? [/b]
- Hesab edirik ki, istənilən şəraitdə seçkilərdə iştirak etmək lazımdır. Bununla yanaşı, şəraitdən asılı olmayaraq, qələbəyə köklənmək lazımdır, nəinki əvvəlcədən məğlubiyyətə. Biz pozitiv düşüncənin tərəfdarıyıq və vəziyyətin necəliyindən asılı olmayaraq, düşünürük ki, qələbəyə köklənmək lazımdır. Əvvəlcədən "seçki saxtalaşdırılacaq, hamını məğlubiyyət gözləyir" əhval-ruhiyyəsində seçkiyə qatılmaq düzgün deyil.
[b]- Asim bəy, müxalif düşərgədə hazırda seçkiyə birgə getmək istiqamətində müzakirələr aparılır. Necə düşünürsünüz, ölkədə ciddi ictimai-siyasi dəyişiklik əldə etmək üçün müxalifətin birliyi vacibdirmi? [/b]
- İndiyə qədər Azərbaycanda yaranmış birliklər sonradan qalmaqallarla bitib. Məhz bu səbəbdən də fərqli ideoloji müstəvidə, fərqli platformada olan, ancaq birlik naminə birliklərin yaradılmasının əleyhinəyik.
[b]- Bu günə kimi yaranan ittifaqlar birlik naminə birliklər olub? [/b]
- Nəticələri özünüz də görürsünüz. Çox təəssüflə qeyd etməliyəm ki, hərdən bizim siyasi arenada olan insanların bir-biri ilə münaqişələri təbii ki, Azərbaycanda siyasət və siyasətçilərin nüfuzunu aşağı salır. Bu mənada məncə, sonradan qalmaqallar, münaqişələr yaratmaqdansa, bu cür birliklərin olmaması daha məqsədəuyğundur. Bilirsiniz, biz heç kimə qarşı nəsə danışmaq, heç kimdən də özümüzə qarşı mənfi fikir eşitmək istəmirik. Çalışırıq ki, qalmaqallardan kənarda dayanaq.
[b]- Son günlər Müsavat başqanı İsa Qəmbərin müxalifətdə hakimiyyətə, İrana və Rusiyaya işləyənlərin olduğunu deməsi müzakirə edilir. Sizin bu barədə fikrinizi öyrənmək istərdik... [/b]
- Mən, kiminsə fikirlərini şərh etməkdən uzağam. İstəmirəm ki, bu məsələləri şərh edim. Eyni zamanda belə qalmaqallı mövzuların iştirakçısına çevrilmək də istəmirəm.
[b]- Ümumiyyətlə, soruşuram...
[/b]
- Məndə belə bir məlumat olmadığına görə, kimisə nə ittiham, nə də müdafiə edə bilərəm. Düşünürəm ki, bu fikir özü-özlüyündə kimisə ağır cinayətdə ittiham etməkdir. Bu ittihamları araşdırmaq lazımdır ki, görək, belə şeylər varmı. Əgər varsa, deməli, Azərbaycana qarşı yönəlmiş mənfi addımdır.